11 aprel “Prezident marafonu”: 7 + ? = ? – Yenicag.Az

Reklam

Reklam

Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində adları bülletenə düşəcək iddialılar böyük mənada müəyyənləşib.

Yenicag.az xəbər verir ki, dünən aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürənlərin qeydə alınmaq üçün topladıqları seçici imzalarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəkləri müddətin yekunlaşması ilə daha bir mərhələ arxada qaldı.

Bu günə olan vəziyyətə əsasən, ölkənin ali seçki qurumu prezidentliyə namizədliyini irəli sürmüş iddialılardan 7-ni rəsmən qeydə alıb.

Bunlar fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev, parlamentin deputatları Zahid Oruc, Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyası), Araz Əlizadə (Sosial-Demokrat Partiyası), Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) və Razi Nurullayevdir (“Cəbhəçilərin təşəbbüs qrupu”).

Bununla belə, seçkilərin təyin olunmasından sonra arxayın bəyanatlarla meydana çıxan prezidentliyə iddialıların heç də hamısı “finiş xətti”nə yetişmək iqtidarında olmadıqlarını göstərdilər.

Namizədliklərini bəyan etmiş siyasətçilərdən Elşən Manafov (Sosialist Partiyası), müstəqil “oyunçu”lardan isə Asif Məmmədov, Anar Umudov və Ramazan Bəkirov 45 min seçici imzası “baraj”ında ilişərək, prezidentlik xəyallarını vaxtından tez dəfn etməli oldular.

“11 aprel – növbədənkənar prezident seçkiləri” həm də azsaylı müxalif namizədlərin “dəstək jestləri” ilə əlamətdar oldu. Kampaniyaya şövqlə qatılan və imzatoplamanın “uğurla davam etdiyini” az qala saatbasaat açıqlayan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev (2008-ci il prezident seçkilərində namizəd olub) də yarıyolda dayanmağa qərar verdi.

Ancaq digərlərindən fərqli olaraq, ALDP sədri mübarizədən çəkilməsinin səbəbi kimi imza toplamağın çətinliyini yox, “müxalifətdaxili inteqrasiya”ya dəstək zərurəti ilə əlaqələndirdi. Konkret desək, o, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun xeyrinə seçkidə iştirakdan imtina etdiyini bildirdi.

Bu seçkilərdə Azərbaycanda ilk dəfə olaraq, əvvəllər rast gəlinməyən analoqsuz hadisə qeydə alındı.

Namizədliyini irəli sürən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının seçki sənədləri MSK-da “it-bat”a düşdü. Seçki qurumu Akif Nağının bu iddiasını təkzib etsə də, QAT sədri bu yolla MSK-nın onun seçkidə iştirakını əngəllədiyini düşünür.

11 aprel seçkiləri ilə bağlı bu günə kimi qeydiyyatdan keçmiş namizədlərin məlum olan siyahısı 2013-cü il seçkiləri ilə müəyyən paralellər aparmağa imkan verir.

Xatırladaq ki, 2013-cü il seçkilərində qeydə alınan namizədlərin sayı 10 nəfər olub:

İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev və Sərdar Cəlaloğlu.

Adları göstərilən namizədlərdən 6-sı 11 aprel seçkilərində də namizəd qismində qeydə alınıb. 5 il əvvəlki kampaniyanın iştirakçılarından Cəmil Həsənli, İqbal Ağazadə və İlyas İsmayılov 2018-ci il seçkilərinə qatılmayıblar. Sərdar Cəlaloğlunun adının növbəti dəfə seçki bülleteninə salınması isə MSK-nın onun barəsində verəcəyi qərardan asılı olacaq.

Ümumiyyətlə, növbədənkənar prezident seçkilərində namizədlərin yekun siyahısı martın 19-na qədər məlum olacaq. Maraqlıdır ki, MSK-nın topladıqları seçici imzalarını yoxlayaraq, barələrində qərar verəcəyi son 3 namizəd müxalifət düşərgəsini təmsil edir: Sərdar Cəlaloğlu, Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyası) və Tural Abbaslı (AĞ Partiya).

S. Cəlaloğlu qeydə alınacağı təqdirdə, bu, onun prezident seçkilərində ikinci sınağı olacaq. ADP sədrindən fərqli olaraq, Əli Əliyev 2013-cü il seçkilərində namizədliyini irəli sürsə də, MSK onu qeydə almamışdı. VİP sədri qeydə alınarsa, bu, onun prezident seçkilərində debütü olacaq.

Tural Abbaslı üçünsə 11 aprel seçkiləri bütün mənalarda özünəməxsus ilk sayılır. Yəni AĞ Partiyanın sədri prezident seçkilərinə birinci dəfədir qatılır və ilk cəhdində adını bülletenə saldıra bilsə bu, onun aktivinə yazılacaq.

Sözügedən namizədlərdən hansı birinin qeydə alınmasının əhəmiyyəti sadəcə, onların “dövrə”yə daxil olmaları ilə məhdudlaşmır. 11 aprel seçkilərində namizədliyin rəsmiləşməsi adları çəkilən siyasətçilərin ayrılıqda sistemdənkənar müxalifət daxilində yetərincə önə çıxmalarına böyük təkan vermiş olacaq.
Ona görə də qeyd olunan “müxalif üçlük”dən hansına və ya hansılara “yaşıl işıq” yandırılacağı böyük maraqla gözlənilir.

Bütün suallara martın 19-na qədər aydınlıq gələcək. Bəlkə də daha tez…

Araz Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1829
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."