Reklam: High Technic
hightechnic

"Acınacaqlı durum olduğunu bilirdilər" -  Yanan Narkoloji Mərkəzlə bağlı şok açıqlama

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Yenicag.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çimnaz Ağayev ifadə verib.

O, Narkoloji Mərkəzdə tibb bacısı vəzifəsində çalışdığını bildirib: “Mən hadisə günü gündüz növbəsində işləmişdim. Sonra növbəmi Şəlalə xanıma təhvil verib getdim. Səhər gələndə ora yanmışdı. Mərkəzdə 55 xəstə var idi. Hadisədən 4 ay əvvəl Məhəmməd ora içkili vəziyyətdə müalicə üçün gəlib. Təzə gələndə onunla söhbət etmişəm, sərxoş vəziyyətdə idi. Həmin dövrlərdə Məhəmmədin iynələrini mən də vurmuşam”.

Hakim deyib ki, Ç.Ağayevin ifadələri arasında ziddiyətlər var. O, ilkin ifadəsində M.Məmmədovun Mərkəzdən qaçmağa meyilli olduğunu söyləyib. Şahid belə söz demədiyini bildirib.

Daha sonra Narkoloji Mərkəzin həkimi Etibar Kazımov dindirilib.

O deyib ki, son vaxtlar təqsirləndirilən Məhəmməd Məmmədov özünə qapalı olub: “Təzə xəstələr qəbul edəndə Məhəmmədin palatasına yazırdıq. O gəlib bizə yerinin dəyişdirilməsini istədiyini dedi. Xəstələr Məhəmmədlə münasibət qurmaqda çətinlik çəkirdilər. Mən yanğın vaxtı işdə olmamışam, hadisədən sonra gəldim. Sağ qalan 30 xəstədən 29-u orada idi, təkcə Məhəmməd yox idi, o, qaçmışdı”.

Həkimin sözlərinə görə, M.Məmmədovun ağıl çatışmazlığı, yaddaş pozğunluğu var idi: “Bu tip xəstələr özünə sui-qəsd edə, yanğın və digər hadisələr törədə bilərlər”.

Məhkəmədə E.Kazımovun istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində bildirib ki, Mərkəzdə təhlükəsizliyə Mahir Abdullayev cavabdeh olub: “O, müavin vəzifəsinə təyin ediləndən sonra faktiki direktor vəzifəsini icra edirdi. Mahir müəllim çox kobud adam idi, tibb bacıları ilə kobud davranırdı. Bu barədə direktora məlumat verəndə Telman müəllim onu müdafiə edirdi. Yanğın təhlükəsizliyi baxımından acınacaqlı durum olduğunu bilirdilər. Mərkəzdə elektirik avadanlıqlarının istifadəsi qadağan idi, lakin Mahir müəllimin icazəsi ilə istifadə olunurdu”.

Proses oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Report

www.yenicag.az

2293