!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2022-ci ildə ölkəmizin iqtisadi sahəsində baş verən DƏYİŞİKLİKLƏR - "Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ" / VİDEO

!Reklam – Yazi

“Yeni Çağ” Media Qrupun layihəsinin bu buraxılışında 2022-ci ildə ölkəmizin iqtisadi sahəsində baş verən dəyişikliklər, yeniliklər barədə geniş məlumat ala biləcəksiniz.

Video:

Buraxılışın mətni:

Əslində dünya iqtisadiyyatı 2022-ci ilə böyük ümidlərlə başlamışdı. Xüsusən də dünyada tüğyan edən koronavirus pandemiyasından sonra iqtisadi aktivliyin bərpa olunacağı gözlənilirdi. Ancaq sən saydığını say, gör fələk nə deyir. Pandemiyadan sonra bir çox sahələrdə canlanma müşahidə olunsa da, ümumilikdə vəziyyət elə də ürəkaçan olmadı. İl ərzində kəskinləşən inflyasiya, qida və qeyri-qida məhsullarının qiymətinin bahalaşması, faiz dərəcələrinin artımı qlobal bazarlarda müəyyən çətinliklərin yaşanması ilə yadda qaldı.

Elə Azərbaycan iqtisadiyyatında da bahalaşma ən aktual məsələlərdən birinə çevrilmişdi. Rəsmi rəqəmlərə görə, il ərzində qeydə alınan inflyasiya 13.8 faiz olub. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları son bir ildə 21 faiz bahalaşıb. Əhali xərclərinin 60 faizə yaxınını isə azuqəyə sərf edib. Bahalaşmanın əhalinin sosial vəziyyətinə hansı dərəcədə təsir etdiyini bu statistikadan görmək mümkündür.

Ölkənin büdcə gəlirlərinin demək olar ki, yarısının Neft Fondundan transferlər hesabına formalaşdığını nəzərə alsaq, 2022-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 60 %-dən çox, ixrac isə iki dəfə artıb. Unutmayaq ki, 2022-ci il boyunca baş verən geosiyasi hadisələr də enerji qiymətlərinə təsirsiz ötüşməyib.

Belə ki, 2022-ci ilin büdcəsi qəbul edilərkən il ərzində büdcədə neftin bir bareli 50 dollardan hesablanmışdı. Lakin ilboyu neftin qiyməti 100 dolları aşdı. Ona görə də Azərbaycanda büdcəyə yenidən baxıldı və müəyyən dəyişikliklər qəbul edildi. Yeni büdcədə neftin bir barelinin qiyməti artıq 85 dollardan hesablandı. Bu, 2022-ci ilin əsas iqtisadi hadisələrindən biri sayıla bilər.

Enerji məsələləri ilə bağlı vacib məqamlardan biri də təbii qaz gəlirlərinin kəskin artması oldu. 2022-ci ilin 11 ayında təbii qaz ixracı toplam ixracın 41 faizinə yüksəldi. Bu prosesə təsir edən amillərdən biri son illər yeni kəmərlərin işə düşməsidir.

Rusiya-Ukrayna savaşının enerji sektoru təsirinə nəzər yetirsək, bu proses Azərbaycanın maliyyə sektoruna nə dərəcədə təsir göstərdiyini müşahidə edə bilərik. Bu, xüsusən də ölkəyə gələn pul köçürmələri ilə bağlı vəziyyətdə özünü açıq şəkildə büruzə verir.

Rusiya-Ukrayna savaşı fonunda rus rublunun dəyərsizləşməsi və Rusiya banklarının üzləşdiyi sanksiyalar orada yaşayan azərbaycanlıları öz vəsaitlərini Azərbaycana göndərməyə məcbur etdi. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2022-ci ilin ilk 9 ayında Rusiyadan Azərbaycana 2 milyard 267 milyon dollar pul göndərilib.

2022-ci ildə Azərbaycana xaricdən pul köçürmələrinin 82 faizi Rusiyanın payına düşüb. Pul köçürmələri ilə yanaşı, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladıqları vəsaitin də həcmi artıb. Hazırda bu vəsait 1 milyard manatı ötüb. Həmçinin 2022-ci ilin oktyabr ayı ərzində kartla aparılan nağdsız ödəniş həcmi 2 milyard 306 milyon manat olub.
Xatırladım ki, 44 günlük müharibədə əldə olunan zəfərdən sonra bu günə qədər işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb.

Füzuli Beynəlxalq Hava Limanı, mehmanxanalar, yaşayış binaları və inzibati binalar, yeni yollar, bərpa edilmiş mədəniyyət və memarlıq abidələri nin mövcudluğu ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edib. Yaxın gələcəkdə isə gözləntilərin özünü daha yaxşı şəkildə göstərəcəyi proqnozlaşdırılır. Hətta ölkə başçısı İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə çıxışı zamanı bildirib ki, bu sahəyə istər xarici, istərsə də yerli özəl kapitalın cəlb edilməsi vacibdir.

Bir sözlə, 2022-ci il dünya iqtisadiyyatında təlatümlərlə yadda qalsa da, Azərbaycan iqtisadiyyatı üçün elə də faciəvi nəticələrə səbəb olmadı.

Son da isə ümid edək ki, 2023-cü il ölkə iqtisadiyyatı arzuolunan səviyyədə inkişaf edəcək.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv