Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Abbaszadənin açdığı “yol”: Qandallanacaq növbəti separatçı kim olacaq?

Reklam: High Technic

“Başqa separatçıların da həbs olunması üçün zəruri sənədlər “İnterpol”a təqdim edilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxtəlif ölkələrdə Azərbaycan əleyhinə fəaliyyət göstərən etnik separatçı mərkəzlərin neytrallaşdırılması və onların rəhbərlərinin qanunun mühakiməsinə verilməsi məsələsini dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Uzun müddətdir Rusiyada yaşayan separatçı “talış ideoloqu” Fəxrəddin Abbaszadənin (Aboszadə) Azərbaycanın sorğusu əsasında “İnterpol” tərəfindən Rusiyada həbs olunması müxtəlif ölkələrdə məskunlaşaraq, ölkəmizə qarşı pozuculuq fəaliyyətilə məşğul olan onun kimi “xadim”lərə də eyni aqibətin yaşadılması zərurətini ön plana çıxardı.

1993-cü ildə baş verən “talış-Muğan” avantürasının əsas hərəkətvericilərindən biri olan, son illərdə özünü Rusiyada yaşayan etnik talışların ideoloji “lider”i qismində aparan Abbaszadənin həbsi əlbəttə ki, Azərbaycanın bütövlüyünü hədəfə alan separatçı mərkəzlərə vurulan böyük zərbədir.

Lakin o da nəzərə alınmalıdır ki, Abbaszadənin zərərsizləşdirilməsi separatçılıq ocaqlarının tam söndürülməsi anlamına gəlmir. Çünki başda Rusiya olmaqla, Qərbi Avropanın bir sıra ölkələrində də Azərbaycan əleyhinə sistemli fəaliyyət göstərən etnik separatçı dairələr mövcuddur.

Ancaq xüsusi vurğulanmalıdır ki, Azərbaycana qarşı təşkilatlanmış separatçı şəbəkə əsasən, Rusiyada fəaliyyət göstərir. Yəni Azərbaycanı tərk edən separatçı talış, ləzgi, kürd və ya digər etnik bölücülər Rusiyanı öz fəaliyyətləri üçün ən münbit ölkə hesab edirlər. Əslində, bu “tərcih”də Rusiya xüsusi xidmətinin təhrikedici və stimullaşdırıcı rol oynadığı da hər kəsə məlumdur.

Abbaszadədən sonra qollarına qandal vurulası separatçıların siyahısı ifrat dərəcədə geniş olmasa da, hər halda onların sayı az deyil. Kimlər var o siyahıda? Zabil Məhərrəmov, İsmayıl Şabanov, Adil Nəsirov, Vaqif Kərimov, Həjar Şamil və başqaları.

Zabil Məhərrəmov Rusiyada yaradılmış “Talışstan TV”nin informasiya şöbəsinin rəhbəri olaraq, Azərbaycana qarşı ideoloji təxribatlarla məşğuldur. Ermənistanı talışların “yeganə ümid yeri” adlandıran Zabilin mahiyyətini bu fikir tam dolğunluğu ilə açıb göstərir.

Astarada anadan olmuş Adil Nəsirov artıq xeyli müddətdir Rusiyaya köçüb və o ölkənin vətəndaşlığını qəbul edib. Hazırda Moskvada yaşayan Nəsirov da Zabil kimi Azərbaycan əleyhinə “ideoloji cəbhə”də qərarlaşıb.

İsmayıl Şabanov da yaşamaq və Azərbaycan əleyhinə fəaliyyət üçün daimi yaşayıq yeri olaraq, Rusiyanı seçib. Ona yaradılan hər fürsətdə Azərbaycanda “talışların hüquqlarının pozulduğunu” iddia edir.

Azərbaycanın Oğuz rayonunda doğulan, bir müddət bölgədə məsul vəzifələrdə işləyən Vaqif Kərimov isə daha sonra Rusiyaya köçərək, “ləzgilərin hüquqlarının müdafiəsi”nə başlayıb. O, separatçı həmfikirləri ilə birlikdə yaratdığı internet resurslarında Azərbaycan əleyhinə fasiləsiz kampaniya aparmaqla məşğuldur.

Azərbaycan əleyhinə separatçı fəaliyyətin bir qovşağı isə Qırğızıstandadır. Kürd separatçısı Həjar Şamil məhz həmin ölkədə Azərbaycan və Türkiyəyə qarşı “cəbhə açıb”. Lakin Azərbaycanın mövcud imkanları adları çəkilən separatçıların əvvəl-axır ədalət mühakiməsinə çıxarılacağına şübhə yeri qoymur.

Mövzu haqqında Yenicag.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan əleyhinə separatçı meyllərin güclənməsində maraqlı olan və buna hər vəchlə dəstək verən ölkələr var:

“Açıq etiraf olunmalıdır ki, Azərbaycanda separatçılığın yaranmasında şimal və cənub qonşularımız – Rusiya ilə İran maraqlıdır. Onlar nəinki maraqlıdırlar, hətta Azərbaycan əleyhinə istənilən analoji fəaliyyəti həvəslə stimullaşdırırlar.

Özünüz də baxın, müxtəlif separatçı dairələrin Rusiyada cəmləşməsi, orada telekanallar, saytlar açaraq Azərbaycan əleyhinə fəaliyyət göstərməsi əlbəttə ki, özfəaliyyət sayıla bilməz.

Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması Azərbaycanın “İnterpol”la əməkdaşlığının müsbət nəticələrindən biridir. Hesab edirəm ki, bu çərçivədə əməkdaşlığın davam etdirilməsi və adları çəkilən separatçıların da həbs olunması üçün zəruri sənədlər “İnterpol”a təqdim edilməlidir.

Əgər həmin təşkilat Abbaszadənin həbsinə sanksiya vermək üçün təqdim olunan sübutları əsaslı hesab etdisə, digərləri barəsində göndərilən məlumatlara da eyni diqqətlə yanaşa bilər. Sadəcə, Azərbaycan dövləti, diplomatik nümayəndəliklərimiz və diaspora qurumlarımız bu istiqamətdə səylə çalışmalıdırlar.

Digər tərəfdən, mütləq qeyd olunmalıdır ki, Azərbaycanda bütün etnik qrupların milli-mədəni inkişafı üçün hər bir şərait yaradılıb. Ölkədə əsrlər boyunca formalaşmış tolerant mühit daha da münbitləşib.

Belə bir şəraitdə kimlərinsə Azərbaycanda milli azlıqların hüquqlarının pozulduğunu iddia etməsi absurddur. Dediyim kimi, bu fəaliyyətlərin arxasında Azərbaycana təzyiq göstərməyə çalışan dövlətlər dayanır. Ancaq hər kəs görür ki, onların bu cəhdləri nəticə verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

4414
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM