!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adı yaman zəlzələ: Evləri məzarları olan üç dost - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Alov düşdüyü yeri daha çox yandırırmış… Neçə gündən bəri cismimiz Bakıda, ruhumuz Türkiyədədir…

Hər keçən gün ümidlər bir az da azalır və rəqəmlərin çoxalmasını izləyərək nəfəsimizin daralmasını hiss edirik.

Və illərdən bəri tanıdığın, xoş xatirələrin olan insanların adlarını zəlzələdən qurtula bilməyənlər arasında oxuduqda daha da qərq olursan…

Bu saata qədər üç köhnə dostumun, üç gözəl insanın xəbəri gəlib. Sözün həqiqi mənasında, sakit, dindirməsən, danışmayan, mələk kimi üç köhnə dost…

İsgəndər Qorqud. Köhnə jurnalistlərdəndir. Əksər toplantılarda bir masada otursaq da, mənlə İsgəndər Yılmazın əlindən ona fürsət olmazdı danışmağa. Biz danışır, o, gözləriylə gülərdi. TRT-dən başlayan yolu Adıyaman bələdiyyəsində mətbuat katibliyinə qədər gəlmişdi. O qədər az danışırdı ki, səsini eşitməmişəm desəm, yalan danışmaram. Və bu zəlzələ o sakit adamı aramızdan apardı. Ən son Anadolu Yayımçılar Dərnəyinin mükafatlandırma mərasimində birlikdəydik. Nə bilək ki, son görüşümüzdür…

***

Əbdulqadir Atlı. Bizim “Kadir abi”miz. Adıyamandan, evindən, uşaqlarından uzaqda 10-15 il çalışdı ki, qocalanda rahat yaşasın. Kimsəyə möhtac olmasın. Övladı, nəvəsi yaşında olanlarla bir otağı paylaşdı ki, qocalığında insan kimi yaşasın. Onu hər zaman “Büyükfırat”ın “Elmlər” şöbəsinin fırınının başında xatırlayıram. Onun da çox danışmaqla arası yoxdu. Onun da gözləri gülürdü sevdiyi, əziz bildiyi birisini görəndə, İsgəndər abi kimi… Ara-sıra zarafatlaşırdıq, onda belə səsini nadir eşidirdik.

“Usta, acından ölürəm” deyən kimi iki dəqiqəyə bir lahmacun hazır edirdi: “Yeğenim, bunu ye, ardı gəlir”.

İnanclı adamdı. Namazını qəza etdiyini görməmişdim. Hətta bizim “Neynirsən Adıyamanı?! Gəl səni buradan evləndirək” zarafatımıza: “Tövbə, tövbə, gedin işinizin dalıyca”, – deyib dəstəmazını təzələməyə gedirdi.

Və o, qürbətdə keçirdiyi illərin bəhrəsi olan evinin altında can verdi. Həm də çox sevdiyi ailəsi ilə birlikdə. Beş övladı ilə birlikdə can verdi adı yaman olan o zəlzələdə. Ocağı söndü. Atlı ailəsindən geriyə kimsə qalmadı. Kimisə görüb, “sən Kadir abinin oğlusan və ya nəvəsisən?” deyə soruşa bilməyəcəyik. Kadir abi illərlə onları yaxşı yaşatmaq üçün qürbətin hisli-paslı otaqlarında yaşayaraq, qazandıqlarını övladlarına yedirtmədən ailəsi ilə birlikdə zəlzələyə qurban getdi.

Bizim gözümüz isə hər dəfə 12 ilini verdiyi o fırının yanında “Kadir usta”nı axtaracaq. Həm də o gülümsəyən üzünü…

Feysbukunda bir şəkil var. Samsat zəlzələsinə yetərincə diqqət edilməməsindən nisgilini bildirib. “Bizim sarsıntımız sizi titrətmirmi?” – deyə soruşub insanlardan. Titrətdi, usta, titrətdi. Həm də iliyimizə qədər titrətdi…

***

Əziz Polad. Onunla da “Büyükfırat”ta tanış olmuşdum. Mən ona sadəcə “dayı”, o da mənə “yeğenim” deyirdi. Bərabər dolaşırdıq şəhəri. Mən ona sataşırdım, o da məni cavabsız qoymurdu. Yaxşı paslaşırdıq. Kimisə “təkər”ə salmaq istəyəndə bir baxış bir-birimizi anlamağa yetərdi. O da qocalığında rahat yaşamaq üçün ailəsindən uzaqda – Azərbaycandan Qanaya qədər gəzmədiyi, işləmədiyi məmləkət yoxdu. Nəvələriylə Adıyamanda rahat yaşamaq üçün çırpınırdı.

Həftədə ən az dörd-beş dəfə görüşürdük. Sadə Anadolu insanı idi. Futbolu oynamasa da, sevirdi. “Qarabağ”ın oyunlarını bərabər izləydik. Gözəl aşbaz idi. “Çoban qovurması”nı kimsə ondan yaxşı bişirə bilməzdi.

Sonra Türkiyəyə geri döndü. Arada yazışırdıq. Hər zamankı kimi o mənə “yeğenim” yazırdı, mən də ya “dayı” deyirdim, ya da cinləndirməkdən ötrü “ihtiyar”. Nəhayət, ailəsinə qovuşmuşdu. Zəlzələ onun da sonu oldu.

Daha inboksuma “Yeğenim, nasılsın? Dayını unutdun” yazmayacaq…

Üç insan. Üç adıyamanlı dost. Üç tale. Qədər üçünün də sonunu eyni yazdı. Üçü ilə də vidalaşa bilmədik. Artıq üçü də Tanrı dərgahındadırlar.

Bizə isə bu acılı günlərdə gözlərimiz xəbər kanallarının “son dəqiqə” anonslarındakı rəqəmləri təqib etmədədir. Bir də günü-gündən öləziyən möcüzələrə inanmaq… Yoxsa sonda ölən ümidmiydi? Ya ümid, ya möcüzə… Nə fərq edər ki… Sonu ölümlü dünya deyilmi…

www.yenicag.az

2080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv