9 fevralın gözlənilən ƏKS-SƏDASI: “Avropa Məhkəməsinə 100-ə yaxın şikayət göndəriləcək” – Hafiz Həsənov

“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasına gec daxil olan, lakin barəsində ən çox qərar qəbul edilən ölkələr siyahısındadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrindən narazı qalan deputatlığa namizədlərin Avropa İnsan Haqları Məhkəməsinə gözlənilən müraciətlərini dəyərləndirən “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov deyib.

Hafiz Həsənovun sözlərinə görə, 9 fevral seçkilərinin nəticələrinin tam təsdiqlənməsindən sonra seçki dairələrinin ən azı 70 faizindən Avropa Məhkəməsinə şikayət göndəriləcək:

“Qeyd edək ki, 9 fevral seçkilərində qeydə alınmış deputatlığa namizədlərin sayı kifayət qədər çox olub. Həmin namizədlərin ən azı yarısı müxalifyönlü və ya müstəqil şəxslər idi. İndiki halda bu şəxslərin həm Mərkəzi Seçki Komissiyasında, həm də məhkəmələrdə çox sayda şikayətlərinə baxılır. Ancaq MSK və məhkəmə o şikayətləri demək olar ki, təmin etmir.

O baxımdan, təqribən 100-ə yaxın deputatlığa namizədin Avropa Məhkəməsinə şikayət edəcəyi gözlənilir. Güman edirəm ki, növbədənkənar parlament seçkilərindən sonra seçki dairələrinin ən azı 70 faizindən Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Eyni seçki dairəsindən bir neçə şikayətin verilə biləcəyini nəzərə alsaq, Avropa Məhkəməsinin qəbul edəcəyi qərarlarla Azərbaycan böyük “üstünlük”lə bütün dövlətləri geridə qoyacaq”.

Hafiz Həsənovun fikrincə, Avropa Məhkəməsinin qərarı əsasında şikayətləri təmin ediləcək deputatlığa namizədlərə ödənilməli olan təzminatın məbləği də artacaq:

“Ötən seçkilərdə seçki hüquq pozuntusuna görə ancaq mənəvi ziyan üçün hər bir şikayətçiyə 10 min avro kompensasiya verilmişdi. Ancaq burada hüquqi yardım, poçt və tərcümə xərcləri, həmçinin seçkilərdə xərclənən vəsaitlər də nəzərə alınırdı. İndiki halda isə mənəvi ziyana görə təzminatın həcminin artacağı gözlənilir.

Hər dəfə dövlətlər hüquq pozuntuları ilə bağlı nəticə çıxarmadıqda və qərarlar üzrə konkret addımlar atılmadıqda, kompensasiyanın məbləği də artırılır. Məsələn, 2005-ci il seçkilərindən sonra şikayətçilərə 7 min 500 avro konpensasiya ödənilirdisə, 2010-cu il seçkilərindən sonra bu məbləğ 10 min avroya qaldırılmışdı.

Bu seçkilərdən sonra şikayətləri təmin olunan iddiaçılara 15 min avro kompensasiya veriləcəyi təxmin edilir. Seçki məsrəflərini də buraya daxil etsək, həmin məbləğ 1,5-2 dəfə artmış olacaq.

Bu pullar əlbəttə ki, dövlətin büdcəsindən ödənilir. Yəni, hüquq pozuntusuna görə dövlətin həm imicinə, həm də büdcəsinə zərər vurulur. Ən pisi isə vətəndaşın seçki hüququ pozulur”.

Səxavət Məmməd

COP29