!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ağıllı bağ" fonunda 23 min meyvə ağacı becərilir: "Məhsuldarlıq 25 faiz artacaq"

!Reklam – Yazi

“Yaxın gələcəkdə yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalının qarşısı alınacaq”.

Yenicag.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələri üçün tur təşkil edib. Mediaturda Meyvəçilik və Çayçılıq Elmi-Tüdqiqat İnstitunun laboratoriyası və “ağıllı bağ” haqqında geniş məlumat verilib. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki institutlar və elmi-tədqiqat mərkəzlərinin, həmçinin tingçiliklə məşğul olan fərdi sahibkarların son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Yaxın gələcəkdə fermerlərin sağlam əkin materialları ilə tam təminatında heç bir çətinlik olmayacaq.

MÇETİ-nin direktoru İlham Qaraqurbanlı bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi diqqəti sayəsində respublikamızda aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub.
Diqqətə çatdırılıb ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir.
Jurnalistlər MÇETİ-nin laboratoriyaları və istixana kompleksi həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olublar. Jurnalistlərə məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.Biotexnologiyalar laboratoriyasının müdiri Sevil Süleymanova deyib ki, bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.
21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur.
Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklənməyə başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü – adaptasiya mərhələsinə hazır sayılır.
Əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür.

Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür.
Artıq bu sahədə bir sıra uğurlar əldə edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən laboratoriya şəraitində mikroklonal üsulla çoxaldılır. Həmin bitkilər adaptasiya mərhələsindədir.

Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Bundan əlavə ölkəmizin 3 regionunda institun dəstəyi ilə özəl tingçilik müaəssiələri fəaliyyətə başlayıb.

İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir.

Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən, institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Jurnalistlər həmçinin Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ”la da tanış olublar. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılarıb, kompüter idarəetməsi tətbiq olunur.
Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə, 23 min meyvə ağacı becərilir.
Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılıb.

Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq. “Ağıllı bağ”da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Bununla da məhsul itkisinin qarşısı alınır. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağa cəmi 3 nəfər – su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edir. “Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iyun ayının sonuna kimi başa çatdırılacaq.

Gülşən Şərif

 

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv