!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alim öldü, aləm öldü: Kərəm Məmmədovun doldurulması mümkün olmayan yeri - Elməddin Behbud yazır

!Reklam – Yazi

Adətən, həqiqi alimlərin dünyayla vidalaşma xəbəri bilinəndə ilk olaraq yada “alim öldü, aləm öldü” deyimi düşür. Amma, nədənsə, mən həmişə düşünürəm ki, əslində, alimlər bütün həyatlarını aləmin ölməməsinə, işığın onlardan sonra da sönməməsinə sərf edirlər. Aləm, həyat, insanlıq onlara görə üzərindəki tozu ata bilir, rəngarəng, maraqlı, mənalı olur, dəyişir, inkişaf edir. Alimin dəyəri həm də aləmin ölməməsi üçün nail olduğu nəticələrlə ölçülür. O da belə edirdi…

Qurt Dərəsindəki (Borçalı) Gəyliyan kəndində anadan olmuşdu. Tale orta məktəbi bitirdikdən sonra onun yolunu öncə Bakıdan, sonra Peterburqdan, sonra da Əfqanıstandan salmışdı. Əfqanıstanın ölüm qoxusu gələn səhralarından, döyüş meydanlarından sağ-salamat vətənə dönmüşdü. Daha sonra isə yenidən Bakıya qayıdıb həyatını bu şəhərə bağlamışdı. Amma, əslində, o şəhər adamı deyildi. O heç kənd adamı da deyildi.

Həyatı fəsillərə, kənd-şəhərə bölmədən dayanıb-durmadan çalışıb-çarpışırdı. Həyat qayğılarından cəmiyyətin ictimai problemlərinin həlli, millətin maarifləndirilməsi, soyuna daha çox bələd olması və özü ilə iftixar duymasına qədər bir çox sahədə yorulmadan külüng çalırdı. Qarışqa kimi zəhmətkeş idi. Özünəməxsus təhkiyəsi vardı. Çox yox, iyirmi dəqiqə, yarımca saat onu dinləsəydin, elə bilərdin ki, folklor tədqiqatçısıdır. Bu adamdan Azərbaycan dilinin və gen yaddaşımızın ucqarlarında ilişib qalan o qədər maraqlı ifadə, təşbeh, atalar sözü, nəsihət, əhvalat eşidirdin ki, elə bilirdin, hansısa ozan, dərviş məclisindəsən.

Dostlarına adəti üzrə “qağa” xitabı ilə başlayan müraciəti saatlarla sürən müzakirəyə, bəzən mübahisəyə, tarixin dərin qatlarındakı bilgilərdən ibarət mühazirəyə dönərdi.

Onunla söhbət etməkdən, onu dinləməkdən inanmıram ki, kimsə yorulardı. Sadə, rəvan və çox axıcı nitqi vardı. Sanki İsanın həvarisi, Məhəmmədin (s.a.s) səhabəsi idi. Əhli-beytin islam yolunda və haqqı təbliğ etməkdə qarşılaşdıqlarını böyük şövqlə və xüsusi eşqlə nəql edərdi. Tanrı onu öyrətmək, təbliğ etmək üçün yaratmışdı. Elmi, doğrunu, həqiqəti, mərifəti…

Gerçək tariximizi öyrənməyimiz üçün nəyə gücü çatırdısa, hamısını edirdi. Efirlərdə çıxış edirdi, audio mühazirələr yazdırırdı, ictimai çıxışlar edirdi, veriliş aparırdı, auditoriyada mühazirə oxuyurdu, məqalələr yazırdı, proqramlar tərtib edirdi, monoqrafiyalar, dərsliklər nəşr edirdi, test topluları hazırlayırdı, abituriyentlərlə çalışırdı…

Hər il martın 22-də Suqovuşana, 26 iyunda Həzrəyə səfər təşkil edirdi. Həmfikirlərini toplayıb Nadir şahın taxta çıxdığı və Şah İsmayılın atası Şeyx Heydərin uyuduğu torpağı ziyarət edirdi. Həm Suqovuşanda, həm də Həzrədə türk dövlətlərinin bayraqlarını nümayiş etdirirdi, koloritli nitqi, özünəməxsus izahları ilə hamını mənəvi cəhətdən qidalandırırdı.

Dünyasını dəyişdiyindən xəbər tutduğum 10 iyundan bu anadək ötən 20 ildən artıq müddətdə baş verənlər dayanmadan gözümün önündən keçir. Hamısı bir xatirədir…

Abituriyent məşğələləri apardığı evdəki, səfərlər zaman yoldakı, süfrə arxasındakı, telefon danışıqlarımızdakı, kafedradakı görüşlərimizdəki, universitetin dəhlizlərində söhbətlərimizdəki, efir zamanı studiyadakı… Hər bir detal indi sadəcə şirin və unudulmaz xatirəyə dönüb mənim üçün.

Hamı kimi onun da xarakterinin özünəməxsus cəhətləri vardı. Bəzən adi bir kəlmədən inciyərdi, bəzən hansısa vacib bir hadisəyə laqeyd qalardı. Amma bu, ötəri olardı həmişə.

Tarix elmi üzrə elmi dərəcəsi ondan üstün olan xeyli alim var ölkədə. Amma onun qədər seviləni və tanınanı çox nadir olar. Çünki o topladığı elmi bilikləri yalnız dar auditoriyalarda paylaşmırdı. Əli çatan, ünü yetən hər yerdə çərçivələri aşaraq tariximizi təbliğ edirdi, yorulmadan elmin populyarlaşması üçün çalışırdı. Hamının kitab oxumasını, gerçək elmi biliklərə yiyələnməsini, vətənin siyasi sərhədlərindən çox etnik coğrafiyamıza köklənməsini istəyirdi.

Borçalıya xüsusi və dəyişməz münasibəti, böyük məhəbbəti vardı. Son illər Gürcüstan sərhədçilərinin onu haqsız olaraq dədə-baba yurduna buraxmamasına görə çox tədirgin idi…

Müxtəlif məsələlərin müzakirəsi zamanı çəkməyi xoşladığı dəyişməz misallardan, tarixi hadisələrdən biri də Şah İsmayılın Gülüstan qalası kənarında söylədikləri idi: “1500-cü ildə Cəbani döyüşündə Şirvanşah Fərrux Yasar öldürülür. Bundan sonra qoşunun qalan hissəsi Gülüstan qalasına sığınır. Səfəvi qoşunları qalanı mühasirəyə alır. Ancaq mühasirə uzun çəkir. O zaman Şah İsmayıl Xətai bütün əmrlərini ətrafına yığıb sual edir: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?” Hamı cavab verir ki, əlbəttə, Azərbaycan taxtı… Eyni sualı dostlarına, tələbələrinə də verərdi….

İyunun 4-də onunla kitab sərgisində görüşməyi düşünürdüm. Ağacların arasındakı kitab düzülən stollara yaxınlaşan kimi ilk sualım “Kərəm müəllim burdadır?” oldu. “Çapar”ın guşəsində dayanan Yusif bəy soruşub öyrəndi ki, sərgidən çıxıb getdiyi bir dəqiqə olar, ya olmaz. Gecikməyimə təəssüfləndim. Çünki onu canlı şəkildə Yusif, Atilla və İbrahimə də tanıdacaqdım. Zəng vurmadım, dedim, onsuz da yaxın vaxtlarda toplantıların birində görüşəcəyik. Qismət olmadı…

İyunun 10-da bəd xəbəri alan kimi Ceyhuna zəng vurdum… Sonra görüşüb Suraxanıya-evinə doğru yola düşdük.

Sosial şəbəkədə az qala hamı bu məşum hadisədən yazsa da, dostlar həyacanla zəng etsə də, nədənsə, evlərinin kandarına çatandək içimdə iynənin ucu boyda da olsa, ümid işığı vardı. Elə bilirdim ki, möcüzə olacaq və bizi görən kimi üzünə yarımtəbəssümlü ifadə verib “qağa, müridlərimi bir yerə toplamaq üçün özüm dedim,r haray salın ki, başıma iş gəlib” söyləyəcək, bir qədər danladıqdan sonra hamını toplayıb söhbətə başlayacaq. Ancaq həyətlərinə çatanda darvazanın taybatay açıq olduğunu görəndən sonra qəlbimdəki sonuncu ümid də söndü, o işıq qeybə çəkildi.
Təsəllimiz ləyaqətli övladlar, tariximizin qaranlıq səhifələrinə işıq tutan bir-birindən dəyərli əsərlər miras qoyması, müasir tarixşünaslığımızda özünəməxsus iz buraxması, Azərbaycanın bütövləşməsini görməsə də, Şuşada üçrəngli bayrağımızın dalğalanmasına, minlərlə düşmən leşinin dərələrimizə səpələnməsinə şahidlik etməsidir.

Təsəllimiz həm də XIX əsrin sonu, ötən əsrin əvvəllərində İsmayıl bəy Qaspiralının, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin dərin özüllərini atdığı türk millətçiliyi hərəkatına 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində tükənməz enerjisi, bənzərsiz eradusiyası ilə böyük töhfələr verməsi, on minlərlə insanın ruhunda milli düşüncə toxumları əkməsidir. Milli antropoloq alim kimi bu sahədə ilk dərsliyi yazıb ərsəyə gətirməsi və nəşr etməsidir.Minlərlə intellektual türk millətçisi, dövlətçiliyinə vurğun, vətənsevər yetişdirməsidir.

Ölüm haqdır, Adəm övladlarının hamısı bir gün dünyayla vidalaşıb haqqa qovuşacaq. Amma gözlənilməz şəkildə, səhlənkarlıqdanmı, özünə diqqətsizlikdənmi yaranan problem ucbatından belə erkən, heç kimlə sağollaşmadan əbədi yola üz tutması hamımızın qəlbini dərin kədərə bürüdü. Azərbaycanın müasir dövrdəki türk millətçi cameəsi özünün böyük ideoloqunu itirdi.

Əbədiyyətdə görüşənədək içimiz göynəyəcək, Kərəm müəllim. Səni həyatımızın sonunadək unutmayacağıq.

Ruhun şad olsun!

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv