“Azərbaycan cəmiyətinin böyük hissəsi ABŞ-a rəğbət bəsləyir, ona başqa nə lazımdır ki, götürsün?”.
Bu fikirləri ABŞ ilə Rusiyanın Cənubi Qafqaz regionu və Azərbaycan üzərindən “söz atışması”nı şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiyadan fərqli olaraq, ABŞ bütün imkanları ilə artıq Azərbaycandadır:
“Lavrov cavanlığında çox istedadlı diplomat olub. Onun siyasi karyerasının zirvəsi Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan vaxta təsadüf edir. Sonra onu xarici işlər naziri təyin etdilər və tənəzzülü başladı. Çünki Rusiyanın xarici siyasəti Putinin inhisarındadır. Bu şəraitdə xarici işlər nazirinin əhəmiyyəti sıfır həddindədir.
Yəni ölkənin xarici siyasətini Lavrov həyata keçirmir. O deyəndə ki ABŞ Azərbaycanda, Cənubi Qafqazda möhkəm oturmaq istəyir və niyyəti qarışıqlıq salmaqdır, anlamıram, nəyi nəzərdə tutur.
ABŞ Azərbaycanın neftini götürüb, Azərbaycanın neft-qaz ixrac kəmərlərini götürüb, Azərbaycan ərazisindən mərkəzi Asiyaya getmək üçün tranzit kimi istifadə edir və sair. Azərbaycan cəmiyyətinin böyük hissəsi ABŞ-a rəğbət bəsləyir, ona başqa nə lazımdır ki, götürsün? Ordusunu göndərməlidir?
ABŞ-nin ən yaxın müttəfiqi olan Türkiyənin Azərbaycanda komandanlığı var. Bundan artıq ABŞ-yə nə lazımdır? Lavrovun dediyində həqiqət yoxdur. ABŞ artıq Azərbaycandadır. Hətta o miqyasda ki, Rusiya öz kütbeyin siyasəti ilə buna imkan yaratdı. Azərbaycan əvvəl mütləq mənada Rusiyanın təsir dairəsində idi. Rusiya rəhbərliyinin səriştəsizliyindən onlar Azərbaycanı itirdilər”.
Səxavət Məmməd