20 may 2017-ci il , saat 13-də Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Ahıska Türkləri Birliyi Gənclər Təşkilatının təqdimat mərasimi keçiriləcək.
Tədbirə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müşavirləri, DATÜB Gənclər Təşkilatının sədri, “Vətən” İctimai Birliyinin nümayəndələri, Bakı şəhərində təhsil alan axısxalı tələbələr, bölgələrdən olan axısxalı şagirdlər və digər qonaqlar iştirak edəcək.
“Vətən” İB tərəfindən təşkil ediləcək tədbirin əsas məqsədi Datüb gənclər təşkilatının Azərbaycanda yaşayan Axısxalı gənclərə tanıdılması, gənclərimizin dövlətimizin ictimai həyatında fəal iştirakı, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi, beynəlxalq əhəmiyyətli layihələrdə iştirak və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından təşkilatlanmanın təmin edilməsidir.
Bu sayədə Azərbaycanda yaşayan axısxalı gənclər vahid bir mərkəzdə toplanaraq, Dünya Ahıska Türkləri Birliyi Gənclər Təşkilatı ilə sıx əməkdaşlıq edərək həm Azərbaycanın dünyada tanıdılması həm də özlərinin ictimai fəallığını təmin etmiş olacaqlar.
Azərbaycanda yaşayan Axısxalı gənclərin eyni mərkəzdə toplanması dövlətimizin gənclər siyasətinə dəstək olmaqla, axısxalı gənclərin həm Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət və gənclər təşkilatları ilə həm də beynəlxalq təşkilatlar ilə əməkdaşlığına təkan verəcəkdir.
Azərbaycanda yaşayan Axısxa Türkləri hər zaman Azərbaycanın dövlətinin yanında olmuş, bundan sonra da hər zaman dövlətimizin yanında olacaqdır. Gücümüz, Birliyimizdədir!
Yeniçağ.Az