Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatında partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Yenicag.az xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 538 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.