!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA: “Bu sözlər dilimizdən çıxarılmalıdır” - SİYAHI

!Reklam – Yazi

Dilimizdə mövcud olan “müəllimə”, “rəqqasə”, “xadimə”, “katibə”, “aktrisa”, “şairə” və s. bu kimi cins kateqoriyalı sözlər var. Azərbaycan dilində cins bölgüsü (sözün qadın və ya kişiyə aid olunduğunu ehtiva edən) yoxdur deyə, bu sözlərin istifadəsi məsələsi aktual olaraq qalır. Bəziləri “müəllimə”, “rəqqasə”, “xadimə”, “katibə”, “aktrisa”, “şairə” və s. bu kimi cins kateqoriyalı sözlərin yerinə müvafiq olaraq “müəllim”, “rəqqas”, “xadim”, “katib”, “aktyor”, “şair” və s. sözlərdən istifadəni uyğun sayırlar. Onlar hesab edir ki, avtomobil idarə edən şəxsi qadın və ya kişi olmasından asılı olmayaraq, necə “sürücü” adlandırırıqsa, dərs deyəni də qadın və ya kişi olmasından asılı olmayaraq “müəllim”, rəqs edən şəxsi qadın və ya kişi olmasından asılı olmayaraq “rəqqas” adlandırmalıyıq.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu İqtisadiyyat.az-a açıqlamasında vaxtilə bu ifadələrin dilimizdə işləndiyini, lakin hazırda onların ümumişlək xüsusiyyətini itirdiklərini bildirib.

O qeyd edib ki, cins kateqoriyalı sözlər Azərbaycan dilindən çıxarılmalıdır: “Dilimizdə cins kateqoriyası yoxdur. Ona görə də “müəllimə”, “şairə” və bu kimi digər sözlər ərəb dilindən hazır şəkildə dilimizə keçib. Onlar arasında yalnız “xadimə” sözünü istisna etmək olar. Çünki biz “xadimə”ni “xadim” kimi yazsaq sözün mənası dəyişəcək. “Müəllimə”, “şairə” və s. bu kimi cins kateqoriyalı sözlərin yerinə müvafiq olaraq “müəllim”, “şair” və s. sözləri istifadə edilməlidir. Yəni bu kimi digər cins kateqoriyalı sözləri dilmizdə işlətmək doğru deyil. Düzdür, vaxtilə bu ifadələr dilimizdə işlənib. Amma hazırda onlar ümumişlək xüsusiyyətini itiriblər. Ona görə də, hesab edirəm ki, həmin ifadələr dilimizdən çıxarılmalıdır”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli isəİqtisadiyyat.az-a açıqlamasında bildirib ki, həmin sözlər Azərbaycan dilinin milliliyinə zidd təşkil edir.

O, cins kateqoriyasının dilimizdə ifadə olunmadığını, onun kişi, yoxsa qadın cinsinə aid olmasının sözün mənasından bilindiyini deyib: “Dilimizdə işlənən qəlibləşmiş ifadələr özündə flektiv dillərin xüsusiyyətini daşıyır. Məsələn, “katib”, “katibə”,” “müəllim”, “müəllimə” və s. Sadəcə olaraq bəzi dillərin təsirindən həmin sözlər dilimizə keçib. Rus dilinin təsirindən keçən “uçitel”, “uçitelniça” sözlərini buna misal göstərmək olar. “Müəllimə” sözü də ərəb dilinin təsirindən keçib. Həmin dillər flektiv olduğu üçün onlarda cins kateqoriyası morfoloji yolla, yəni şəkilçi ilə ifadə olur. Əslində həmin ifadələrin işlədilməsi dilmizin milliliyinin qorunması baxımından düzgün deyil”.

Azərbaycan dilinin qaydalarının düzgün öyrənilməsinə xidmət edən “Grammar Azi” səhifəsinin yaradıcısı və idarəçisi Murad Hüseynov isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, bütün cins kateqoriyalı ifadələrin dilimizdən çıxarılması doğru deyil.

O bildirib ki, tədricən müəyyən cins kateqoriyalı sözlərin dildən çıxarılmasına başlamaq olar: “Məlumdur ki, dilimizdə cins kateqoriyası yoxdur. Buna baxmayaraq cins kateqoriyalı bütün ifadələrin dilimizdən çıxarılması doğru deyil. Məsələn, “rəqqas” və “rəqqasə” sözlərinə nəzər yetirək. İkinci sözü çıxarıb yalnız birincini saxlasaq hər kəs bu ifadəni qəbul edəcəkmi? Ümumiyyətlə, dil elə bir məfhumdur ki, hansısa bir sözü yalnız işlədərək ümumişlək hala çevirmək olar. Məsələn, “müəllimə” sözünü cəmiyyətin bir hisəsi qəbul etmir, digər bir hissəsi qəbul edir. Burada söhbət bir yox, bir neçə cins kateqoriyalı sözlərdən gedir. Məsələn, əvvəllər lüğətimizdə “valid” və “validə” sözləri var idi. Yeni lüğətimizdə isə bu sözlərin hər ikisi çıxarılıb, yalnız “valideyn” qalıb.  Yəni tədricən müəyyən cins kateqoriyalı sözlərin dildən çıxarılmasına başlamaq olar”./iqtisadiyyat.az

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv