Ağdamın qaranlığı – FOTOLAR

Ağdamda yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbələr gecələri ay işığının ümidinə qalıb.

Yenicag.az-ın reportyor qrupu sakinlərin şikayəti əsasında Ağdam ərazisində yerləşən qəsəbələrdə olublar. Burada havanın qaralmağı ilə birlikdə qəsəbələrə də zülmət çökür. Qəsəbələrin qaranlığa qərq olması və sahibsiz itlər ucbatından insanlar evdən tək çıxmır, ya da əl ağacına möhtac olurlar.

Alıbəyli-1, Alıbəyli-2, Quzanlı-1, Qasımbəyli, Səfərli, Baharlı və digər qəsəbələrdə gecələr küçələrin işıqlandırılmadığını müşahidə edirik. Sakinlər bildirir ki, qəsəbələrə köçürülmələrindən sonra 4-5 ay ərzində işıqlandırma normal olub. Ancaq kabelləşdirmə sisteminə keçirildikdən sonra işıqlar da yoxa çıxıb.

Qəsəbələrdə işıqların olmaması sahibsiz və vəhşi heyvanların burada dolaşması üçün əsl fürsət yaradıb. Gecə ərzində qəsəbələri gəzərkən qarşımıza demək olar ki, insan çıxmır. Olanların da əlində ağac olur. Ağac isə sahibsiz itlərdən qorunmaq üçündür. Müşahidələr zamanı işıqlandırma üçün dirəklərin, plafonların, hətta lampaların da yerində olduğunu görürük. Amma, ancaq və lakin… Baharlı cəbhə bölgəsinə ən yaxın qəsəbələrdəndir. Baharlı, Alıbəyli-2 qəsəbələrindən qarşı tərəfə – işğal altındakı torpaqlarımıza baxanda oradakı yaşayış məntəqələrinin çıl-çıraq içində olduğu aydın görünür, ancaq bir də çönüb geriyə baxdıqda zülmət qaranlıq müşahidə edirik. “Bilmirik buradan vətən niskili ilə işğal olunmuş torpaqlarımıza baxaq, yoxsa üzünə həsrət qaldığımız işığa”, -deyə sakinlərdən biri qeyd edir.

Qəsəbələrdə insanlarla söhbət edən zaman məlum olur ki, dəfələlə Ağdam rayon icra hakimiyətinə müraciət ediblər. Ancaq müsbət cavab ala bilməyiblər.

Səxavət Məmməd

COP29