AMİP-dən iqtidara gedən yol – SİYAHI

Bu gün Novruz Məmmədov Azərbaycanın yeni baş naziri təyin edilib. O, uzun illər, prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Novruz Məmmədov siyasi fəaliyyətinə isə Milli İstiqlal Partiyasıda (AMİP) başlayıb.  Onun baş nazir təyin edilməsi hazırda iqtidaryönlü düşərgədə qərarlaşan sabiq müxalifətçiləri də diqqət mərkəzinə gətirib.

1993-cü ildə baş verən hakimiyyət dəyişikliyinə qədər bəzi müxalifət partiyalarının sırasında olan sabiq və indiki məmurların sayı heç də az deyil. Yenicag.az sözügedən məmurların siyahısını təqdim edir:

Novruz Məmmədov -1992-95-ci illərdə o dövrün əsas müxalifət təşkilatı olan AMİP-in üzvü olub. Məmmədov 1995-ci ilə – mərhum prezident Heydər Əliyevin fransız dili üzrə tərcüməçisi  təyin olunana qədər AMİP-də təmsil olunub. Baş nazir həmin tarixdən etibarən, siyasi mənsubiyyətini dəyişərək, YAP-a keçib.

Əli Əhmədov – hazırda baş nazirin müavinidir. Onun da siyasi karyerası AMİP-dən başlayır. 1993-cü il hakimiyyət dəyişikliyinə qədər o partiyada təmsil olunub. Bu ildən isə YAP-ın sıralarına daxil olub. Uzun müddət YAP-ın icra katibi vəzifəsini tutan Əhmədov, 2013-cü ildə baş nazirin müavini təyin edilib.

Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. O, da 1992-ci ildən etibarən, AMİP-in üzvü olub. Bu partiyanın Mərkəzi və Siyasi Şura üzvü olan Qurbanlı 1993-cü ildə Demokratik İstiqlal Partiyasına (ADİP) keçib. Bir müddət sonra isə YAP-a qoşulub.

Siyavuş Novruzov – YAP icra katibinin müavini və millət vəkili olan Siyavuş Novruzov isə siyasətdə ilk addımlarını Azərbaycan Xalq Cəbhəsi (AXC) sıralarında atıb. Novruzov daha sonra YAP-a qoşulmaqla tədricən hakim partiyanın əsas fiqurlarından birinə çevrilib.

Adları çəkilənlərdən başqa artıq vəzifədə və ya həyatda olmayan sabiq dövlət xadimləri arasında müxalifətçi keçmişə malik olanlar da az deyil. Məsələn, sabiq spiker, mərhum Murtuz Ələsgərov bir müddət AXC-nin, onun sələfi Rəsul Quliyev isə AMİP-in üzvü olub.

Fəzail Ağamalı – isə AXC-nin vaxtında Azərbaycan Respublikası sosial təminat nazirinin müavini vəzifəsində çalışıb. 1993-1994-cü illərdə nazirin səlahiyyətlərini icra edib. Hazırda millət vəkilidir.

Nazim İmanov – AMEA İqtisadiyyat İnstitutunun direktorudur. AMİP-in qurucularından sayılır. 1995-ci ildə millət vəkili seçilib. Bundan sonra partiya sıralarından ayrılıb.

Ümumiyyətlə, hazırda müəyyən dövlət vəzifəsi və ya status daşıyan şəxslərin sırasına baxdıqda maraqlı məqamla qarşılaşırıq. İctimai rəydə müəyyən obraza malik, media ilə ünsiyyətdən yayınmayan, sosial şəbəkələrdən aktiv istiadə edən fiqurların əhəmiyyətli hissəsinin vaxtilə müxalifətçi olduqları  diqqətdən yayınmır.

A.Zeynalov

COP29