Alternativsiz alternativ enerji

Beynəlxalq Energetika Agentliyinin on illik proqnozlarına əsasən, 2022-ci ildə alternativ və bərpaolunan enerji növləri 920 qiqavatt – həmin dövrün bütün dünya üzrə elektrik enerjisi istehsalının 40 faizindən çoxunu təşkil etməli idi. Lakin bu gün real istehsal həmin proqnozlardan daha artıqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı (“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, 14 yanvar 2019-cu il) ilə artıq ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin eskpertlərinin digər hesablamalarına görə, təkcə Abşeron yarımadasının ümumi günəş enerjisi potensialı 500 meqavatt olaraq qiymətləndirilir. Buna 350 meqavattlıq külək enerjisi potensialını da əlavə etsək, 2022-ci il üçün dünya elektrik enerjisi istehsalı proqnozunun çox da böyük olmayan, lakin əhəmiyyətli faizini əldə edərik.

Ölkəmizin miqyasını nəzərə alsaq, rəqəmlər ümidvericidir. Yalnız bir fərq var: qlobal istehsaldan söhbət gedəndə, biz proqnozlar barədə danışırıq, Azərbaycanla bağlı məlumatlar isə, sadəcə, yüksək hədləri əks etdirir.

2020-ci ilə qədər Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin İnkişafına dair Dövlət Strategiyasına uyğun olaraq alternativ enerji mənbələrinin ümumi istehlak həcmindəki payı 20 faizdən aşağı olmamalıdır.

Biz bu həddə nail ola biləcəyikmi?

Beləliklə, tam əminliklə demək olar ki, bu sahədə gözəçarpan uğurlara baxmayaraq, alternativ energetika Azərbaycanda istər ümumən dövlət, istərsə də ev təsərrüfatı şəklində elektrik enerjisi istehlakçıları və sahibkarlar üçün əldən verilmiş imkanlar sahəsini formalaşdırır. Və əgər əhali və biznes-struktur üçün alternativ enerji, sadəcə, əlverişlidirsə, o zaman dövlət üçün bu yol qaçılmazdır. Təbii karbohidrogen enerji mənbələrinin ehtiyatları bütün dünya ictimaiyyəti kimi, Azərbaycan üçün də əbədi deyil, gec-tez bərpaolunan enerji mənbələrinə müraciət etməli olacağıq.

Dünya ictimaiyyəti bunu anladı, qəbul etdi və maliyyə öhdəliklərinin bir hissəsini özəl sektora yatırdı. Bununla da bir güllə iki deyil, birdən-birə bir neçə dovşan vurdu. Alternativ enerji sahəsində liderlik edən ölkələr bu sahənin hesabına özlərinin kiçik və orta sahibkarlıq sahəsini uğurla məhkəmləndirirlər. Bu isə arzuolunmaz xarici təsirlərə qarşı iqtisadiyyatlarının davamlılığını artırdıqları anlamına gəlir.

Burada, həmçinin, əhali üçün nisbətən aşağı, mərkəzləşdirilməmiş yaşıl enerji tarifləri mövcuddur. Və nəhayət, əlavə elektrik enerjisi həcmləri bir tərəfdən karbohidrogen resurslardan ehtiyatla istifadə etməyə imkan verir, digər tərəfdən, elektrik enerjisinin ixracı üçün imkan yaradır. Dövlət miqyasında isə bu, xəzinəyə valyuta axını anlamına gəlir.

Azərbaycan üçün də analoji vəziyyətdir. Alternativ energetikanı inkişaf etdirməklə bizim ölkəmiz özəl sektoru yalnız dəstəkləməklə qalmayaraq, eyni zamanda, əhəmiyyətli şəkildə inkişaf etdirə bilər.

Əlbəttə ki, ölkənin maliyyə imkanları nəzərə alınmaqla, investisiya şəklində dövlət dəstəyi də lazımdır. Lakin burada əsas olan pul deyil, özəl şirkətlərin özlərinin bu sahəyə gəlməsinə imkan yaradacaq düzgün qərarlardır. Əgər Çin 2017-ci ildə bərpaolunan enerji sahəsindəki layihələrə 44 milyard ABŞ dollarından çox, ABŞ isə 32 milyard dollar yatırım edibsə, bu, o demək deyil ki, həmin pulların hamısı dövlət tərəfindən yatırılıb. Bu ölkələrdə investisiyaların çox hissəsini özəl sektor formalaşdırır.

Bunu isə Azərbaycan barədə söyləmək olmaz. Təkcə 2012-ci ildə ölkəmizdə bu sahəyə 34.5 milyon manat, 2013-cü ildə – 77.5 milyon manat, 2014-cü ildə isə 63.6 milyon manat yönləndirilib.

Nəticədə, daha əvvəlki illər də nəzərə alınmaqla, 2015-ci ildə ümumi investisiya həcmi 800 milyon manat təşkil edib. Bu gün isə sözügedən rəqəm artıq uğurlu şəkildə milyardı ötüb. Lakin Çin və ABŞ-dan fərqli olaraq bizdə söhbət sırf dövlət resurslarından, ya da beynəlxalq maliyyə institutlarının kreditlərindən gedir. Bu kreditləri isə yenə də dövlət maliyyəsi hesabına ödəmək lazım gələcək. Buna görə də məsələ müvafiq layihələr üçün zəruri vəsaitin olmamasında deyil, hökumət tərəfindən lazımi qərarların qəbul edilməsində siyasi iradənin vacibliyindən gedir.

Halbuki bunun üçün imkanlar var idi və indi də var. Hələ bir neçə il bundan əvvəl Avropa İttifaqı və Azərbaycan hökuməti özəl sektorun alternativ və bərpaolunan enerji mənbələri sahəsinə cəlb edilməsinə yönəlmiş layihələr həyata keçirirdilər. Ölkədə bərpaolunan enerji sektorunun hazırkı vəziyyətinin müzakirə edildiyi, hüquqi, siyasi və iqtisadi mövzuları əhatə edən müvafiq konfranslar keçirilirdi.

Bizim mütəxəssislərimiz alternativ energetikada menecment prinsiplərini öyrənmək üçün Avropa ölkələrinə gedirdilər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) isə keçmiş Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında keçmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birlikdə bu sahə ilə məşğul olan azərbaycanlı sahibkarlar üçün xaricə işgüzar səfərlər təşkil edirdi. Ancaq görünür, nəsə yolunda getmədi və dövlət hələ də bu kapital tutumlu istehsal sənayesini inkişaf etdirmək yükünü təklikdə daşıyır.

İnvestorlar barədə danışarkən anlamaq lazımdır ki, onların rolunda yalnız alternativ energetika sahəsində bütün aşağıxərcli nişləri məmnuniyyətlə dolduracaq kiçik və orta müəssisələr deyil, həmçinin, ev təsərrüfatları da çıxış edə bilər. Elektrik enerjisinin fasilələrlə verildiyi, iqlim şəraitinin günəş panelləri və ya külək qurğuları quraşdırmağa imkan verdiyi ucqar kəndlərin sakinləri böyük məmnuniyyətlə “Azərenerji” ASC-nin şəxsində elektrik enerjisi təchizatçısından asılılığa son qoyacaq və ya sadəcə məhdudlaşdıracaqlar.

Azərbaycanın dağlıq şimal rayonlarında sırf günəş və ya bioqaz kimi alternativ enerji mənbələri hesabına qızdırılan istixanaların meydana gəlməyə başladığını yalnız təsəvvür etmək olar. Dövlət bundan yalnız qazanacaq: insanların maddi rifahı artacaq, kənd təsərrüfatı sahəsində mini müəssisələr meydana gələcək və yaranan artıq elektrik enerjisini hər zaman ixraca yönəltmək və sərt valyutaya satmaq olar.

Və nəhayət, şəhərətrafı malikanələrdə olduqca mürəkkəb qurğular quraşdırmaq iqtidarında olan çox sayda insanın – orta təbəqənin maraqlarını düşünmək yaxşı olardı. Çətin ki onlardan hər hansı biri evlərində və ya həyətyanı sahələrində alternativ elektrik enerjisi sahəsində orta hesabla beş ilə yeddi il arasında investisiya gəliri zəmanəti verən ən qabaqcıl texnologiyaları quraşdırmaq imkanından imtina etsin.

Üstəlik, bu növ nou-hau almaq üçün ehtiyac olacağı halda, kredit üçün banka müraciət edə bilərsiniz. Ancaq yenə də bunun üçün istehlakçıların mağazalarda müvafiq avadanlıqlarla bağlı seçimi olmalı, bazarda isə onların quraşdırılması üçün xidmətlər göstərən müvafiq kiçik firmalar fəaliyyət göstərməlidir. Bu isə bizi yenidən alternativ enerji sənayesinin dövlət tənzimlənməsi və Azərbaycanda iqtisadi artımın sürətləndirilməsinə yönəlmiş düzgün qərarlar məsələsinə gətirir.

COP29