!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Altun Saray”dakı “sünnət toyu”ndan Şuşadakı Beynəlxalq Media Foruma… - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Tam 30 il hər duamızda Şuşa vardı. Bütün gələcəyə hədəflənmiş dualarımız Cıdır düzündə bitirdi. Xəyalı belə xoş idi. Şairin “getməsək də, varmasaq da, o köy bizim köyümüzdür” şeirində olduğu kimi Şuşanın artıq bizim olmadığı fikrini özümüzə yaxın qoymurduq.

Nəhayət, bizim üçün uzun, ancaq tarixi statistika üçün qısa olan illər sonra vaxt-vədə yetişdi və Ali Baş Komandanın əmriylə qəhrəman Azərbaycan ordusu bu gün şüşə kimi yollarında avtomobillə şütüyərkən belə təzyiqimizin alt-üst olduğu ərazini piyada keçərək, şəhid və qazi olmaq bahasına bizim xəyalımızı gerçək etdi.

Bəli! Çox az müddət sonra Şuşanı ziyarət Qubanı, Lənkəranı, Gəncəni ziyarətdən fərqlənməyəcək. Çox az sonra həm də. Hazırda isə Qarabağın dörd bir yanı olduğu kimi Şuşa da yenidən qurulur. Zəngilandan başlayan böyük qayıdışın ayaq səslərinin Şuşada eşidiləcəyi gün uzaqda deyil. Dünən oğlu ərazidə işlədiyi üçün Şuşaya qayıdan bir ailə ilə qarşılaşmağımız, Cıdır düzünə qalxarkən üç rəngli bayrağımızın dalğalandığı küçələrdən uşaq səslərinin gəlməsi bu müqəddəs qayıdışın ayaq səsləridir.

***

Mətbuat da dünən duasını gerçəkləşdirdi. 147 il sonra Milli Mətbuat günü Şuşada qeyd olundu. Həm də olduqca intellektual bir şəraitdə. Məhəmməd Talat Abdulkərim, Mixail Qusman, Aleksandru Gibal, Yusif Özhan, Damjan Miskoviç isimləri bəlkə də bu sahədən kənar oxucuya nəsə demir. Ancaq peşəsini sevənlər üçün bu isimlərdən öyrəniləcək çox şey var.

Cəmi bir neçə il öncə adətən “Altun” Şadlıq Evində yalnız mister Səfərlinin bir qrup baş redaktorla mətbuat xidməti rəhbərinin qatıldığı Mətbuat Günü tədbirlərində protokolu sabiq “KİVDF”çilərin üstündə əsdikləri icra başçıları tuturdu. Müsabiqə qalibləri belə mükafatları çox vaxt icra başçılarının əlindən alırdılar.

Şadlıq mərasimində “sünnət toyu” kimi keçirilən günlərdən Şuşada keçirilən Beynəlxalq Media Forumlara gəlmişik.

Korrupsioner icra başçılarını Avropanın, Türkiyənin, Ərəb Dünyasının tanınmış media təmsilçiləri alıb.

Qüsurlar yoxdumu? Problemlər bitdimi? Kimsə, nə təşkilatçılar, nə də iştirakçılar bu fikirdədir. Bəs bunları kim etməli? Hər kəs jurnalistləri tənqid edir. İctimai-siyasi saytda bir şou xəbər görən kimi şüvən qoparırlar, həm də daha çox onu oxuyurlar.

Biz bir cəmiyyətin üzvüyük. Cəmiyyətin mediası xəstə, siyasisi, həkimi, müəllimi sağlam ola bilməz. Xəstəlik varsa bütün vücuda sirayət edib. Cəmiyyəti xəstəliklə baş-başamı buraxmalı? Əsla! Problemlər varsa, həlli də mütləq vardır.

Və media olimpik komanda deyil ki, Ramili çıxdaş edib, Nigeriyadan onun yerinə atlet gətirəsiniz.

Biz buyuq. Yanlışımızla, doğrumuzla, əyrimizlə, düzümüzlə biz buyuq.

Kuratorlar dəyişdi deyə, mətbuatın sıfırlanacağını, ya illərdən bəri önə çıxanların bir anda yerlərini sizə və ya adını belə bilmədiyiniz kimlərəsə verəcəyinimi düşünürdünüz? Bir çox sahələrdə bəlkə də bu mümkündür. Ancaq Nikaraquadan xəbər yazmağa müxbir, redaktə etməyə redaktor gətirilməz. Vallah da, billah da mümkün deyil. Ancaq yeni düzən qurulmaq istənilir. Jurnaıistlər yeyib-içməkdən daha çox elmi-praktiki seminarlara, simpoziumlara dəvət olunur ki, öz üzərlərində dəyişiklik etsinlər.

Yəni bir dalğa var. Dəyişmək, yeni dünya düzəninə ayaq uydurmayan, heç bir xarici dildə əlavəsi olmadan “Azərbaycan həqiqətlərini dünyada təbliğ edən” qəzetlərə maliyyə yardımı etməyin əvəzinə media qurumlarının püxtələşməsi, saxta, şişirdilmiş hesabatlar yerinə az, ancaq gerçəyi tələb edən anlayış var. Və bir də geostrateji deyilən reallıqlar var. Onları dəyərləndirmədən, nəzərə almadan addım atmaq olmur. Atmaq istəsən də, alınmır.

Bu baxımdan yeni media siyasətinin oturuşması da, bu siyasətlə ayaqlaşa bilməyənlərin ələnməsi də zaman alacaq.

Sadəcə, bir az səbr…

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv