ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində ötən həftəsonu baş verən miqyaslı iğtişaşlar Vaşinqtonun “ikili standartlar”a əsaslanan siyasətinin növbəti təsdiqi kimi qiymətləndirilir.
Yenicag.az xəbər verir ki, Virciniya ştatının Şarlottsvill şəhərindəki iğtişaşlar bu fövqəldövlətin daxilində irqçi meyillərin təhlükəli dərəcədə artdığını göstərir.
Xatırladaq ki, ötən şənbə günü ABŞ Vətəndaş Müharibəsi zamanı Cənub ştatları (Konfederatlar) hərbi qüvvələrinin komandanı Robert Linin Şarlottsvilldəki heykəlinin demontajı irqçi qruplaşmaları hərəkətə gətirib.
Məlumata görə, ilk növbədə zənciləri hədəfə alan irqçilər daha sonra antisemit məzmunlu şüarlar səsləndirərək, əcnəbilərin ölkəyə girişinin qadağan olunmasını tələb ediblər.
Etirazçı kütlənin üzərinə maşın sürülməsi nəticəsində isə 3 nəfərin həlak olduğu, 19 şəxsin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Həmin avtomobilin sürücüsü 20 yaşlı Ceyms Filds həbs olunub. Bundan başqa, aksiyanı havadan müşahidə edən polis helikopterinin qəzaya uğraması nəticəsində isə pilotlar həlak olub.
Şarlottsvilldə yaşanan iğtişaşlara reaksiya verən ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində narazı kütləni sakitliyə və birliyə çağırıb:
“Biz birlik nümayiş etdirməli, nifrəti qınamalıyıq. Amerikada zorakılığa yer yoxdur! Gəlin bir olaq!”.
Eyni zamanda, ABŞ Ədliyyə Nazirliyi və Baş Prokurorluq Şarlottsvill hadisəsi ilə bağlı təhqiqata başlayıb.
Şarlottsvilldə baş verənlər 2014-cü ilin payızında Missuri ştatının Ferqyuson şəhərində polis zabitinin qaradərili yeniyetməni güllələməsindən sonra yaşanan uzunmüddətli iğtişaşlardan sonra ilk genişmiqyaslı toqquşmalar kimi dəyərləndirilir.
Nə qədər təəccüblü olsa da, ABŞ hakimiyyəti 3 il əvvəl Ferqyusonda meydana gələn və digər şəhərlərə də sürətlə yayılan etiraz dalğasını dünyanın diqqətindən gizlətməyə çalışaraq, bunu özünün “daxili işi” adlandırırdı.
Hətta Ferqyuson hadisələrini işıqlandırmaq üçün şəhərə gələn xarici jurnalistlər yerli hakimiyyət orqanları ilə polislərin müxtəlif təzyiqlərinə məruz qalmışdılar. Hadisələri işıqlandıran türkiyəli jurnalist isə döyülərək, həbs olunmuşdu.
Lakin maraqlıdır ki, ABŞ digər dövlətlərdə baş verən analoji olayları həmin ölkənin daxili işi hesab etməyərək, kobud müdaxilələr edib. Bunun konkret nümunəsi kimi Türkiyədə 2013-cü ildə yaşanan və dövlət çevrilişinə cəhd səviyyəsində olan “Gəzi aksiyası”nda gördük.
ABŞ Türkiyənin qanuni hakimiyyətininə qarşı çıxan narazı kütlənin hərəkətlərini “demokratik təşəbbüs” kimi qələmə verərək, etirazçılara hərtərəfli dəstək göstərdi. Ferqyuson və Şarlottsvill iğtişaşlarında isə bu yanaşmanın tam əksini davrandı.
Bu barədə Yenicag.az-a danışan millət vəkili Aydın Mirzəzadə özlərini “böyük” adlandıran ölkələrin analoji situasiyalarda digər dövlətlərə münasibətdə fərqli davranışlarının yolverilməz olduğunu deyib:
“Təəssüf ki, bəzi ölkələr öz daxillərində baş verən eyni hadisəyə bir, digər dövlətlərdə yaşananlara isə başqa münasibət sərgiləyirlər. Bu da həmin ölkələrin ikili standartlara əsaslanan siyasət yürütdüklərinin bariz təsdiqidir.
Yəni hesab edirlər ki, onlar başqa dövlətlərdə cərəyan edən bu və ya digər hadisələrə qarışaraq, ultimativ tonda öz “tövsiyə”lərini verə bilərlər.
Öz daxillərində baş verən hər hansı hadisəni isə “lokal aksiya” adlandırıb, kənardan ola biləcək istənilən reaksiyanın qarşısını almağa çalışırlar. Bu, əlbəttə ki, doğru və qəbulediləsi yanaşma deyil”.
Millət vəkili ABŞ-dakı son iğtişaşların Türkiyədəki məlum “Gəzi aksiyası” ilə müqayisəsi zamanı Vaşinqtonun ortaya çıxan təzadlı mövqeyinə də münasibət bildirib:
“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, konkret bir ölkə imkan verməsə, qətiyyətsizlik göstərsə, onun daxili işlərinə kənar müdaxilə də minimum səviyyəyə enər. Qeyd etdiyiniz məsələ də bu qəbildəndir.
Ona görə də hədəfdə olan ölkələr öz suverenliklərini kənar müdaxilələrdən qorumağa çalışmalıdırlar. Əks halda, xaricdən ediləcək diktələrdən xilas olmaları son dərəcə çətinləşəcək.
Doğrudur, nəzərdə tutulan ölkələrin müqaviməti kənar müdaxilə cəhdlərini tam aradan qaldırmayacaq. Ancaq qətiyyətli mövqe sayəsində həmin cəhdləri minimum səviyyəyə endirmək mümkündür.Burada ən düzgün mövqe (dünyadakı vəziyyətindən asılı olmayaraq) bütün dövlətlərin beynəlxalq hüquqa hörmətlə yanaşması və başqa ölkələrin daxili işlərinə müdaxilə etməməsidir”.
A.Zeynalov
Yenicag.Az