Reklam: High Technic
hightechnic

Gülən təhlükəni bitirəcək PIÇILTI

erdoganin_don_cagrisina_gulenden_yanit_izle13398398380_h892000Son bir ildə Azərbaycanda görüşdüyün hər kəs deyir ki, yaxşı edirsən, bunlardan yazırsan. Hətta “daha nələr var”deyib, uzun-uzadı anladanların sayını itirmişəm…

Ancaq adamların yüzdə doxsanı qorxur. İnboxa yazır, ancaq açıqdan yazmağa çəkinir… Görüşəndə “o nə yazı idi, dəhşət” deyir, fəqət o balaca “bəyən” nöqtəsinə basmağa cəsarəti çatmır… Dövlət idarəsində çalışan işini itirəcəyindən çəkinir. Azərbaycan Prezidentini tənqid edən statusu bəyənir, ancaq mövzu Gülənə gəlincə, çəkinir. Hardasa çay içəndə, stəkanın şəklini paylaşırsan, görürsən ki, Gülən ilə bağlı yazıların bir çoxunun yanında o armudu stəkan qədər hörməti yoxdur… O stəkanı 10 saniyədə bəyənən mövzu Gülən olunca, min dərədən su gətirir… Bir çoxu da bəhanə edir ki, “yuxarılar” bu mövzunun işlənməsini istəmir… Kimdir o “yuxarılar”? Hərə bir məmurun adını çəkir… Bir əsəbi vaxtımda o “yuxarı”dakıların adlarını bir-bir çəkib, soruşacam ki, ey filankəs müəllimlər, bu adamlara bu tapşırığı siz vermisiniz?

Əslində bir çoxunu anlayıram. Gülən Şəbəkəsinin Azərbaycandakı Dialoq Avrasiya Platformunun, “Çağ Öyrətim”in, TUSİAB-ın hesabına xaricdə səfərlərdə olublar, yaxşı münasibət qurublar, indi fətullahçı SAATÇIlar, SANIClar bu münasibətlərdən maksimum yararlanırlar. Necə də olsa, bunlarda duyğu ədəbiyyatı çox…

Bizimkilərin tərəddüd etməsindəki bir məsələ də hələ də Gülənin əvvəlki gücünə sahib olacağına inanmalarıdır. Adamlarda hələ də belə bir fikir var ki, Ərdoğan getsə, Gülən yenidən əvvəlki gücünə sahib olacaq.

Monitora diqqətlə baxın və oxuyun. Türkiyə DÖVLƏT olaraq, heç vaxt bu Gülənin tərəfində olmadı. Hər zaman DÖVLƏT (biriləri hələ də zavallıcasına buna “Dərin Dövlət” deyir. Dövlət dərin olduğu qədər, dövlətdir. Dayazdan dövlət olmaz, olsa-olsa tayfa-qəbilə olar)

Nə yazıq ki, Türkiyənin yanlış bir dövlət sistemi var və məhz bu yanlış parlamentar sistemin ətəyindən yapışaraq Gülən gücləndi. Yəni, Gülənin bu zamana qədər güclü olmasının səbəbi siyasi hakimiyyət, dolayısı ilə hökumət idi. Bu dünən Turqut Özal, Dəmirəl, Ecevit, ən son Ərdoğan idi. Ancaq təkkə düşdü, kəl göründü. Artıq siyasilər də bunu gördüklərinə görə, elə sanmayın ki, sabah AKP gedib, yerinə bir başqası gəlsə, bunlara AKP qədər meydan verəcək. O dönəm artıq qapandı, gülüm, qapandı.

O oxunan “hər şey yaxşı olacaq” nağılı var ya, bitdi o, bitdi, gülüm…

Artıq Türkiyədə hər kəs bunların əllərinə verilənin əllərindən təkrar alınanda hansı xəyanətləri edə bildiklərini gördülər. Dövlətə də bu xainlərlə mübarizə etmək üçün gün doğdu… Yəni, elə sanmayın ki, bunlarla mübarizə aparan AKP-dir. AKP içindəki xainlərdən qurtula bilmir, o ki, qaldı mübarizə apara. Gülənlə mübarizə aparan TÜRK DÖVLƏTİDİR! O İŞİĞINI METE XANLA, ALPARSLANLA, SƏLAHƏDDİN EYYUBİ İLƏ, FATEHLƏ YANDIRAN DÖVLƏTDƏN söhbət gedir…

Bu gün Ərdoğan bir az yumşalsa, AKP içində Gülənə sarılıb, o qədər ağlayan çıxacaq ki… Fəqət dövlət bunu bağışlamayacaq… Hazırda AKP içində də dövlətçilərdən başqa Gülən ilə mübarizə aparan da yox, bilin…

Bir məsələdən də xəbəriniz olsun. Azərbaycan dövləti hələ 2006-cı ildə bu Gülən Təhlükədən qurtulmaq istəyib. Bunu bu günlərdə nəşr olunan “Məhrəm” kitabından oxuyuruq. Fətullahçıların iftiraları ilə həbs olunan Odatv yazarları Barış Pəhlivan və Barış Tərkoğlunun məşhur Wikileaks sənədləri əsasında hazırladığı yazıda göstərilir ki, bu ABŞ-ın gizli yazışmalarında belə var… Fəqət o zaman “Çağ Öyrətim”i də, beyin mərkəzləri olan Qafqazı da qurtaran Türkiyənin siyasi hakimiyyəti idi… Yəni, Ərdoğandan öncə də Azərbaycan bunların məqsədlərindən xəbərdardı. Fəqət Türkiyə bu məsələni zamanında yersiz yerə, elə böyütmüşdü ki, bu məktəblərə toxunulmurdu… Nəhayət ki, Ərdoğan türk dövlətinin illər öncə gördüyü xəyanəti gördü… Və sehr pozuldu…

 

Unutmayın, bir şəbəkəni, qrupu və ya elə dövləti yıxan ən önəmli faktor PIÇILTIdır… Birinci Dünya Savaşının əsas məğlubları bir kənarda qaldı, bölüşdürülən, parçalanan Osmanlı oldu. Çünki hər kəsin dilində Osmanlının “xəstə adam” olması var idi… Bunu Ali Osmana belə qəbul etdirdilər… Və ya Çar Rusiyası heç də dekabristlərin üsyanını yatırdığı dönəmdən zəif deyildi, Oktyabr inqilabı zamanı… Ancaq onun da zəiflədiyinə dair inanc var idi… Gülən 2013-cü ilə qədər həmişə ona görə, güclü göründü ki, həmişə iqtidarın qanadları altındaydı… Hər zaman kim güclü oldusa, ondan tərəf oldu… Kənan Evrenə cənnətlik dedi, Ərbakanı yıxan Çevik Birə bir övliya demədiyi qaldı… Ərdoğan dönəmində elə gücləndi ki, Türk Hökumətinin gücünü öz gücü bildi… Niyə də olmasın? Polis Akademiyası 10 il ancaq ona çalışdı… Dövlətin ən kritik nöqtələrinə öz adamlarını yerləşdirdi… Artıq birini içəri atmaq üçün hökumətdən xahiş etməyə belə gərək yoxdu… Televiziyadan deyir, müridləri icra edirdi… Nə oldu? “Toxunan yanar” deyilən Xocanın hininə girildi… O nə etdi? Hücuma hücumla cavab verdi!.. “Bir üzünə vuranda, digərini çevir” deyən “Hizmət əri” getdi, yerinə cığal siyasətçi gəldi… Siyasətin bütün çirkinliklərindən istifadə edən, şantaj kassetləri ilə istədiyini əldə etmək istəyən birisi gəldi… Ancaq bu qədər çirkin hücumlara rəğmən iki seçimdə qarşısındakı gücü yıxa bilmədi… Əvəzində ən yaxın adamlarını itirdi… İllərlə yanından ayrılmayanlar belə fikir ayrılığına düşdü… Qısacası, hər kəs gördü ki, Camaat deyilən şey o qədər də güclü deyilmiş… Nə etmək lazım? Su buraxan gəmini tərk etmək lazım! Nə üçün? Çünki iki seçimdə qarşısındakını yıxa bilmədiyi kimi, qırx il əleyhinə getdiklərinin ayağına getdilər… Dünən “dinsiz” dediyi CXP üçün səs istədi, bu gün PKK ilə bərabər yürüyür… Qapısından qovduqlarının pəncərəsindən asılıb-qalıb… Bütün bunlar PIÇILTI ilə yayılmaqdadır…

Güləni bitirəcək olan da bu “gücü çatmır”  pıçıltısıdır…

Ona görə, qorxmayın, artıq bu qatar geri qayıtmayacaq…

Gülən Ərdoğanın yanında güclü idi… Ortaqlıq pozuldu, məsələ bitdi…

Bunun üçün ölkədən qaçırlar…

Bunun üçün “ana vətən” dedikləri ABŞ-a sığınır “ağır abilər”…

Bir azdan içəridəkilərin səsləri duyulmağa başlayacaq…

Gülənin o qədər tədbirinə rəğmən qoruya bilmədiklərinin üsyanına şahid olacağıq…

Nəticədə O PIÇILTI hər kəsin qulağına gedəcək…

Qos-qoca Osmanlını, o boyda Nikolayı yıxan PIÇILTI Gülənin taxtınımı laxlatmayacaq? Artıq yelləndirməyə başlamışdır və sonu da gələcək…

Unutmayın ki, Musanı Fironun evində qoruyub saxlayan Allah onun adından tacirlik edənləri heç vaxt bağışlamaz…

Gülən də tam ifşa olmadan sıradan çıxarılmaz…

Əsas odur ki, sonun başlanğıcındayıq…

PIÇILTI Güləni bitirəcək…

 

Aqil ƏLƏSGƏR

www.yenicag.az

112