!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Altay Mehdiyev Nəcməddin Sadıkovdan yazdı

!Reklam – Yazi

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev bəyanat yayıb.

Yenicag.az bəyanatın mətnini təqdim edir:

“Xidmət etdiyim müddət ərzində mənə qarşı törədilən çoxsaylı qanunsuzluqlara baxmayaraq, rəhbərliyim altında çox sayda çox uğurlu əməliyyatların keçirilməsinə nail olmuşuq. Çox uğurlu əməliyyat o deməkdir ki, keçirilən döyüş əməliyyatları zamanı bir nəfər də olsun itki verilmir.

Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliyim altında düşmənin nəzarətində olan Buzqov dağı–Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdur.

Qəbul etdiyim əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfiçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi “qələbə” qazanan düşmənin durumu bu əməliyyatı çox uğurla keçirməyimizə əsas verirdi.
Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!!!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatının ən qızğın vaxtında, yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan Necməddin Sadıqov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə:

– Siz haradasınıız? Nə ilə məşğulsunuz?

– Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə!

– Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib “torpaqlarını” zəbt etmisiniz. İrevanda prezident aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm! Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!

– OLDU! – sözünü, 1974-cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun qanunsuz verilən “əmrinə” məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.

Ən maraqlısı odur ki, Sadıqov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu “ƏGƏR TORPAQLAR BİZİMDİRSƏ, O TORPAQLARA BİZ NƏZARƏT ETMƏLİYİK“, – tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq, yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan MR-də də istədiyini həyata keçirməyə çalışırdı.

Əks halda qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə, hələ 1994 cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.

Belə ki, 1993-cü il dekabr – 1994-cü il yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general Sadıqovun yanvar ayının 27-də (Uğursuz Qış əməliyyatlarından sonra) general Vasyak və iki polkovniklə Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığımı bildirdikdə, general Sadıqovun təklifi, general Məmmədrəfi Məmmədovun əmri ilə heç bir səbəb göstərmədən, məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər. Onu da deyim ki, general Məmmədovun vəzifədən azad olunmağımın səbəbini mənə söyləyəcəyinə söz verməyinə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi.

“Köməklik göstərmək” məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən, polkovnik rütbəsində, M.V. Frunze adına Akademiyanı bitirmiş zabitə, müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağımı da təklif etdilər. Hələ bu az imiş, bu istiqamətdə mənə kömək göstərmələrinə söz də verdilər !!!
Əlbəttə ki, mənim cavabım çox qısa oldu:

“Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiniz!?”

Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahiyyətləri kifayət etmirdi.

Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başladı.

Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində general Sadıqovu və rəhbərliyi altında döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdikləri uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.

Lakin çox əfsuslar olsun ki, Sadıqov ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla ordumuzdan uzaqlaşdırmaqla, ordu quruculuğuna, ordumuzun inkişafına nə qədər ziyan vurdu!?

Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu xidmət etdiyi bütün müddət ərzində özünün və bağlı zabit heyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır. Buna isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılıq bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar.

Çox təəssüflər olsun ki, general Sadıqov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahətlərini aşmaqla, tabeliyində olanları daima gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə onların bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri-müəyyənlilik və qarşılıqlı hörmətsizlik hisslərinin formalaşmasına təkan verirdilər”.

www.yenicag.az

1361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv