Reklam: High Technic
hightechnic

Sədrin qətlinin şok təfərrüatı – Uşaqları gizlədilir; qatilin arxasındakı cinayətkar dəstə…

us5-300x191Xəbər verildiyi kimi, iyun ayının 8-nə keçən gecə Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızcasına qətlə yetirilib.

Qətldə şübhəli bilinən Fədai Hüseynov könüllü olaraq polisə təslim olub. Bir neçə gün sonra isə onun qardaşı Vüqar Hüseynov da polis tərəfindən saxlanılıb.

Bu cütlüyün faciəvi həyatı ilə bağlı ailəni yaxından tanıyan, adının hallanmasını istəməyən bir şəxs AzNews.az-a yazı göndərib. Qətlin baş vermə səbəbi, cinayətkarların kimliyi, istintaq prosesi, faciə ilə üzləşmiş ailədəki proseslər, eləcə də Vəsilə Əbilhəsənovanın həyatı ilə bağlı maraqlı məqamların əks olunduğu həmin yazını təqdim edirik:

“Dünən Vəsilə və Vəfadar Əbilhəsənovların oğlu İsmayılın 11 yaşı tamam oldu. Söhbət öz doğum günündə xüsusi amansızlıqla Sarayda qətlə yetirilən Vəsilə və Vəfadar Əbilhəsənovlardan gedir. Vəsilə Saray bələdiyyəsinin sədri idi. Deyilənlərə görə onun öldürülməsi də planlaşdırılmış şəkildə baş verib. Çünki Vəsiləni və həyat yoldaşını evlərinə gəlib gedən, ailəliklə dost olduqları Fədai Güloğlan oğlu Hüseynov xüsusi amansızlıqla qətlə yetirib.

erSaray kəndinin torpaq alğı-satqısı ilə məşğul olan Fədainin bir qardaşı Abşeron rayonu Saray kəndinin nümayəndəsi vəzifəsini icra edib. Digər qardaşı da torpaq alveri ilə məşğul olub. Bu torpaq satanların başında isə Elgiz Fərəcov adlı şəxs dayanırmış. Ərköyün Elgiz Fərəcovun bir sözünü nə Sumqayıtda, nə də Abşeronda iki eləyən adam olmayıb. Bu nadinc və ərköyün oğlan, sözünə baxmayanları Fədai Həsənov və onun qardaşları vasitəsilə cəzalandırırmış.

qetƏn dəhşətli məqam isə odur ki, istər Elgiz Fərəcov, istərsə də Fədai Hüseynov dəfələrlə məhkum olunublar. Fədainin törətdiyi cinayətlərin əksəriyyəti bədənə ağır xəsarət yetirmə maddələridir. Onun son cinayət işinin icraatı Sumqayıt Polis İdarəsində Adil Qasımov adlı müstəntiqə tapşırılıb. Bundan sonra isə Fədai aprel ayının 25-də Sarayda “razborşik” dostları və qardaşları Elgiz və digərləri ilə yenidən bir cinayət törədiblər. Burada da döyülmə faktı olub. Bu cinayət işinin icraatı da Abşeron rayonu Polis idarəsində aparılıb. Maraqlıdır ki, hansısa bir görünməyən əl bu “ərköyün uşaqları” həmişə himayə edib. Onlar istədikləri torpaq sahələrini satır, qarşılarına “yox” deyə çıxan olanda isə, bıçaqlama, döymə kimi xəsarətlər də yetirə bilirdilər. Bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub, cəza çəkən Fədai Həsənovu cinayət törətməyə sövq edən himayədarları, ona hansısa ruhi-əsəb dispanserindən “Dəlilik kağızı” sumqayitalamağa da müvəffəq olmuşdular. Fədainin həyat yoldaşının atası cinayətkar aləmdə “vor zakon” kimi tanınmış biri olub. Qayınatası rəhmətə gedəndən sonra, onun bu rolunu qardaşı, yəni Fədainin qayınatasının qardaşı həyata keçirib. Yəni hazırda, Fədainin həyat yoldaşının əmisi “vor zakon” statusu daşıyan biridir.

Maraqlıdır, üzərlərində bu qədər cinayət təqibi olan cinayətkar dördlük, cəzalardan necə yayına bilirdilər?!

Yəqin ki, istintaq bu suallara da aydınlıq gətirəcək. Vəsilə niyə öldürüldü, o nəyin qurbanı oldu? Külli miqdarda vəsait qazanmaq ehtirasının, Abşeronda ən gözəl biznes hesab olunan və bir qrup cinayətkarın əlində cəmləşən torpaq alverinin qurbanı…

VƏSİLƏNİ İCRA BAŞÇISIYLA NƏ BİRLƏŞDİRİRDİ?

Saray bələdiyyəsinə seçilməmişdən əvvəl, Sumqayıtda Zakir Fərəcovun yanında bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərən bu gənc xanım, Zakir Fərəcov Abşeron rayonu İcra başçısı olandan sonra, Saray bələdiyyəsinin müavini vəzifəsinə gətirilir. Sumqayıtda doğulub boya-başa çatan Vəsilə xanım, əslində, çox işgüzar, bacarıqlı, mərd bir xanım imici qazanmışdı. Uşaqlıqdan yetim qalan, anasının himayəsində böyüyən, tək övlad olan Vəsilə öz bacarığı ilə Sumqayıt şəhərində bir çox ilklərə imza atmışdı. Demək olar ki, bütün şəhər gənclərinin və ağsaqqallarının hörmətini qazanmışdı. Şəhərdə yetim-yesir atası kimi ad çıxaran Zakir Fərəcov da, bu bacarıqlı qızı öz yanına çəkməklə, həm də onun çiyinlərindəki yükü azaltmaq istəmişdi. Bacarıqlı, savadlı bir xanımın işgüzarlığı, həm Sumqayıt bələdiyyəsində, həm də Abşeron rayon icra hakimiyyətində icra strukturunun karına gəlirdi. Ən azı bayram və tədbirlərdə Vəsilə Əbilhəsənovanın yazdığı çıxışlar və ssenarilər Zakir Fərəcovun tədbirlərinə xüsusi rəng qatırdı. Keçirilən bütün tədbirlərin planını Vəsilə Əbilhəsənova hazırlayar və bu işindən zövq alardı. O, nə etsə gözəl alınırdı. Və təbii ki, belə bir işçini də, uzaqgörən adamlar əslində, qiymətləndirməlidirlər. Vəsilə xanım da ki, qiymətini almışdı.

Bələdiyyə sədri seçiləndə, elə bilirdi ki, bu işin də öhdəsindən gələcək. Bəlkə də gələrdi. Arada bu “torpaqsatan mafiyası” – Elgiz, Fədai və onların ətrafı olmasaydı… Saray Bələdiyyəsinin sədri işləyən Vəsilə Əbilhəsənova, həm də, filoloq kimi Sumqayıt Dövlət Universitetində dərs deyirdi. Onun tələbələri bildirir ki, universitetdə dərs dediyi qrupda atasız-anasız uşaqların siyahısını tutub, onlara maddi yardım edir və hətta doğum günlərini də qeyd edirmiş. Bundan başqa, hər ay Saraydakı əlil uşaqlar evini ziyarət edirdi. Allah ona insanlara daima kömək etmək kimi gözəl bir mərhəmət hissi vermişdi.

QATİLİ VƏSİLƏNİN ANASINA KÜLLİ MİQDARDA PUL VERİB…

ves1Bələdiyyə sədri kimi, Vəsilə əslində “de yure” vəzifələrini icra edirdi, “de fakto” isə bu torpaq satışı və bölünməsi məsələləri Fədai, onun qardaşları və Elgiz Fərəcov tərəfindən icra olunurdu. Yəqin ki, istintaq bu məqamlara aydınlıq gətirəcək. Deyilənlərə görə, Vəsilə Əbilhəsənova, son zamanlar, cinayətkar bir torpaqsatan bandanın toruna düşdüyünü hiss edirmiş. Və hətta özünə yaxın adamların yanında deyirmiş ki, elə qorxuram ki, bunlar mənim uşaqlarımı oğurlayalar. Peşəkar istintaqçılar təkcə bu sözü çözsələr, çox məqamlara aydınlıq gələcək.

Ailəyə daha da yaxın olmaq tapşırığı alan Fədai, ilk əvvəl Vəsilənin anası Meyxanım Həsənova ilə mehriban münasibətlər yaradır. Özünü o qədər doğma və mehriban, canıyanan göstərir ki, Meyxanım arvad Fədaiyə “oğlum” deyə müraciət edir. Onu balalarından ayırmır. Fədai də öz növbəsində, Vəsilənin anası Meyxanımın qulluğunda dayanmaqdan belə çəkinmir. Özünün son model bahalı maşını ilə onun qulluğunda sürücü kimi müntəzir olur. Hətta torpaq alqı-satqısından əldə etdiyi pullardan da qadına görüm-baxım eləyir. Bir dəfə Vəsilə Əbilhəsənova, yataqda xəstə yatan anasının yatağını qaydaya salanda, yastığının altında bir qədər pul görür. Pulun haradan olduğunu deyəndə, qadın bu pulları ona hərdən oğlu Fədainin verdiyini deyir. Vəsilə bundan qorxuya düşür, lap yaxın adamlarına deyir ki, Fədaigil anasını ələ almaqla, onu oyuna salıblar. Yaxın ətrafına bildirir ki, bu işin axırı yaxşı olmayacaq. Balaları üçün çox qorxduğunu dilə gətirir.

DƏHŞƏTLİ QƏTLƏ HAZIRLIQ…

Bu həmin vaxtlar idi ki, Vəsilə Əbilhəsənovanın “qanunsuz torpaq satması” barədə “yuxarılara” ard-arda məktublar gedirdi. Belə məsələlərin açılıb-ağardılması isə, bəzi dairələrdə yaxşı qarşılanmırdı. Əslində isə bu işdə başqa məqamlar var idi. Vəsilə Əbilhəsənovadan əvvəl sənədləşdirilən 2 hektar torpağın qanunsuz satışı və ya kiminsə adına keçirilməsi söhbəti böyümüşdü. Bu məsələdə isə V.Əbilhəsənova, torpağın öz sahibinə verilməsinin tərəfindəydi. Abşeron rayonu Memarlıq və Arxitektura şöbəsinin fəal əməkdaşı Elgiz Fərəcovun isə Vəsilənin oyundan kənara çıxmasını görəndə, onlara lazım olan “həqiqəti” deməyəndə, onlarla razılaşmayanda, yəqin ki, əslində, görüntüdə bələdiyyə sədri olan Vəsilə Əbilhəsənovanın oyundan çıxmasından, ona baş əyməməsindən hirslənmişdi. Və təbii ki, bu hirsini soyutmaqda ona, ancaq əlində “dəlilik kağızı” olan Fədai Hüseynov kömək edə bilərdi.

QATİL SƏDRƏ HANSI SƏNƏDLƏRƏ İMZA ATDIRIB?

yenicag_ves8 iyun… 2015-ci il. Sabaha ad günü hazırlıqlıqları görən Əbilhəsənovlar ailəsində birinci Vəsiləni təbrik edən əri Vəfadar Əbilhəsənov oldu. Ad günü münasibəti ilə alınan tortdan hərə bir tikə götürüb, çay da içdilər. Televizorda maraqlı veriliş getdiyindən Vəfadar oğlu ilə, aşağı mərtəbədə televizora baxırdı. Vəsilə də 8 yaşlı qızı Fidanı yatırmağa qalxır. Gecədən bir az keçmiş, Meyxanım xalanın ikinci mərtəbədə yatdığı otaqda pəncərəsi döyülür. Gecə vaxtı pəncərədən Fədainin səsini eşidən qadın, təlaşla pəncərəni açarkən, Fədai onun sinəsindən vurub yerə yıxır. 1 metr 90 sm boyu olan Fədainin bir zərbəsinin qarşısında 60 yaşlı qadın neyləyəcəkdi ki… Aldığı zərbədən Meyxanım arvad, tappıltı ilə yerə yıxılır. Fədai onun üzərindən atlanıb, dəhlizə çıxır, Vəsilənin yataq otağına keçib, qapını arxadan bağlayır. Otaqda nə baş verdiyini təbii ki, 8 yaşlı qızı Fidan bilir…

Bu zaman yuxarıdan qayınanasının səsini eşidən Vəfadar ikinci mərtəbəyə qalxıb, onu yerə yıxılı görür. Nə baş verdiyini soruşduqda, arvad deyir ki, Fədai keçib Vəsilənin otağına, qapını arxadan bağlayıb. Elə bu vaxt Vəfadarın kürəyinə arxadan bir əl dəyir. Dönüb baxanda əlində iri bıçaq tutmuş Fədaini görür. Fədaini vurmaq istəyəndə, əlindəki bıçağı onun ürəyinə sancıb və bıçaqla ürəyini ovur. Təbii ki, dəfələrlə adam bıçaqlamaqda usta olan Fədai üçün, Vəfadarı da vurmaq toyuq başı kəsmək kimi asan bir iş idi. O, kənarda dayanaraq, bu müdhiş hadisəyə baxıb qışqıran nə 11 yaşlı İsmayıla, nə də Vəfadarın Qazaxıstandan yenicə qonaq gəlmiş bacısı Natellya xətər yetirmədən, qaçıb gedir. Qardaşının bir anda öldüyünü görən Natella yuxarı çıxıb, Vəsiləni köməyə çağırmaq istəyir. Vəsilə yazı stolunun qabağındakı stulda oturub, gözləri bərəlmiş halda, əli boğazında ona baxırdı. Natella ağlaya-ağlaya Vəsiləyə demək istəyir ki, Vəfadarı Fədai öldürdü.

Bir də görür ki, Vəsilənin boğazına dolanmış yataq mələfəsi də qanın içərisindədir. Fədai bir az əvvəl Vəsiləni yataqda qalxızıb, 8 yaşlı Fidanın gözü qarşısında, stolda otuzdurur… Burada istintaqın diqqətlə araşdırması gərək olan bir məqam var. Vəsilə yatağından qaldırılaraq, stolda otuzdurulur.
Deməli, Vəsiləyə hansısa sənədə imza atdırılıb. Bu mütləqdir. Yoxsa ki, qatil, Vəsiləni elə yatağında da öldürməliydi. Vəsiləyə hansısa sənədə və ya sənədlərə imza atdırılıb?! İmza atdırandan sonra, qatil Fədai onun alnının ortasından bir yumruq vurur, sonra isə boynunu arxadan boğazının altına qədər kəsir. Buradan da düşüb, Vəfadarı öldürür. Vəsilə isə hələ canında can var ikən, uşaq qorxmasın deyə və boğazından axan qanı saxlamaq üçün, əlini mələfəyə atıb boğazına sarıya bilir. Bir əli ilə isə boğazını tutmuş halda canını tapşırır. Vəsilənin anası və Natella Sumqayıt Şəhəri Təcili Yardım İdarəsinə zəng vurub kömək istəsələr də, onlar ilk yardımdan imtina edib deyirlər ki, belə yardım ərizə üzrə olmalıdır. Ancaq Abşeron rayonunun təcili yardımı kömək edə bilər. Sonra ailənin dostları təcili yardım briqadasına pul təklif edəndən sonra, onları çağırışa gəlməyə razı salırlar. Qanlı qətli həyata keçirən Fədai hadisə yerinə hazırlıqlı, iki ədəd bıçaqla gəlir. O, Vəsilə Əbilhəsənovanı bir bıçaqla, Vəfadarı isə başqa bıçaqla öldürür. Vəfadarı ona görə öldürür ki, o bu cinayəti yerdə qoymayacaqdı, əgər sağ qalsaydı…

Əgər Vəfadar yoxdursa, əlindəki “dəlilik kağızı” ilə 1 ildən sonra azadlığa çıxacaq. Vəfadardan başqa isə, nəslin elə bir adamı yoxdur ki, bu qanın qisasını alsın və ya qatı cinayətdə adı keçən adamların cəzalanmasını istəyə bilsin. Hadisə yerindən uşaqlaşan Fədai görəsən, əlində hansı sənədləri aparıb və o sənədləri kimə verib? Yaxşı istintaqçı bu suallara aydınlıq gətirə bilər.

MÜƏMMALI İSTİNTAQ PROSESİ

Əslində, cani bütün fəndlərini və planlarını düzgün qurub. Vəsilənin və Vəfadarın öldürülməsindən 2 həftəyə yaxın vaxt keçir. Bu müddət ərzində, istintaq da elə bil ki, hardansa “başla” əmrini gözləyir. AR Cinayət Prosessual Məcəlləsinin müvafiq bəndlərinə görə, əslində belə ağır bir cinayət işinin istintaqı, Abşeron rayon Prokurorluğundan alınıb, Bakı Şəhər və ya Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilməliydi. Çünki, qətlə yetirilmiş hər iki vətəndaş dövlət məmurudurlar. Və bu öldürülən şəxslərin adları ətrafında vəzifəli şəxslərin isimləri hallanır. Qızı və kürəkəni gözünün qarşısında öldürülən Meyxanım Həsənova, həmin gündən sonra nəvələri İsmayılı və Fidanı görməyib. Əvvəlcə İsmayıl və Fidan Vəfadar Əbilhəsənovun xalası oğlu İlqarın evində qalıblar. 7 məclisini verəndən sonra isə, uşaqların əllərindəki telefonlar da onlardan alınıb, əvvəllər Meyxanım nənə nəvələri ilə heç olmasa telefonla danışırdı. İndi isə, kimsə nəvələrini gizlədib, nənələri ilə görüşməyə qoymurlar. Bu balaca uşaqlar ağır və dəhşətli bir hadisənin şahidi olublar. Onlara hazırda psixoloq köməyi və bələkdən bu uşaqları tərbiyə edən nənələrinin istisi, məhəbbəti lazımdır. Səbəb isə, çox sadədir.

YETİM QALAN KÖRPƏLƏRİ KİM VƏ NİYƏ GİZLƏDİB?

Vəfadarın qohumları belə qərara gəlib ki, uşaqlar nənəsindən alınıb, ancaq ata tərəfin qohumlarına verilməlidir. Nəvələrini görmək tələbini qaldıranda isə Vəfadarın qardaşı İlqar Əbilhəsənov bir neçə dəfə arvadın üzərinə hücum çəkərək, onu öldürəcəyi ilə hədələyib. 60 yaşlı qadın bu hədələrdən sonra qızı Vəsilə və Vəfadarla birlikdə aldıqları evdən çıxıb ki, dəfələrlə ağır cinayətlər törədib, məhkumluğu olan İlqar Əbilhəsənov onu öldürməsin. Çünki, ailədə, hər kəs bu gün Vəfadarın kiçik biznes obyektlərinə, bir neçə yerdə olan evinə sahiblənmək istəyirlər.

Onu da qeyd edim ki, Vəfadar özü də çox işgüzar və bacarıqlı bir oğlan olub. Gənc olmasına baxmayaraq, pul qazanmaq, iş qurmaq keyfiyyətlərinə malik olub. Əvvəllər Sumqayıt şəhərində işləyib, “B&G” Sığorta şirkətinin filial rəhbəri vəzifəsində çalışıb. Mərhumun son iş yeri isə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri işləyirdi. Narkotikə və cinayətə meylli olan qardaşı İlqarı Azərbaycandan və öz yanından uzaqlaşdırmaq üçün Antalyada ona ev və dükan alıb ki, orada başını qatsın. Çünki öz ailəsi ilə də ayrılan İlqar vaxtlı-vaxtsız, qardaşı üçün də xoşagəlməz sürprizlər edirdi. Təki ailəsinə və özünə narahatçılıq yaratmasın.

İndi, Qazaxıstandan təzə gələn Natella Əbilhəsənova, qardaşı İlqar əlbir olaraq, belə qərara gəliblər ki, Vəfadarın bütün mülklərinə və sərvətinə sahib çıxsınlar. Nənə Meyxanım Həsənova iddia edir ki, körpələri ta bələkdən özü böyüdüb, öz ailəsinə böyüklük etməyən İlqar qardaşı uşaqlarına sahiblik edə bilməz, Vəfadarın atasının yaşı 70-dən ötüb. Bacısı Natella isə Qazaxıstan vətəndaşıdır. Heç yerdə işləmir. Belə olan surətdə, Əbilhəsənovlar ailəsi, uşaqları Vəfadarın Mübariz adlı xalası oğlunun himayəsinə vermək istəyirlər. 20 günə yaxındır ki, nənənin nəvələri üçün dili-dodağı yanır. Onların harda, hansı şəraitdə saxlanılmasından xəbəri yoxdur. Bir neçə dəfə cinayət işinin istintaqını aparan müstəntiqə bu haqda şikayət etsə də, müstəntiq onun şikayətini qulaqardına vurub. Yalnız bu gün, qadın Sumqayıt şəhərinin 3-cü polis bölməsinə şikayət edərək, nəvələrinin tapılmasında ona kömək etmələrini xahiş edib. İyunun 19-u Vəsilə Əbilhəsənova və Vəfadar Əbilhəsənovların oğlu İsmayılın 11 yaşı tamam oldu. İsmayılı heç kim təbrik etmədi. Çünki onlar hələ də elə bilirlər ki ata və anaları aldıqları ağır yaralardan xəstəxanada müalicə olunurlar. Sevdikləri nənələri Meyxanımı da görmürlər. Uşaqlar əsil dəhşət yaşayırlar. Əsil yetim belə olur. Bir də ki, yetimin ata-anasından varı-dövləti qalanda ona gəl-gəl deyən çox olur.

AzNews.az

www.yenicag.az

122