ABŞ təzyiqləri artırır: Türkiyəli pilotlar F-35 təlimlərindən kənarlaşdırılır

Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin alınmasından imtina etmədiyinə görə yeni təzyiq vasitələrinə əl atır.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqton bu çərçivədə Türkiyəli pilotların F-35 qırıcı-bombardmançı təyyarələrinin idarə olunması üzrə təlim proqramlarında iştirakını dayandırır.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin bununla bağlı qərarına uyğun olaraq, F-35 təlim proqramlarında iştirak edən Türkiyəli pilotlar iyulun 31-də ölkəni tərk etməli olacaqlar.

Qeyd edək ki, hazırda ABŞ-ın Arizona ştatında yerləşən Luk və Florida ştatında yerləşən Eqlin aviabazalarında Türkiyədən ümumilikdə 42 pilot təlim keçir. İyul-noyabr aylarında daha 14 pilotun təlimlərə cəlb olunması nəzərdə tutulurdu.

Bundan başqa, Türkiyə müdafiə sənayesinin iyulun 31-dən etibarən, F-35 istehsal prosesindən kənarlaşdırılacağı gözlənilir. Eyni zamanda, Türkiyə bu proqramla əlaqədar iyunun 12-nə təyin olunmuş toplantıya da dəvət edilməyib.

Xatırladaq ki, F-35-lərin istehsal prosesində yer alan Türkiyə “Lockheed Martin” şirkətinə 9 milyard dollarlıq müqavilə əsasında 100 təyyarə sifariş edib.

 

COP29