Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“125 saylı seçki dairəsi üzrə saxta nəticələrin ləğv ediləcəyinə inanırıq” – Anar Əsədlinin Seçki Qərargahı

Reklam: Sinerji Pro

“Seçki məntəqələrində baş verən bütün qanun pozuntuları qeydə alınaraq, operativ şəkildə sosial şəbəkələrə və mediaya ötürüldü”.

Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar narazılıqlar hələ də səngiməyib. Növbədənkənar seçkilərdə deputatlığa namizəd olan çox sayda iddiaçı, nəticələrin saxtalaşdırıldığını bildirərək, hüquqlarının bərpası istiqamətində səylərini davam etdirirlər.

Səsvermə günündən indiyədək seçki məntəqələrində qeydə alınmış qanun pozuntularını davamlı olaraq ictimailəşdirən, bu kimi hallara qarşı etirazını bildirənlər arasında ən çox diqqət çəkənlərdən biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli və onun Seçki Qərargahıdır.

Qeyd edək ki, Anar Əsədlinin seçki mənqətələrindəki nümayəndələrinin və Qərargah üzvlərinin birgə işi nəticəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məhz səsvermə günü bitmədən sosial şəbəkələrdə yayılan görüntülərə əsaslanaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirdi. O, sosial şəbəkələrdə paylaşılan bütün məlumatların araşdırılacağını və ciddi ölçü götürüləcəyini açıqladı.

125 saylı dairə ilə bağlı hələ qərar verilməsə də, Anar Əsədlinin şikayətinə əsasən bildirilib ki, onun daha çox sayda məntəqələri əhatə edən müraciətinə özünün də iştirakı ilə MSK-da baxılacaq. Bununla belə, Anar Əsədli, eləcə də onun Seçki Qərargahı aktiv şəkildə hüquqi müstəvidə mübarizəni davam etdirir və tezliklə müsbət nəticə əldə ediləcəyinə inanır.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin Seçki Qərargahının rəhbəri və səsvermə günü seçki məntəqələrində aktiv müşahidə aparan Bəhram İsmayılov Yenicag.az-a bildirib ki, əllərində nəticələrin ləğvi üçün yetərli sayda faktın olması bu inamı daha da gücləndirir:

“Biz seçki kampaniyamıza ciddi yanaşdığımız kimi, səsvermə günündə də komanda şəklində tam hazırlıqlı və tədbirli idik. Hər bir ehtimalı nəzərə alaraq, seçki məntəqələrindəki səlahiyyətli nümayəndələrimizi, müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərimizi lazımi şəkildə təlimatlandırmışdıq. Bunun nəticəsidir ki, məntəqələrdə baş verən bütün qanun pozuntuları qeydə alındı və sistemli iş sayəsində operativ şəkildə sosial şəbəkələrə və mediaya ötürüldü.

Lakin hər şeyə rəğmən, deməliyəm ki, səsvermə günü seçki məntəqələrində dövləti cinayətə imza atıldı. Bütün israrlarımıza baxmayaraq, bülletenlərin məntəqədə deyil, məntəqə sədrlərinin otağında sayılması, bülletenlərin saxlanıldığı seyfin məntəqəyə gətirilməməsi də bu saxtakarlığın öncədən planlaşdırılmasından xəbər verir.

Qanuna əsasən, səsvermə prosesi fasiləsiz həyata keçirilməlidir. Lakin məntəqə sədrləri yorğun olduqlarını bəhanə gətirərək, bülletenləri saymaqdan imtina etdilər və protokolları müşahidəçilərimizə təqdim etmədən məntəqələrin qapısını bağladılar. Protokolları sabah təqdim edəcəklərini söyləmələri isə onların göstəriş gözlədiklərindən xəbər verirdi.

Amma elə həmin axşam möhürsüz kisələri gözümüzün önündə Dairə Seçki Komissiyasına daşıdılar. Dediklərimin hər biri ilə bağlı videofaktımız var. Eləcə də qutulara topa bülletenlərin atılması, “karusel” əməliyyatının həyata keçirilməsini təsdiq edən sübutlarımız var ki, hər biri lazımi instansiyalara təqdim olunub. Həmçinin, qeydiyyatda olmayan şəxslərə lazımi arayış təqdim etmədikləri halda, onların səs vermələrinə şərait yaradıldı.

Konkret olaraq, 38 saylı seçki məntəqəsində komissiya sədrinin qızının qutuya topa bülleten atmasına etiraz edən müşahidəçilərin polis tərəfindən uzaqlaşdırılması seçkiyə müdaxilə idi və bu, ciddi qanun pozuntusudur. Əvvəlcədən hazırlanmış saxta siyahılar, bu siyahıda adları olan “seçicilər”in şəxsiyyətlərini təsdiq edən sənədin nömrəsinin olmaması, ünvanların göstərilməməsi də çox ciddi qanunsuzluqdur. Səsəvermə günü belə “seçicilər”in sayı yüzlərlə olub və bunu videofaktlar da təsdiqləyir.

Başqa bir pozuntu siyahıdakı imzaların eyniliyi, yəni eyni adamların dəfələrlə səs verməsi idi ki, hətta imzanı dəyişməyə belə ehtiyac görməmişdilər. Bu da hansısa məmurlara arxalanmağın göstəricisidir”.

Bəhram İsmayılov bildirir ki, 30-dan çox seçki məntəqəsində qeydə aldıqları total saxtakarlıqla bağlı bütün materialların surəti 125 saylı Dairə Seçki Komissiyasına təqdim olunub:

“Onlar bizdən materialların əslini tələb etdilər, ancaq əlbəttə, biz bu seçki saxtakarlığını, seçki cinayətini törədənlərə inana bilməzdik. Ona görə də, faktların surətlərinin yetərli olduğunu söylədik. Lakin onlar iddia etdilər ki, materialların surəti hüquqi sənəd sayılmır. Onda sual olunur, əgər təqdim etdiyimiz faktların surəti hüquqi sənəd deyilsə, sizin ekspertlər niyə o materiallara əsaslanaraq, hüquqi protokol hazırlayıblar?

Bütün bu danılmaz faktların hamısını DSK, MSK, Prezident Administrasiyası, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinə təqdim etmişik. Hüquqi müstəvidə mübarizəmiz davam edir.

Həm dövlətimizə, həm namizədimizin qətiyyətlə apardığı mübarizəyə, həm əlimizdəki faktlara, həm də Məzahir Pənahovun yuxarıda vurğuladığım açıqlamasına söykənərək, MSK-nın ədalətli qərar verəcəyinə inanır və 125 saylı dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini gözləyirik”.

www.yenicag.az

1177
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100