!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Qərbin Ermənistandan TƏLƏBİ: "Moskva İrəvanın hərəkətlərinə dözməyəcək"

!Reklam – Yazi

“Rusiya hələ ki, Ermənistanın hərəkətlərinə etirazını bəyanatlarla bildirir. Amma bu, heç də o anlama gəlməməlidir ki, rəsmi Moskva bəyanatlardan o yana getməyəcək”.

Bu fikri Qərbin Cənubi Qafqazla bağlı istəkləri, Paşinyandan edilən tələblər və gərginliyin bu həddə gəlməsinin səbəblərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, həm ABŞ, həm də onların Avropadakı müttəfiqləri Paşinyandan hakimiyyətə gəlmək üçün onların qarşısında götürdükləri öhdəliyi icra edilməsini tələb edir:

“Yaxşı məlumdur ki, Paşinyanın hakimiyyətə gəlişi onun həm jurnalistlik fəliyyətində, həm də müxalifətdə olduğu dövrdə anti-Rusiya mövqeyi ilə əlaqədardır. Rəsmi Kreml hər nə qədər də onun hakimiyyətə gəlişini əngəlləmək istəsə də, Soros fondunun maliyyə imkanları, ABŞ və Qərbin təbliğat vasitələri Paşinyanın hakimiyətə gəlişini təmin edə bildi. Təbii ki, müəyyən öhdəliklər qarşılığında. Ən vacib öhdəlik isə Rusiyanın təsir dairəsindən çıxmaq və Qərbə üz tutaması ilə bağlı idi.

Rusiyanın Ermənistana təsir imkanları, Paşinyan müxalifətinin rusiyameyilli olması və ən nəhayətdə Qərbin yetərli dəstəyinin olmaması Paşinyan tərəfindən həyata keçirilməli olan planları bir qədər təxirə salmışdı. Hakimiyyətə gəldiyi ilk vaxtlarda rus dilində təhsilin dayandırılması, Rusiya kanallarını Ermənistan ərazisində yayımına qoyulan qadağalarla bağlı verdiyi qərarlardan sonra müəyyən pauza götürən Paşinyan bununla həm də Qərbə “yetərli dəstək verməyəcəyiniz halda Rusiya ilə münasibətləri kəsmək mümkün deyil” mesajını verməyə başladı. Hətta bir az da dərinə gedərək Rusiya sülhməramlılarının mandatını 15-20 il uzadılması haqqında təkliflər verməyə başladı. Amma zaman keçdikcə, öz mövqelərini möhkəmləndirməyi bacaran Paşinyan, Rusiyanın Ukrayna bataqlığında ilişib qalmasından da istifadə edərək Rusiyanın maraqlarının ziddinə Qərbə doğru dönüş etməyə başladı.

KTMT-dəki nümayəndənin geri çağırılması, KTMT təlimlərində iştirakdan imtina və s. bu kimi addımlar onu göstərdi ki, rəsmi İrəvanın Qərb qarşısında götürdüyü öhdəlikləri icra erməsi üçün ona verilmiş vaxt limiti artıq bitmək üzrədir.

Rusiyanın bütün etirazlarına baxmayaraq ABŞ ilə birgə təlimlərin keçirilməsi, Ermənistan baş nazirinin həyat yoldaşının Kiyevə səfəri və yenə də Kremlin xəbərdarlıqlarına baxmayaraq Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası onu deməyə əsas verir ki, Ermənistanın “yeni qucağa oturması” üçün düyməyə basılıb. Elə Paşinyanın son bəyanatları da bunu açıq şəkildə sübut edir.

“Politico Europe” nəşrinə müsahibəsində Paşinyan açı şəkildə Ermənistanın öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməyəcəyini söyləməklə yanaşı, həm də Rusiya Federasiyası ilə strateji tərəfdaşlıqla bağlı seçimin səhv olduğunu bildirdi. Ermənistanın baş naziri Moskvanın Cənubi Qafqazda təsir imkanlarını itirdiyini az qala açıq şəkildə bəyan etdi.

Rusiya sülhməramlı kontingentinin öz missiyasını yerinə yetirmədiyini bildirən Paşinyan onu da əlavə etdi ki, Rusiya sülhməramlıları olmasaydı, regionda vəziyyət daha pis ola bilərdi.

Rusiya hələ ki, Ermənistanın hərəkətlərinə etirazını bəyanatlarla bildirir. Amma bu heç də o anlama gəlməməlidir ki, rəsmi Moskva bəyanatlardan o yana getməyəcək. Rusiyanın əlində Ermənistan təzyiq imkanları yetərli qədərdir və o, bu imkanlardan maksimum şəkildə istifadə edəcək.

Ermənistanın Qərbə doğru üz tutmasından narahat olan digər region ölkəsi də təbii ki, İrandır. İranın indiyə qədər Ermənistana olan bütün dəstəyinə baxmayaraq bu ölkənin Qərblə münasibətlərdə yeni səhifə açması rəsmi Tehranı olduqca narahat edir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyan ilə telefon danışığı zamanı bu narahatçılığını açıq şəkildə bəyan edərək xarici qüvvələrin Cənubi Qafqaza gəlişinin yolverilməz olduğunu bildirib. ABŞ və Ermənistanın birgə hərbi təlimlərini şərh edən İran xarici işlər naziri xarici qüvvələrin mövcudluğunu “regiondakı vəziyyəti çətinləşdirən səbəb” adlandırıb. İran diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, Cənubi Qafqaz ölkələri arasında fikir ayrılıqları Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakını nəzərdə tutan “üç+üç” formatı çərçivəsində həll edilməlidir.

Göründüyü kimi, Ermənistanın regionda faktiki olaraq təklənmə prosesi gedir. Bunun qarşısını almaq üçün isə Paşinyan və komandasının hər hansı manevr imkanı yoxdur. Çünki ABŞ Ermənistanın Rusiyadan qoparaq Vaşinqtonun tərəfdaşı olmaq üçün real qərar verməsini istəyir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim açıq şəkildə bəyan edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağ”dakı vəziyyətlə bağlı dinləmələr zamanı Kim qeyd edib ki, “Qoşunlarımız ilk dəfə ikitərəfli təlimlər keçirmək üçün Ermənistandadır və biz bu vəziyyətdən istifadə etməyə davam edəcəyik”. Daha sonra o bildirib ki, Ermənistanın Rusiyadan qoparılması üçün onlara dəstəyimizi davam etdirməliyik.

Göründüyü kimi, Ermənistan hakimiyyətinin yanlış qərarları və düşünülməmiş davranışları regionu Rusiya-ABŞ qarşıdurması üçün yeni poliqona çevirmək üzrədir. Bu qarşıdurmadan təbii olaraq bütün region ölkələri əziyyət çəkəcək, amma ən çox əziyyət çəkənin elə məhz Ermənistan olacağı şübhəsizdir”.

Səxavət Məmməd

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv