Ağdamda 27 ədəd ağ fosfor tərkibli minaatan mərmisi aşkarlandı

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsi tərəfindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların həyata keçirildiyi müəyyən olunub. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 528 ədəd sursat: 3 ədəd top mərmisi (2 ədəd 152 mm-lik OF-540 və 1 ədəd 100 mm-lik OF-32), 72 ədəd QRAD qurğusundan atılan 122 mm-lik 9M22U raketi, 5 ədəd minaatan mərmisi (82 mm-lik S-832), 2 ədəd TM62P tank əleyhinə minası, 419 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli (25 ədəd 82 mm-lik M-74 WP çaplı və 2 ədəd 120 mm-lik BF çaplı) tüstülü (D-4) (P-4) minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar yanvarın 5-də Agentliyin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Qeyd edək ki, ağ fosfor tərkibli mərminin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi “Bəzi adi silahlara dair Konvensiyalar”a (“Həddindən artıq zərərli və ya ayrı-ayrı təsiri ola bilən bəzi adi silahların istifadəsinə qadağa və ya məhdudlaşdırma haqqında Konvensiya”) (1980) aid Protokol III müvafiq olaraq beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.

Bu, bir daha erməni silahlı qüvvələrinin mülki insanlara qarşı hərbi cinayət törətdiklərini sübut edir.

COP29