!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ankara görüşündə Ukrayna müharibəsi ətrafında müzakirələrin aparılması...” – ŞƏRH

!Reklam – Yazi

“ABŞ və Rusiya nümayəndələrinin Ankarada baş tutan görüşündə tərəfləri xüsusi xidmət orqanlarının rəhbər şəxsləri təmsil ediblər”.

Bu fikirləri ABŞ və Rusiya nümayəndələrinin Ankarada baş tutan görüşünün gündəliyi və mümkün məqsədlərini dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, vəziyyətin normallaşdırılması, xüsusilə Ukrayna müharibəsinin, nəhayət, danışıqlar nəticəsində dayandırılmasının yolu belə müzakirələrdən keçir:

“Nəzərə almaq lazımdır ki, müharibə vəziyyətində olan, hətta savaşan ölkələr arasında da təmasların saxlanması üçün müəyyən kanallar – əsasən, təhlükəsizlik xidmətləri səviyyəsində – açıq saxlanılır. Yəni münasibətlərdən asılı olmayaraq belə bir müzakirə kanalının aktiv qalması qəbul edilmiş praktikadır.

ABŞ və Rusiya nümayəndələrinin Ankarada baş tutan görüşündə də tərəfləri xüsusi xidmət orqanlarının rəhbər şəxsləri təmsil ediblər. Aydın məsələdir ki, onların gündəliyində də əsas yeri təhlükəsizlik məsələləri tutub.

Bəzi informasiya mənbələrinin iddialarından fərqli olaraq, hesab edirəm ki, Ankara görüşündə Ukrayna müharibəsi ətrafında müzakirə aparılmayıb. Çünki bu həm çoxşaxəli və mürəkkəb məsələdir, həm də onun qısamüddətli müzakirəsi, hansısa qərarın qəbulu real deyil.

Məsələyə geniş yanaşsaq, ABŞ və Rusiya arasında belə müzakirələrin təşkili müsbət qiymətləndirilməlidir. Çünki vəziyyətin normallaşdırılması, xüsusilə müharibənin, nəhayət, danışıqlar nəticəsində dayandırılmasının yolu belə müzakirələrdən keçir.

Danışıqların məkanı olaraq Türkiyənin seçilməsi də təbii qarşılanmalıdır. Çünki Avropanın və dünyanın əksər ölkələrindən fərqli olaraq, Türkiyənin hava məkanı Rusiya üçün açıqdır. Eyni zamanda, ikitərəfli münasibətlərin indiki səviyyəsi Türkiyəni Rusiya üçün güvənli dövlətə çevirib. Həmçinin Türkiyə ABŞ üçün də belə görüşlərin keçirilməsi üçün uyğun ölkədir”.

A.Zeynalov

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv