Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

50 ildən sonra Azərbaycan AES-ə malik ola bilər

Türkiyədə ilk Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.

Mətbuatın yazdığına görə, həmin stansiya ölkənin Mersin əyalətinin Akkuyu bölgəsində inşa olunacaq. Qeyd edək ki, təməlqoyma mərasimi Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə olan səfəri çərçivəsində gerçəkləşib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun Rusiyalı həmkarı Putin həmin mərasimə videokonfrans vasitəsilə qoşulublar. Dövlət başçıları təməlqoymanın rəmzi olan düyməni basıblar.

Bildirək ki, Akkuyu AES-in ilk reaktoru 2023-cü ildə istismara veriləcək. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir ki, onu da Rusiya ödəyəcək.

Xatırladaq ki, Türkiyə AES-ə malik olan 4-cü müsəlman ölkəsi olacaq. Bu günə qədər İslam ölkələrindən İran, Pakistan və Qazaxıstan AES-ə sahibdirlər.

Qardaş ölkənin AES-ə sahib olması onun üçün nə deməkdir, bu Türkiyəyə nə verəcək? Azərbaycan da belə bir stansiyaya malik ola bilərmi?


Məsələni Yenicag.az-a şərh edən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirdi ki, AES-in istifadəyə verilməsilə Türkiyənin enerji daşıyıcılarına olan tələbatının idxaldan asıllılığı əhəmiyyətli dərəcədə azalacaq:

“Ümumiyyətlə, Atom Elektrik Stansiyalarının olması bütün dünyada ona malik olan ölkələr üçün həm iqtisadi, həm də geosiyasi baxımdan müsbət tendensiyadır. Çünki bu yolla enerji alınması çox ucuz başa gəlir. Bu mənada Türkiyənin də AES-ə malik olması qardaş ölkə iqtisadiyyatının genişlənməsinə xidmət edəcək bir hadisədir. Düzdür, dünyada Yaşıllar Hərəkatı deyilən qurum AES-lərin inşası əleyhinə çıxış edir. Onlar iddia edir ki, bu kimi stansiyalar ekoloji cəhətdən təhlükəlidir. Amma dünya elmi, texnologiya o qədər inkişaf edib ki, müasir atom elektrik stansiyalarının qəza vəziyyətinə düşməsi bəlkə də milyonda bir faizə bərabərdir.

Məsələn, Yaponiyadakı AES-in sunami nəticəsində sızmasının şahidi olduq. Lakin yaşanan problemi heç bir xəta törətmədən qısa zamanda aradan qaldırmaq mümkün oldu. Baxmayaraq ki, həmin AES 40 il əvvəl inşa edilmişdi. Müasir AES-lər isə təhlükəsizlik tədbirlərinə tam cavab verir, ekoloji baxımdan təmiz texnologiyaya əsaslanıb. AES-ə malik olmaqla Türkiyə enerji daşıyıcılarına olan tələbatın idxaldan asıllılığını bir qədər azaldacaq. Bu fonda ola bilsin, Azərbaycandan ora neft idxalı azalsın. Belə vəziyyət isə ölkəmiz üçün də sərfəlidir. Çünki, Türkiyəyə nefti güzəştli qiymətlərlə satırıq. Türkiyə AES tikməklə ölkəmizdən neft almağı azaldacaqsa, həmin hissəni daha baha qiymətə Avropaya sata biləcəyik. Yəni Türkiyənin AES-ə sahib olması qardaş ölkə ilə yanaşı, Azərbaycan üçün də müsbət tendensiyadır”.

Həmsöhbətimizin fikrincə, yarım əsrdən sonra Azərbaycan da AES-ə sahib ola bilər:

“Gələcəkdə Azərbaycanda da AES qurula bilər. Bu mümkündür. İndiki halda isə bu məsələ ölkəmiz üçün o qədər də həyati məsələ deyil. Azərbaycan neft ölkəsidir. Neftimizin hasilat xərci 20-30 dollar arasında olur. Atom yanacağı isə daha baha neftdən alınır. Ona görə neft ölkəsi olduğumuzdan belə bir stansiyanın olması indiki halda Azərbaycan üçün o qədər də sərfəli deyil. Lakin gələcəkdə, 50 ildən sonra Azərbaycanın da atom elektrik stansiyasına malik olması məsələsi yəqin ki, gündəmə gələcək. Ona qədər isə iqtisadiyyat daha çox inkişaf edəcək və düşüncələr də indikindən xeyli dərəcədə fərqlənəcək”.

ELÇİN

www.yenicag.az

1772
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS