!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağrısını hamıdan gizlədən Xalq artisti: “Ölümün gözünə dik baxdı”

!Reklam – Yazi

Ağır xəstə yatdığı dönəmlərdə çoxumuzun xəbəri yox idi ki, sevilən sənətkarımızın ömrünə sayılı günlər qalıb. Amma əcəl qapının kandarında gözləyirdi.

Hətta xəstəxanada ağır kimyəvi terapiyalardan keçdiyi zaman bunu hər kəsdən gizlədirdi. Çünki ağrılarını, acısını paylaşmağı, insanları öz yükü ilə yormağı sevməzdi. Peşəmiz bizdən bunu tələb etdiyi üçün mən də tez-tez ona zəng edir, hal-əhval tuturdum ki, səhhəti barədə yazım. Yazırdım da… Nəzakətli insan idi, məni incitməkdən ehtiyat edirdi deyə səhhəti barədə danışırdı. Amma bu barədə yazmamağımı xahiş edirdi. Bir dəfə də belə oldu. Zəng etdim, açıqlama aldım, yenə hər zaman olduğu kimi xahiş etdi ki, səhhəti barədə bir kəlmə də olsa, yazmayım. Mən ona dedim ki, Fuad müəllim, onsuz da digər həmkarlarım bu barədə yazır və yazacaq da. İcazə istədim və mənə də razılıq verməsi üçün xahiş etdim. Amma cavabı ilə məni utandırdı: “Hamı yazır, yazsın, amma sən yazma, xahiş edirəm”. Onun nəzakəti qarşısında bir kəlmə söylədim: “Fuad müəllim, sizin kimi sənətkara qurban olsun yüz yazı, baş üstə yazmaram”.

Sənəti ilə şəxsiyyəti tən gələn, sözün əsl mənasında böyük aktyor və böyük kişi, Xalq artisti, sevilən sənətkar Fuad Poladovun bu gün xatirə günüdür. Onun yoxluğu ilə bizi 5 illik zaman kəsiyi ayırır. Amma bu gün də Fuad Poladovu keçmiş zaman şəkilçisində xatırlamıram. Heç xatırlamaq da istəmirəm. O, ağrısını, acısını özü ilə son mənzilə daşıdı, amma ən gözəl obrazlarını sevənlərinə hədiyyə edərək getdi.

Fuad Poladov bəlkə tək-tük sənətkarlardan idi ki, bir dəfə də olsun adı qalmaqalda, dedi-qoduda hallanmadı. Şəxsiyyətinə xələl gətirən bir addım belə atmadı. Sözünə dəyər verdi, sözünün ağası oldu. Səhnədə, kinoda fərqli obrazları ilə fərqli taleləri yaşadı, amma heç vaxt həyatda cilddən-cildə girmədi, yaltaqlıq, sünilik nədir bilmədi. Sağalmaz xəstəlik onu fiziki olaraq yensə, taqətdən salsa da, ruhunu sındıra bilmədi.

Sevgi bəlkə də yeganə duyğudur ki, ona zorla sahiblənmək mümkün deyil. Sevgi qazanılır. Fuad Poladov da belə insanlardan idi. Buna görə bu gün də sevilir, yaddaşlardadır və adı hörmətlə çəkilir. Ruhunun dincliyə qovuşduğu məkandan yenə də bizə sarı boylanır. Bu gün o danışmasa da, milli teatr və milli kinomuza yadigar qoyub getdiyi obrazları danışır və heç vaxt da susmayacaq.

Cəvahir

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv