Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı şəxsi “facebook” səhifəsində status yazıb.
Yenicag.az xəbər verir ki, təşkilat sədri yazdığı statusunda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevdən üzr istəyib.
Akif Nağının yazdığı statusu olduğu kimi təqdim edirik:
“Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili cənab Azay Quliyevin ad günüdür. Azay müəllim gənc yaşlarından vətəndaş cəmiyyətinin yaradılmasına töhfələr verən şəxslərdəndir. Gördüyü işlərə nəzər saldıqda onun necə vətənpərvər, azərbaycançılıq ideyalarına sadiq biri kimi daima yorulmazlıq və əzmkarlıqla fəaliyyət göstərdiyinin şahidi olarıq. Azay Quliyev Şura yarandığı gündən bütün QHT-lərinə xüsusi diqqət göstərərək, hər zaman onlara dəstək olur. Xüsusilə müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə, ehtiyatda olan zabitlərə, Qarabağ münaqişəsi ilə məşğul olan təşkilatlara daima qayğı göstərir, onların təqdim etdiyi layihələrə hərtərəfli dəstək verir. Biz də bu kateqoriyadan olan QHT kimi heç zaman diqqətdən kənarda qalmamışıq. Şura sədri nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda da uğurla Azərbaycanımızı təmsil edir. Qazandığı uğurların nəticəsidir ki, bu gün ölkə rəhbərliyinin etimadını doğruldan Azay Quliyev ATƏT Parlament Assambleyasında yüksək vəzifə tutur. Ən yüksək tribunalarda erməni təxribatlarının qarşısını alaraq, Azərbaycanın haqq səsini çatdırmağı bacarır. Mən Qarabağla bağlı məsələyə həyatımı həsr etmişəm. Bu məsələdə heç kəsə güzəştə getməmiş və heç vaxt da getməyəcəm. Bu məsələ mənim həyatımın mənasını təşkil edir. Hərdən elə məsələ olur ki, emosialara qapılaraq, təhqir edirəm. Sonra araşdıranda bəzən səhvə yol verdiyimi görürəm. Allahdan başqa hamımız səhvə yol verə bilərik. Biz Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Məhz bu ay birlik, bərabərlik, günahların bağışlandığı aydır. Bu ay biz müsəlmanların ən əziz bayramlarından biri olmaqla yanaşı, həm də barış ayıdır. Hər birimizin səhvi ola bilər, hər birimiz səhv addım ata bilərik. Əsas odur ki, bu səhvlərimizdən nəticə çıxaraq və bir daha buna yol verməyək. Mən də öz növbəmdə dostumuz Azay Quliyev ilə bağlı etdiyim haqsızlığa görə üzrxahlıq edir, bu müqəddəs ayda barış və dostluq mesajı göndərirəm. Ümid edirəm ki, hər zaman olduğu kimi yenə də Azərbaycanımızın sabahı naminə birlikdə uğurlu fəaliyyətimizə davam edəcəyik. Bir daha dostumuz Azay Quliyevi ad günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzu edirəm”.