Türkiyənin tanınmış köşə yazarlarından Emin Pazarçı ilə Rizədə Anadolu Yayınçılar Dərnəyi ilə “Qaradəniz” Xəbər Agentliyinin birgə təşkil etdiyi Beynəlxalq Media Şurasında söhbətləşdik. “Axşam” qəzetinin analitik yazarı ilə bölgədə baş verənləri və bunlara medianın yanaşmasını dəyərləndirdik.
– Söhbətimizə Media Şurasından başlayaq, əvvəlcə bu barədə danışardınız…
– Media Şurası dövlət dəstəyi ilə həyata keçirilən yaxşı bir lahiyədir. Ən əsası, burada danışılanların hamısı yerli media tərəfindən Anadolunun çox yerində yayımlanır və insanlara mühüm mesajlar verilir. Yəni bu da bir səsdir, bütün media quruluşlarına çatdırılır. Bunlar həyata keçirilməsi vacib olan fəaliyyətlərdir. Kaş bundan daha artıq büdcə ayrılaydı və indikindən daha geniş miqyasda çox işlər görə biləydik…
– Türkiyə beynəlxalq medianın ən çox hədəfə götürdüyü ölkələrdən biridir. Media Şurası xarici nəşrlərlə münasibətləri necə tənzimləyəcək?
– Xarici mediaya da birmənalı yanaşmaq doğru olmazdı. Çünki həmin nəşrlərin çoxu mənsub olduqları ölkələrin imperialist məqsədlərindən çıxış edən, o çərçivədən kənara çıxmayan media quruluşlarıdır. Sərbəst və azad olmayan xarici mediaya fərqli baxmaq lazımdır. Ona görə də, əcnəbi nəşrlərdə “o yazıldı, bu yazıldı” deyib, onları nöqtə-vergülünə qədər ciddiyə almağa ehtiyac yoxdur. Çünki o ölkələrin rəhbərliyi zaman-zaman özlərinin açıq deyə bilmədiklərini media vasitəsilə diqqətə çatdırırlar. Yəni bu, bizim yanılmağımız anlamına gəlməməlidir. Bu, təbii ki, Türkiyənin əleyhinə fəaliyyət göstərən xarici mediaya qarşı səssiz qalmağımız demək deyil. Sözsüz ki, biz də Türkiyənin mövqeyini ifadə edirik. O mənada xarici mediaya da bu aspektdən yanaşmalıyıq. Yenə deyirəm, xarici media obyektivliyə riayət edən, məlumatları şərhsiz yox, məqsədli formada verən müstəqil yayım orqanları deyil. Hər halda, əsassız gözləntilərə aludə olmağa ehtiyac yoxdur.
– Beynəlxalq güclər Türkiyə əleyhinə fəaliyyəti yalnız xarici media orqanları vasitəsilə həyata keçirirlər? Onlar Türkiyənin müəyyən media quruluşlarını da bu işə cəlb edirlərmi?
– Təbii, onların Türkiyə mediası içində o işləri həyata keçirən əlaltıları var. Həmçinin, birbaşa öz əlaltıları da bu işlərlə məşğuldurlar. Ancaq xarici media daxilində – məsələn, Almaniyada – Türkiyə tərəfdarı olan quruluşlar da var. Bu məsələlərə təbii baxılmalıdır. Həmçinin, xarici jurnalistlərin hamısının ucdantutma agent olduğunu söyləmək, onların hamısının Türkiyəyə qeyri-obyektiv yanaşdığını demək də düz deyil. Ancaq məsələyə geniş baxsaq, əlbəttə ki, xarici media öz ölkələrinin maraqları üçün çalışır.
– Hazırda İraqın şimalındakı vəziyyət, orada baş verənlər və Bərzani məsələsi də sanki mediada ikitirəlik yaradıb. Siz bu barədə nə düşünürsüz?
– Bildiyiniz kimi, Türkiyə zamanında Bərzaniyə hərtərəfli dəstək verdi, nə zaman çətin vəziyyətə düşsə, ona yardım əlini uzatdı. Ancaq Bərzani bunu düzgün qiymətləndirə bilmədi. O da atası Mustafa Bərzani kimi boş xəyalların arxasınca qaçdı və regionda öz maraqlarını təmin etməyə çalışan imperialist qüvvələrin izi ilə getdi. Siz də bilirsiz ki, Mustafa Bərzani keçmişdə Sovetlərin təhriki və dəstəyi ilə bölgədə müəyyən fəaliyyətə təşəbbüs etmişdi, hətta Mahabad Kürd Cümhuriyyətini də qurmuşdu. Ancaq o Cümhuriyyət 11 aydan sonra yıxıldı. Bundan sonra ikinci dəfə ayağa qalxdı, ancaq uğursuzluqla üzləşərək, ABŞ-a qaçmalı oldu və orada da öldü. Yəni Rusiyanın adamı kimi baş qaldırdı və daha sonra Amerikanın qucağında vəfat etdi.
İndi onun oğlu Məsud Bərzaniyə baxdığımızda da görürük ki, o da atasının yolu ilə getməkdə və onun səhvlərini təkrarlamaqdadır. Deyirlər ki, biz bu ölkədə məzlum xalqıq və bizim də öz müqəddəratımızı təyin etmək haqqımız var. Ancaq siz axı öz müqəddəratınızı təyin etmirsiz, o bölqədə başqalarının müqəddəratını təyin etməyə çalışırsız. O bölgədə türkmanlar və ərəblər də yaşayırlar. Ancaq siz onlara təzyiq göstərərək, zülm edərək, yer-yurdlarından qovaraq, bölgədə düzən yaratmağa cəhd göstərirsiz. Qüsura baxmayın, amma buna heç kim icazə verməz.
Bundan başqa, siz region ölkələri ilə əlaqələr qurmaq əvəzinə, İsrailin bayraqlarını qaldırırsız, ABŞ-ın qoltuğuna sığınırsız və regionda gərginlik yaradan addımlar atırsız… Yenə deyirəm, buna heç kəs imkan verməz. Bərzani də hazırda atdığı yanlış addımların cəzasını çəkir.
– Bu proseslərdə Türkiyənin Kərkükə ordu yeridəcəyi gözlənilsə də, qoşunlar Suriyanın İdlib bölgəsinə göndərildi. Bu addım son proseslərdə Türkiyənin yox, İranın qalibiyyəti kimi qiymətləndirildi. Siz bu məsələyə necə yanaşırsız?
– İran o bölgəyə girdimi?
– “Haşdi Şabi” ordadır…
– “Haşdi Şabi” ordadırsa, orada bizim türkmanlar da var. Eləyə qalsa, biz də ordayıq. Yəni ora girmək elə də sadə məsələ deyil. 1926-cı ildə imzalanmış Ankara müqaviləsinə görə, Türkiyə o bölgədə konkret hüquqları olan təminatçı dövlətdir. Amma bölgəyə girməyin müəyyən şərtləri var və Türkiyə o şərtləri ortaya qoydu. Bölgədəki Bərzani işğalı aradan qaldırıldıqdan, bunun nəticəsində türkmanların və ərəblərin hüquqları bərpa edildikdən, həmçinin yeni strukturlaşmadan sonra Türkiyənin ora daxil olmasına da ehtiyac qalmır. Yəni bu məsələlər belə qiymətləndirilməlidir. Əsas olan, müharibə deyil, Türkiyənin o bölgədəki hüquqlarının, maraqlarının təmin olunmasıdır. Bu işlərin başlanğıcında Türkiyə məlum məsələyə imkan verməyəcəyini bəyan etdi və imkan vermədi. Hər işi nəticəsinə görə qiymətləndirmək lazımdır.
– Türkiyə, İran və Rusiyanın bu proseslərdə, xüsusilə Suriyada birlikdə hərəkət etməsi görüntüsü var. Bu, doğru qənaətdirmi?
– Baxın, uzun illərdi, Türkiyə birqütblü dünyada yaşayırdı, ABŞ dünyaya təkbaşına düzən verirdi. Türkiyə də ABŞ-ın arxasınca getmək durumundaydı. Ancaq nə vaxt ki ABŞ “qırmızı xətt”i keçdi, Türkiyənin maraqlarına zərbə vurmağa başladı, o zaman ölkəmiz də yeni müttəfiqlər axtarmağa başladı. Bu da təbiidir. Türkiyənin ABŞ-a təslim olmaması da təbii durumdur. Məsələlərə belə baxmaq lazımdır. Xatırladım ki, Cümhuriyyətin ilk illərində də Türkiyə, İran, İraq və Əfqanıstandan ibarət Qərbin işğalçı siyasətinə qarşı bir ittifaq yaradılmışdı. Hazırda Qərbin işğalçılıq siyasəti Türkiyəni, Rusiyanı və regionun digər ölkələrini də təhdid etməkdədir. O baxımdan, keçmişdə imzalanmış Saadabad Paktına bənzər ittifaqların yaradılması zərurətinin ortaya çıxması təbiidir.
15 iyul çevriliş cəhdindən sonra Türkiyənin yanında olan ilk dövlət Azərbaycan idi və bu da bizim üçün gözlənilməz deyildi. Çünki Azərbaycana fərqli bir ölkə kimi baxmırıq, qardaş bilirik. Ondan sonra hərbi təyyarəsi vurulan Rusiya, onun prezidenti Putin də Türkiyənin yanında yer aldı. Niyə? Çünki ümumi düşmən bizə də hücum edir, onlara da. Ümumi düşmənin məhz Amerika olduğu göründü və iki güc bir araya gəldi. O baxımdan, belə ittifaqlara təbii baxmaq lazımdır. Hansısa dövlət milli maraqları təmin olunmayan bir ittifaqda qalmaq məcburiyyətində deyil. Əgər daxil olduğunuz ittifaq sizin maraqlarınıza zərbə vurursa, əlbəttə ki o halda yeni birlik axtaracaqsız. Bu da çox təbiidir.