!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aİ ilə Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində TOQQUŞAN MARAĞI: "Onlar yaxşı bilirlər ki..." - MÜSAHİBƏ

Reklam: Sinerji Pro

“2023-cü ildə Azərbaycan Avropanın daha bir neçə ölkəsinin qaz təchizatçısına çevriləcək”.

Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı politoloq Yusif Bağırzadənin Yenicag.az-a müsahibəsini təqdim edirik:

 – Ölkə başçısı müsahibəsində bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Bu gedişatı necə dəyərləndirirsiniz?

– Öncəliklə, qeyd edim ki,  prezident İlham Əliyevin təkcə İspaniyanın deyil, Avropanın və Cənubi Amerikanın ən nüfuzlu media resurslarından olan “El Pais” nəşrinə müsahibəsi beynəlxalq medianın və təbii ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın dövlət başçısına böyük marağından irəli gəlir. İki ölkə arasındakı sərhədlə bağlı vəziyyətə gəlincə, Ermənistan qisas almaq cəhdlərindən hələ də vaz keçməyib. Ermənilər Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə imkanın olmadığını dərk edərək Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər. Unutmayaq ki, Ağdamdakı Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də fəaliyyət göstərir. Bu amillər isə  Ermənistan silahlı qüvvələrinin imkanlarını məhdudlaşdırır.

– Ermənistan tərəfi hansısa təxribat törətsə, bunun nəticəsi necə ola bilər?

– Bu halda təxribat qeydə alınacaq və ermənilərin əleyhinə işləyəcək. Təxribatlar təkrarlansa, o zaman Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Nəticədə bu gün hələ də nəzarət etdikləri ərazilər əldən çıxacaq. Ona görə də ermənilər Qarabağda genişmiqyaslı təxribatlardan çəkinirlər. Azərbaycanla sərhəddə isə atəşkəsin Ermənistan tərəfindən pozulmasını qeydə alan üçüncü tərəfin qüvvəsi yoxdur. Ona görə də Ermənistan təxribatların məkanını məhz dövlət sərhəddi olaraq seçib. Təbii ki, onların sərhəddə təxribat törətməklə nəyəsə nail olması mümkün olan şey deyil. Çünki buna Ermənistanın nə gücü, nə də imkanları var. Məqsəd sərhəddə süni gərginlik yaratmaqla Azərbaycan barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq və eləcə də üzərlərinə götürdükləri öhdəliklərin icrasını yubatmaqdır.

– Müsahibədə diqqət çəkən digər bir məqam sülh danışıqları və bununla bağlı Azərbaycanın mövqeyidir. Ölkəmizin Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu deyən prezident bu təklifə hələ də Ermənistan rəhbərliyindən cavab gəlmədiyini bildirib…

– Prezidentin bu bəyanatı heç şübhəsiz ki, Ermənistanla yanaşı, həm də onun havadarlarına ünvanlamışdı. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Prezidentin müsahibəsində xüsusi olaraq diqqət çəkən digər məqam Azərbaycan-Ermənistan münasibətlərində Rusiya və Avropa İttifaqı arasında rəqabətin olmaması ilə bağlı oldu. Prezident qeyd edib ki, Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardır və onlar iki ölkə arasındakı münasibətlərin normallaşması üçün həqiqi istək nümayiş etdirirlər. Hazırda həm Avropa İttifaqı, həm də Rusiya regionda sabitliyin bərqərar olmasında maraqlıdır.

– Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsində Rusiyanın marağı hansı səviyyədədir?

– Rusiya, əsasən, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına görə sabitlikdə maraqlıdır. Çünki nə qədər ziddiyətli məqamlar olsa da, Ermənistan Rusiyanın strateji müttəfiqi sayılır. Hər iki ölkə hərbi və iqtisadi bloklarda təmsil olunur. Rusiya Gürcüstandan yan keçməklə Azərbaycan üzərindən Ermənistanla dəmir yolu əlaqəsi qurmaq istəyir. Bundan başqa, Fars körfəzi ilə Rusiyanı əlaqələndirən Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də bu layihələrin işləməsi üçün regionda dayanıqlı sabitliyin olması Rusiyanın maraqlarına cavab verir.

– Yusif bəy, bəs Avropa İittifaqın maraqları nədən ibarətdir?

– Avropa İttifaqı zəngin enerji resurslarının daşınması üçün sülhün bərqərar olmasında maraqlıdır. Burada söhbət təkcə Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasından getmir. Söhbət həm də Türkmənistan qazının Cənubi Qafqaz üzərindən nəql edilməsi perspektivindən gedir. Digər tərəfdən Avropada yaxşı bilirlər ki, sülh olmadan sərhədlər və nəqliyyat-kommunikasiya xəttləri açılmadan Ermənistanın inkişafından söhbət gedə bilməz. Bunlar olmadan Avropadan Ermənistana sərmayə yatırmağın hansısa perspektivi olmayacaq. Bütün bu məqamlar onu deməyə əsas verir ki, iki böyük siyasi oyunçu öz maraqlarını təmin etmək səbəbilə də olsa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdırlar.

Qeyd edim ki, Avropa İttifaqına hazırda ixrac olunan 7 milyard kubmetr təbii qazın gələn il 9 milyard kubmetrə, 2023-cü ildə isə 11 milyard kubmetrə çatdırmağı planlaşdırılır. Prezidentin bu bəyanatı onu deməyə əsas verir ki, artıq 2023-cü ildə Azərbaycan Avropanın daha bir neçə ölkəsinin qaz təchizatçısına çevriləcək.

Gülşən Şərif

www.yenicag.az

2137
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100