Milli Məclisin deputatı Ağacan Abıyevin İslam dininin elmə heç bir töhfə verməməsinə dair iddiası kəskin narazılıq doğurub.
Yenicag.az xəbər verir ki, deputat Ağacan Abıyev Modern.az-a müsahibəsində İslam dininin elmi-texniki baxımdan, faydalı olmadığını iddia edib:
“Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb, ölkəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəssislər daha faydalıdır.
Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərəqqidə nəyə nail oldu?
Ümumiyyətlə, İslam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə… İslam yaranandan ancaq tarixi öyrənə bilmişik”.
Gözlənildiyi kimi, deputatın bu fikirləri sərt etirazla qarşılanıb və Abıyevin söylədikləri kəskin reaksiyaya səbəb olub.
Məsələ ilə bağlı Yenicag.az-a danışan ilahiyyatçı Hacı Nizami Rzayev bildirib ki, belə yersiz fikirlər səsləndirən bir şəxsin İslam dininə və müsəlmanlığa aidiyyatı ola bilməz:
“Əgər o adam İslamın elmdən uzaq olduğunu iddia edirsə, o şəxsin İslam dininə və müsəlmanlığa aidiyyatı yoxdur. O baxımdan, müsəlman olmayan birinin sərsəm fikirlərinə münasibət bildirməyə bəlkə də ehtiyac qalmır…
Azərbaycanda yaşayasan, Milli Məclisin üzvü olasan, gəlib bu səviyyəyə yüksələsən, cəmiyyətdə tanınasan və İslam dini, İslam dəyərləri haqqında belə cəfəng ifadələr işlədəsən… Bu, o insanın səviyyəsizliyini, imansızlığını, cahilliyini və avamlığını, İslam dininə aidiyyatı olmadığını göstərir.
Abıyev bu fikirləri işlətməklə nümayiş etdirdi ki, nə müsəlmandır, nə də Azərbaycan mühitində böyüyüb. O, İslamın elmlə heç bir əlaqəsinin olmadığını iddia edərkən, heç olmasa dünyanın xristian dininə mənsub çox nüfuzlu siyasət və elm adamlarının İslam və Quran haqqında olan fikirlərinə baxaydı.
Heç uzağa getmirəm, Abıyev hər fürsətdə Ulu öndərimiz dediyi mərhum Heydər Əliyevin İslam dini və Quran haqqında çox müsbət fikirlərini oxusun. Yenə deyirəm, bu adamın nə İslama, nə də müsəlmanlığa aidiyyatı yoxdur.
Bu gün müxtəlif kəşflərə, ixtiralara imza atan dünyanın avtoritet elm xadimləri də etiraf ediblər ki, onların kəşfləri ilə bağlı məqamlar Quranda yer alıb.
Sizə bir nümunə çəkim. Atom bombasının yaradıcısı olan Albert Eynşteyn bu kəşfindən 10 il sonra Quran ayələri ilə tanış olur və bu məşhur ifadəsini işlədir ki, əgər Quranı 20 il əvvəl oxusaydım, atom bombasını daha tez yaradardım.
Bu nümunələrin sırasını davam etdirə də bilərik. Yəni dünya tarixinin görkəmli şəxsiyyətləri öz fikirlərində İslam dininə və Qurana sayğılarını hər zaman ifadə ediblər.
Yaxşı, bütün ömrünü ibadətlə keçirən ilk müsəlman Nobel laureatı Abdus Salam hansı mühitdə yetişmişdi? Digər Nobel laureatı, türk əsilli Əziz Səncər bu uğuru necə qazanmışdı? Bir saat elmlə məşğul olmağı bir ömürlük ibadətdən üstün olduğunu deyən, elm üçün Çinə də getməyi tövsiyyə edən İslam Peyğəmbəri deyilmi?
İnsan nə qədər cahil və avam olmalıdır ki, İslam dininin elmlə bağlı olmadığını iddia etsin? Adam deməyə söz tapmır… Çox təəssüf ki, belə cahil şəxslər o cür yüksək statusun daşıyıcısıdır. Başqa nə deyim?”
A. Zeynalov