Rusiya prezidenti Vladimir Putinin separatçı Abxaziyaya səfəri Kremlin ərazi bütövlüyü pozulmuş postsovet ölkələrinə mesajı kimi qiymətləndirilir.
Yenicag.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin de-yure Gürcüstan ərazisi hesab olunan, de-fakto isə Moskvanın “vassal dövləti” sayılan Abxaziyaya nümayişkar səfəri arzuolunmaz presedentlərə yol açır.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada separatizmin stimullaşdırılmasında, bu ölkələrin ərazi bütövlüyünün pozulmasında Rusiyanın birbaşa iştirakını nəzərə alsaq, Putinin Abxaziyaya səfəri perspektiv üçün ciddi narahatlıq doğurur:
Mövzunu Yenicag.Az-a dəyərləndirən politoloq Taleh Əliyev bildirib ki, Putinin Abxaziyaya səfəri Gürcüstanda NATO təlimlərinin keçirilməsinə adekvat cavabdır:
“Bilirsiniz ki, Putinin Abxaziyaya olan bu səfəri çərçivəsində Gürcüstanda NATO təlimlərinə start verilib. Gürcüstanın NATO-ya inteqrasiyasının sürətləndirilməsilə bağlı mesajlar həm bu hərbi blok, həm də Tiflis rəhbərliyi tərəfindən son dövrlər daha da intensivləşib.
Bu mənada Putinin qondarma Abxaziya respublikasına səfərini ona adekvat cavab kimi dəyərləndirmək olar. Yəni Rusiyanın hakimiyyətdə olan ən ali şəxsi bu hərəkətilə Qərbə və Tiflisə Moskvanın sözügedən sürətlənən inteqrasiya prosesinə elə-belə yanaşmayacağı mesajını vermək istəyib. Bu addım Rusiyanın Qərbin Qafqaz siyasətinə adekvat cavabıdır”.
Həmsöhbətimizin fikrincə, rəsmi Bakı da NATO-ya münasibətdə Tiflisin hazırda həyata keçirdiyi siyasəti təkrarlayarsa, Putinin qondarma “DQR”ə anoloji səfər edəcəyini gözləmək olar:
“Azərbaycana gəldikdə, aydın məsələdir ki, Bakı tərəfindən də NATO-ya inteqrasiya məsələsində anoloji addımlar atılacaqsa, Putinin qondarma Dağlıq Qarabağa səfər edəcəyi də gözləniləndir.
Fikrimcə, Azərbaycan hakimiyyəti də məhz bu nüansları nəzərə alaraq, indiyə qədər birmənalı olaraq nə Qərb, nə də Rusiya istiqamətində reverans siyasəti yürütmür.
Balanslaşdırılmış siyasət də məhz tərəflərdən birinin Azərbaycan maraqlarına qarşı açıq çıxış etməsinə bəhanə yaratmamağa hesablanıb”.
ELÇİN