Azərbaycanda unikal bir internet resursu fəaliyyət göstərir. Bu saytda dünyanın 75-dən artıq ölkəsinin mətbuatı izlənilir, ölkəmizlə bağlı məqalələr, təhlil yazıları, reportajlar olduğu kimi Azərbaycan dilinə tərcümə edilərək yayımlanır. Söhbət hələ çoxlarımızın tanımadığı, amma 15 dildən tərcümələr edilən, çox ciddi bir işə imza qoyan WorldMedia.Az saytından gedir.
Bu gün saytın yaranmasından 4 il keçir. BakuPost “WorldMedia”nın qurucusu və baş redaktoru Cahangir Həsənli ilə saytın fəaliyyəti barəsində həmsöhbət olduq.
Yenicag.az həmin müsahibəni təqdim edir:
– Cahangir bəy, WorldMedia.Az Azərbaycanda olan çox unikal layihələrdəndir. Bu ideya necə yarandı, nə zamandan formalaşmağa başladı?
– İdeya xaricdə ölkəmizlə bağlı dərc olunan materialların Azərbaycanın informasiya məkanında yayılmasının təhlilindən doğdu. Bu materialların yalnız neqativ tonda olması bizə qəribə gəlirdi – sanki dünya mətbuatında Azərbaycanla bağlı yalnız problemlər, çatışmazlıqlar, nöqsanlar qabardılır, tənqid və iradlar səslənir və s. Belə təsəvvür yaranırdı ki, kimlərsə məqsədli şəkildə xarici KİV-də Azərbaycanla bağlı yalnız neqativ yazılar axtarır və onları saytlar, ardınca da sosial media vasitəsi ilə tirajlayır. Sanki belə fikir yaratmağa çalışırlar ki, dünya mətbuatı Azərbaycanı yalnız belə görür. Lakin apardığımız qısa monitorinq göstərdi ki, vəziyyət heç də təqdim olunduğu kimi dramatik deyil, Azərbaycanla bağlı müsbət, neytral, obyektiv yazılar qərəzli və neqativ materiallardan qat-qat çoxdur. Amma onları tapan, tərcümə edən, azərbaycanlı oxucuya çatdıran yoxdur. WorldMedia.Az saytının yaranması ideyası elə buradan qaynaqlandı. Düşündük ki, informasiya məkanını cəmiyyətə natamamlıq kompleksi aşılamağa, xarici KİV-in gözündə yalnız tənqid obyekti olduğumuz haqda rəy formalaşdırmağa çalışanların ixtiyarına vermək olmaz, yerli mətbuatda haqqımızda yazılan yüzlərlə pozitiv məqalələri də işıqlandırmaq lazımdır. Beləcə, dünyanın müxtəlif dillərində Azərbaycan haqda dərc olunan məqalələri taparaq, tərcümə etməyə başladıq. Nəticədə bu gün WordlMedia.Az saytına daxil olsanız dünya mətbuatında Azərbaycanın nailiyyətləri, geosiyasi rolu, iqtisadi inkişafı, turizm potensialı, idmanda, mədəniyyətdə əldə etdiyi uğurları haqda dərc olunmuş kifayət qədər məqaləyə rast gələ bilərsiniz.
– Təxminən, neçə dildən tərcümə edirsiniz?
– Dünyanın 75-dən artıq ölkəsinin mətbuatını izləyirik. 15-dən artıq dildən tərcümələr edirik. Ümumiyyətlə, 4 il ərzində təxminən 2000 material tərcümə etmişik.
– Bura xəbərlər də daxildir?
– Xeyr, xəbər saytı formatında olmadığımıza görə yalnız məqalələr, geniş reportajlar, təhlillər, müsahibələri tərcümə edirik. Yeri gəlmişkən, biz ölkədə yeganə resursuq ki, xarici mətbuatın Azərbaycan haqda yazdığı materialların tam mətnini oxucuya çatdırırıq. Yəni söhbət onun qısa xəbər formasından yox, yazının tamamından gedir. Eyni zamanda, məqalə tərcümə ilə yanaşı, orijinal dildə də təqdim olunur ki, oxucu istədikdə ilk mənbə ilə də tanış olsun.
– Sizin üçün yəqin, ən çətin məsələ peşəkar tərcüməçilər tapmaqdır. Əsasən hansı dillərdən olunan tərcümələrə üstünlük verirsiniz?
– Azərbaycanla bağlı yazıların böyük əksəriyyəti Avropa, Rusiya və Türkiyə mətbuatında olur. Odur ki, daha çox ingilis, rus və türk dillərindən tərcümə edirik. Amma eyni zamanda, yapon, çin dili kimi ekzotik dillərdən də tərcümələrimiz olur. Əlbəttə ki, Ermənistan mətbuatı daim diqqətimizdədir, erməni dilindəki məqalələri də tərcümələr edirik.
Redaksiya heyətinə gəlincə, türk, rus və ingilis dilindən tərcüməçilər ştatlı işçilərimizdir. Digər dillərdən tərcüməçilərlə kənardan əməkdaşlıq edirik.
– Yəqin, dildən asılı olaraq tərcümə üçün qonorar da fərqlidir?
– Təbii ki, hər dilin öz qiyməti var. Ən baha tərcümələr erməni və çin dilindən olunan tərcümələrdir.
– Bəzi dillərdən tərcüməçi tapmaq asan deyil. Üstəlik, sizinlə əməkdaşlıq etmək üçün tərcüməçiliklə yanaşı, siyasi bilik də tələb olunur. Bu mənada kadr problemini necə həll edirsiniz?
– Doğrudur. Dəfələrlə olub ki, müxtəlif tərcümə mərkəzlərinin əməkdaşları bizə müraciət ediblər. Lakin onların əksəriyyəti siyasi materialları, xüsusilə “mətbuat dili”ndə tərcümə etməkdə çətinlik çəkirlər. Bu üzdən daha çox jurnalistika sahəsində çalışan tərcüməçilərlə əməkdaşləğa üstünlük veririk.
– Əslində, çox maraqlı və vacib saytdır. Amma nədənsə 4 ildə kifayət qədər tanına bilməmisiniz…
– Bəli, ola bilsin WorldMedia.Az-ın təbliğini lazımi səviyyədə qura bilməmişik. Bilirsiniz, əslində, bizim layihəmiz orta statistik oxucuya hesablanmış layihə deyil. Bizim işimiz daha çox yerli mətbuat və dövlət qurumları üçün nəzərdə tutulub. Ötən dövrdə AzTV də daxil olmaqla, bir sıra media qurumları bizim tərcümələrimizdən istifadə edib və edir. Amma yenə də, hesab edirəm ki, bizi mətbuat daha çox izləməlidir.
– Dediniz ki, indiyədək 2 mindən çox məqaləni tərcümə etmisiniz. Dünya mediası Azərbaycanın ən çox nəyindən yazır?
– Birinci yerdə turizmdir. Siyasi mövzular da çoxdur. Burada əlbəttə ki, Qarabağ məsələsi öndədir.
Turizmlə bağlı, əsasən, ərəb ölkələri və İran mediasında geniş materiallara tez-tez rast gəlinir. Xüsusilə ərəb ölkələri KİV-i bu mövzunu diqqətdə saxlayır.
Ermənistan mətbuatında, təbii ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallara çox rast gəlmək olur. Sizə bir maraqlı fakt deyim. Bilirik ki, Azərbaycan mətbuatı və oxucuları Ermənistan saytlarını onların rus dili bölməsindən izləyir. Amma biz Ermənistan mətbuatını daha dərindən araşdırdıqda məlum oldu ki, hökumətin Qarabağ siyasəti, Ermənistan ordusunun durumu, hərbi imkanları, Azərbaycanın hərbi və diplomatik üstünlüyü – yəni ümumilikdə Dağlıq Qarabağ mövzusunda sərt tənqidi məqalələr yalnız erməni dilində dərc olunur, onların çox cüzi hissəsi rus və ingilis dilində də yayımlanır. Saytların rus və ingilis dili versiyalarında, əksinə, tərif, Ermənistan ordusunun “qüdrəti”, diplomatik “uğurlar” haqda məqalələr üstünlük təşkil edir.
– Maraqlı detaldır. Yəni, Ermənistan KİV-i öz problemlərini öz daxilində müzakirə edir, açıb-ağartmır?
– Belə çıxır. Məsələn, Ermənistan mətbuatında “Aprel döyüşləri” haqda çox sayda məqalə dərc olunub və hələ də dərc olunur – hiss olunur ki, onların “aprel yarası” hələ sağalmayıb. Həmin hadisələrə görə ölkənin o zamankı siyasi və hərbi rəhbərliyi hələ də sərt tənqid olunur, bu qədər insan tələfatının, ərazi itkisinin səbəbləri araşdırılır. Amma Ermənistanın bu döyüşlərdəki uğursuzluğu, ərazi və şəxsi heyət itkisi, Azərbaycanın hərbi üstünlüyü ələ keçirməsi və s. haqda yazıların böyük əksəriyyəti yalnız erməni dilindədir, halbuki onu dərc edən saytda rus və ingilis dili versiyaları da mövcuddur. Bu o deməkdir ki, Ermənistanın kütləvi informasiya vasitələri arasında siyasi yönündən asılı olmayaraq, Qarabağ məsələsində ölkənin zəif tərəflərini yalnız daxildə müzakirə etmək, real vəziyyəti “kənar qüvvələr”dən gizli saxlamaq haqda qeyri-rəsmi – bilmək olmaz, bəlkə də, rəsmi – razılaşma var. Necə deyərlər, “ayıblarını eldən gizlədirlər”.
– Açığı, dünya mediasında Azərbaycanla bağlı dərc olunan bəzi materiallar onların sifarişlə yazıldığı təəssüratını da yaradır…
– Əlbəttə, olur. Əslində, bu, təbiidir, çünki bütün dünyada müxtəlif vasitələrlə lobbiçilik fəaliyyəti göstərilir, ölkənin təbliğatı və ya anti-təbliğatı aparılır və bu işdə KİV öncül yerlərdən birini tutur. Amma bu cür yazıların sifarişli, qərəzli olub-olmadığı ilk baxışdan hiss olunur. Əlbəttə, bütün tənqidlər qərəzli deyil və ola da bilməz, bəzi tənqidi məqalədə müəllifin və ya KİV-in tam səmimi olaraq bu fikirdə olduğu, belə düşündüyü hiss edilir. Amma bir çox hallarda təəssüf ki, söhbət qərəz və sifarişdən gedir. Bəzən ayrı-ayrı ölkələrin KİV-də, fərqli müəlliflərin yazılarında qəribə formada təkrarlanan tezislər, bəzən, hətta, eyni ifadələrə də rast gəldikdə artıq bunun qərəz olduğuna heç bir şübhə qalmır.
– Belə başa düşdüm ki, qərəzli hesab etdiyiniz yazıları dərc etmirsiniz…
– Obyektiv tənqidin yer aldığı yazıları veririk. Bir yazıda hansısa beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycana ünvanladığı tənqidlər yer alır, lakin ona Azərbaycan tərəfinin cavabı da dərc olunursa, burada qərəz yoxdur. Yəni, bizim məqsədimiz dünya KİV-də Azərbaycanla bağlı yalnız qərəz dolu yazıların yer almadığını göstərməkdir.
– Demək, Azərbaycanla bağlı dünyadakı mənzərəni siz daha yaxşı görürsünüz. Məsələn, Azərbaycanla bağlı dediyini qərəzli yazılara daha çox hansı ölkələrin mətbuatında rast gəlinir?
– Bu sualı birmənalı cavablandırmaq çətindir. Ən azından ona görə ki, belə bir statistika aparmırıq. Amma yəqin ki, ABŞ və Britaniya mətbuatı ilk sırada olar. Maraqlısı odur ki, sifariş olduğu aydın görünən belə yazılar əsasən bu ölkələrin ən nüfuzlu qəzetlərində dərc olunur. Tutaq ki, ABŞ kimi ölkədə bunu təşkil edənlərin gücünü təsəvvür edirsinizmi? Əlbəttə ki, bu, əsasən, erməni lobbisinin imkanlarından qaynaqlanır.
Bir məqamı da qeyd etmək istərdim. Bizimlə bağlı sərt, tənqidi yazılar dalğasına bir qayda olaraq, Azərbaycanda baş tutacaq hansısa əhəmiyyətli hadisə ərəfəsində rast gəlinir. Bunu təhlil etmək artıq siyasi dairələrin işidir, amma yaxşı məlumdur ki, hansısa dövlətə təzyiq göstərmək lazımdırsa, bu, özünü ilk olaraq mətbuatda büruzə verir.
– Qayıdaq yenə saytınızın tanınması, yararlığı məsələsinə. Müəyyən etmisinizmi əsasən sizin oxucularınız kimlərdi? Məsələn, dövlət qurumları sizi izləyirmi?
– Dövlət qurumlarını deyə bilmərəm, amma xarici ölkələrdəki səfirliklərimiz tərəfindən izləndiyimizi bilirəm. Bir çox səfirliklərimiz özləri bizimlə əməkdaşlıq qurub və hətta, çalışdıqları ölkə mətbuatında Azərbaycanla bağlı dərc olunmuş məqalələri tərcümə edib yaymaq üçün özləri bizə göndərirlər. Materiallarımızın ayrı-ayrı səfirliklərin sosial şəbəkə hesablarından paylaşılması da diplomatik nümayəndəliklərimizin WorldMedia.Az-ı izlədiyini göstərir.
– Əslində, sizin layihəniz vasitəsilə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin nə qədər fəal olduğunu da müəyyənləşdirmək mümkündür…
– Qarşıya belə məqsəd qoyulsa, bəli, analiz etmək üçün kifayət qədər material var. Bəzi ölkələrdə səfirliklərimiz çox fəaldır, yerli mətbuatda Azərbaycan haqda materialların mütəmadi yayılmasına nail olurlar,
ölkəmizə marağın artırılması üçün nələrsə edirlər. Amma təəssüf ki, heç də bütün səfirliklərimiz bu sahədə işini lazımi səviyyədə qura bilməyib, bəzi hallarda bu məsələyə xüsusi diqqətlə yanaşılmadığı görünür.
– Bakıda baş vermiş son proseslər – müxalifətin mitinqi dünya mətbuatında necə işıqlandırıldı?
– İstər Avropa, istər Türkiyə KİV-də bu haqda xəbərlər var idi. Videogörüntülərə də rast gəlinirdi. Lakin sırf xəbər şəklində. Biz isə qeyd etdiyim kimi, xəbər tərcümə etmirik.
– Xarici telekanalları da izləyirsinizmi?
– Əlbəttə. Xarici televiziya kanallarında Azərbaycanla bağlı gedən süjetləri tərcümə edib Azərbaycan dilində səsləndiririk.
– Yəni, videosüjetləri də dublyaj edirsiniz?
– Bəli, indiyədək 100-ə yaxın belə videoreportaj dublyaj etmişik.
– Gündə təxminən neçə material olur? Başqa sözlə, material qıtlığı ilə rastlaşırsınızmı?
– Açığı, layihənin ideyası yaranan zaman material tapa bilməyəcəyimizdən narahat idik. Şəxsən mən xarici mətbuatda Azərbaycan haqda bu qədər materialın dərc olunduğunu təsəvvür etmirdim. İşə başladıqdan sonra yanlış təsəvvürdə olduğumuzu anladıq. Dünya KİV-də Azərbaycanla bağlı materiallara demək olar ki, hər gün rast gəlinir. Xüsusilə Azərbaycanda önəmli beynəlxalq tədbir, idman yarışı olan zaman yazılar daha çox olur.
– Fəaliyyət göstərdiyiniz 4 il ərzində dünya mətbuatının Azərbaycanla bağlı təəssüratında hansı dəyişikliyi müşahidə etmisiniz?
– Müsbətə doğru xeyli dəyişiklik var. Xüsusilə ölkədə turizmin inkişafı fonunda Azərbaycanın xaricdə tanıdılmasına xidmət edən yazılar çoxalıb.
Yaralı yerimiz olan Qarabağ münaqişəsi mövzusunda da eyni şeyi deyə bilərəm. İndi, Azərbaycanın bu problemlə bağlı mövqeyi dünya KİV-də daha çox, daha ədalətli işıqlandırılır. Bu, əlbəttə ki, dövlət səviyyəsində informasiya müharibəsində yürüdülən düzgün siyasətin nəticəsidir.
– Bəs mədəniyyət sahəsində? Sənətçilərimizlə, mədəniyyətimizlə bağlı yazılar çoxdurmu, bu mövzu əcnəbilər üçün maraqlıdırmı?
– Belə yazılara xüsusilə Fransa mətbuatında rast gəlinir.
– Niyə məhz Fransa?
– Düzü, birmənalı deyə bilmərəm, amma bildiyiniz kimi, Heydər Əliyev Fondu Fransada hər il Azərbaycan mədəniyyətinin tanıdılmasına, Azərbaycanın təbliğinə hesablanmış silsilə tədbirlər keçirir. Ola bilsin, Fransa mətbuatında belə yazılara çox rast gəlinməsi həm də bununla bağlıdır.
– Dediniz 75-dən artıq ölkə KİV-ni izləyirsiz. Bu qədər ölkənin mətbuatını necə izləyirsiniz?
– Hazırkı internet dövründə, axtarış sistemlərinin olduğu şəraitdə bu, çətin deyil. Ən populyar saytlarda hər gün axtarış aparılır. Bununla yanaşı, ümumilikdə “açar sözlər”dən istifadə etməklə də Azərbaycana dair yazıları tapmaq mümkündür.
– Gələcəkdə layihənizi genişləndirmək haqda düşünürsünüzmü?
– Əvvəla əlbəttə ki, PR sahəsində addımlar atmalıyıq. Çünki bu layihə, ilk növbədə, yerli mətbuat üçün nəzərdə tutulub. Bizim mətbuat orqanlarımızda məsələn, Çin, ərəb ölkələri, Ermənistan KİV-ni izləyən, o dillərdən tərcümə edən nə qədər əməkdaş olar ki? Təbii ki, mətbuat orqanının əksəriyyətinin buna imkanı yoxdur. Əslində, gərək, bizim mətbu orqanlarımız saytımızdakı materiallarla daha çox maraqlansınlar. Çünki bizim materiallarımız onlara çox maraqlı mövzular verə bilər. Bəzən elə materiallar yayımlayırıq ki, bəlkə, həftələrlə onun müzakirəsi aparıla bilər. Bu tərcümələr təhlillər, araşdırmalar üçün mənbə ola bilər. Odur ki, mediamız ölkəmizlə bağlı xarici KİV-in yazdıqlarını öz oxucularına daha dolğun çatdırmaq üçün bizim tərcümələrimizdən yararlansa, həm bizim gördüyümüz işlər geniş auditoriyaya çatar, həm də onların işi bir qədər yüngülləşər. Bunun üçün gələcəkdə tərcümələrimizi bülleten formasında hazırlayıb yaymaq haqda da düşünürük.
Bundan əlavə hesab edirik ki, sosial medianın bütün dünyada sürətlə inkişafını nəzərə alıb, işimizi təkcə saytları və televiziyaları, qəzetlərin internet variantlarını izləməklə yekunlaşdırmamalıyıq. Kadr imkanlarımızı artırıb, sosial şəbəkələri də, bloqları da izləməliyik ki, üzərimizə götürdüyümüz missiyanı tam şəkildə yerinə yetirə bilək.