!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AB-nin Qarabağ SİYASƏTİ: "Rusiya Ermənistan üçün etibarlı qarantiya deyil" - POLİTOLOQ

!Reklam – Yazi

“Müharibədən sonra qarşımızdakı əsas istiqamət diplomatik fəaliyyətin gücləndirilməsidir. Azərbaycan bütün dünyaya sülhə hazır olduğunu nümayiş etdirməli, beynəlxalq çağırışlara və təşəbbüslərə dəstək verməlidir”.

Bunu Azərbaycanın Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsinin Qoşmasının 8-ci bəndində “münaqişənin təsirinə məruz qalmış regionlarda Azərbaycan Respublikasının müvafiq sorğusu olmadan və onunla razılaşdırılmadan hər hansı əməliyyat həyata keçirilə bilməz” düzəlişini sənədə daxil etdirməsini şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Nəsimi Məmmədli bildirib ki, Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalanması hələlik real deyil:

“İllərlə davam edən düşmənçilikdən sonra münasibətləri müəyyən zaman keçdikdən sonra bərpa etmək mümkün olacaq. Lakin sülhü və əməkdaşlığı yaxınlaşdıran bəzi məsələlərin həllinə real imkanlar var. Bir-biri ilə sıx bağlı olan bu fərqli məsələləri ayrılıqda təsnifatlaşdırsaq, belə bir nəticəyə gəlirik.

Birincisi, kommunikasiya xətlərinin açılması; ikincisi, sərhədlərin delimitasiya və demarkasiyası, üçüncüsü isə Qarabağdaxili vəziyyətdir.

Kommunikasiyalarla bağlı məsələ, əsasən, öz siyasi həllini tapıb. Məsələnin texniki həlli üçün müvafiq zaman tələb olunur. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı fikir ayrılıqları və mübahisələr davam etsə də, bunun da həllinin real mexanizmləri var. Çox güman ki, yaxın aylarda və illərdə bu istiqamətdə də irəliləyişlər olacaq.

Problemli və mürəkkəb məsələ Qarabağdaxili vəziyyətdir. Bu məsələnin hansı vaxt ərzində, necə tənzimlənəcəyi hələ aydın deyil. Faktiki olaraq nə tərəflər, nə də vasitəçilər ortaya real sənəd qoya bilir. Azərbaycan rəsmən bəyan edib ki, Qarabağda yaşayan ermənilərə heç bir “status” verməyəcək. Rəsmən bu məsələnin müzakirəsini rədd edir. Yerli erməni əhalisinin inteqrasiyası ilə bağlı razılaşdırılan plan hələ mövcud deyil.

Azərbaycan hesab edir ki, kommunikasiyalar, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər öz müsbət həllini tapdıqdan sonra Qarabağdaxili vəziyyətin nizamlanması prosesi daha asan olacaq. Tərəflər arasında psixoloji gərginlik azalacaq, əməkdaşlıq və birgə yaşayış imkanları genişlənəcək.

Ermənistan tərəfi isə çalışır ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə və rifahına bəri başdan etibarlı beynəlxalq qarantiya alsın. Bunu daha çox Avropa Birliyinin vasitəsi ilə həyata keçirmək niyyətindədir. Hazırda Rusiya Qarabağda hərbi baxımdan mövcud olsa da, bu Ermənistan üçün etibarlı qarantiya deyil. Qarabağdakı sülhməramlılar müvəqqəti statusdadır və Rusiyanın geosiyasi maraqları regionda, əsasən, təmin olunub. Qarabağda nəyin bahasına olursa-olsun, qalmaq məsələsi qarşıdakı illərdə Rusiya üçün çox da əhəmiyyətli olmaya bilər”.

Politoloq Ermənistan hökumətinin sülh müqaviləsi imzalanana kimi Qarabağa beynəlxalq humanitar qurumları cəlb etməyə nail olmaq istədiyini vurğulayıb:

“Bununla erməni əhalinin Qarabağda təhlükəsiz və firavan yaşamasına geniş imkanlar yaransın. Ərazini tərk edənlərin qarşısı alınsın və burada yaşamağa həvəslənsinlər. Bu məqsədlə AB-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində maliyyə və siyasi dəstək almağa çalışırlar.

AB-nin “üçlü formatı” Azərbaycanın milli maraqlarına uyğun olsa da, müəyyən riskləri də var. Azərbaycan haqlı olaraq Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsinin Qoşmasının 8-ci bəndində “münaqişənin təsirinə məruz qalmış regionlarda Azərbaycan Respublikasının müvafiq sorğusu olmadan və onunla razılaşdırılmadan hər hansı əməliyyat həyata keçirilə bilməz” düzəlişini sənədə daxil etdirdi. Əslində, bununla Qarabağ daxilində nizamlama prosesinin nəzarətdən çıxmasının qarşısı xeyli alındı. İndi nə Rusiya təkbaşına burada istədiyi kimi davrana biləcək, nə də Avropa qurumları istədikləri kimi müdaxilə imkanı qazanacaq”.

Səxavət Məmməd

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv