!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana olacaq işləyən qadınların HÜQUQLARI: Məzuniyyət haqqı, süd pulu... - Məbləğlər necə hesablanır?

!Reklam – Yazi

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayı ərzində ölkə üzrə 93612 körpə dünyaya gəlib. İqtisadi təhlillərə görə, 90-cı illərdə Azərbaycanda hər 1000 qadına 22 doğuş halı baş verirdisə, bu gün göstərici 8,5 faizə düşüb. Əgər bu templə davam etsə, ölkədə 2050-ci ilə hər 1000 nəfərə 3 uşağın doğulması gözlənilir.

Doğuma qədərki müddəti nəzər salsaq, ölkəmizdə hamilə qadınlar üçün müxtəlif hüquqlar mövcuddur. Əmək Məcəlləsinin 240-cı maddəsinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Əgər belə bir hal olarsa, qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Məcəllənin tələblərinə görə, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Yəni qanunda gələcək ananın dünyaya sağlam uşaq gətirməsi və özünü güvəndə hiss etməsi üçün hər məqam nəzərdə tutulub.

Bundan başqa, ana statusuna namizəd olan qadın üçün hamiləliyə və doğuşa görə məzuniyyət verilir. Əmək Məcəlləsinin 125 və 126 maddəsinə əsasən, bu məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 140 təqvim gününə qədər uzadılır (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü).

Kənd təsərrüfatı istehsalatında işləyən qadınlara aşağıdakı müddətlərdə hamiləliyə və doğuşa görə məzuniyyət müəyyən edilir: normal doğuş zamanı – 140 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 70 təqvim günü), ağır doğuş zamanı – 156 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 86 təqvim günü), iki və daha artıq uşaq doğulduqda – 180 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 110 təqvim günü). Övladlığa uşaq götürmüş analar üçün 56 təqvim günü müddətində analoji məzuniyyət verilir. Hamiləliyə və doğuşa görə müavinətlər hamiləliyə və doğuşa görə məzuniyyət müddəti ərzində ödənilir. Dövlət müavinətləri əvvəlki orta əmək haqqının 100 faizi həcmində müəyyən edilir.

Eyni zamanda işləyən hamilə qadınlara ödənilən sosial müavinət də qanunla tənzimlənir.

Sadə misalla izah etsək, X adlı qadın işçi 1 mart 2020-ci il tarixdən analıq məzuniyyətinə çıxıb. İşçinin mart 2019 – fevral 2019-cu il (12 ay) müddətində əmək haqqı 6000 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 239 günə bərabərdir. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 10 iyul 2020-ci il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti belə hesablanılır. Əvvəlki 12 aydakı cəmi əmək haqqı (6000 manat) 12 ayda olan iş günlərinin sayına (239) bölünür, bir iş gününə düşən qazanc tapılır: 6000 / 239 = 25,10 manat.

Sonra müəyyənləşdirmək lazımdır ki, 1 mart 2020-ci il tarixindən 10 iyul 2019- cu il tarixinə kimi neçə iş günü var. Tutaq ki, bu müddətdə 83 iş günü var. Bu halda cəmi analıq məzuniyyəti, gündəlik qazancın (25,10 manat) 83 iş gününə vurulması ilə tapılır: 25,10 x 83 = 2083,3 manat. Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 2083,3 manat düşür.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən xəstəlik vərəqələri, hamiləliyədoğuma görə məzuniyyətin verilməsi barədə müəssisənin əmri (sərəncamı), müavinət təyin edən komissiyanın protokolu ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbəsinə və ya “DOST” mərkəzinə məktubla müraciət etməlidir.

Son olaraq, ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinət də ödənilir. Prezident İlham Əliyevin fərmanına əsasən, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi elektron qaydada həyata keçirilir. Uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində əldə olunan məlumat əsasında müavinət elektron qaydada təyin olunur.

Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə ehtiyac yoxdur. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin edilir və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndərilir. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti ala bilir.

Uşağın valideynləri işləmədikdə sənədlər qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə təqdim edilməlidir.

Gülşən Şərif

www.yenicag.az

1242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv