Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ankara Qarabağla bağlı Moskvaya təsir edə bilərmi?

Reklam: High Technic

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasının zəruri olduğunu bildirərək, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan bu ölkənin konfliktin həllində qabaqcıl rol oynaya biləcəyinə inandığını söyləyib.

Qeyd edək ki, artıq Moskva ilə Ankara arasında təyyarə qalmaqalı ilə yaşanan olaya tamamilə son qoyulub. İki ölkə arasında əməkdaşlıq yenidən sürətlə inkişaf edir. Hansı ki bu əməkdaşlıq özünü bütün sferalarda göstərməkdədir.

Belə bir fonda Türkiyənin vasitəçiliyi və ya təsiri ilə Rusiyanın Qarabağ münaqişəsinin həlli istiqamətində nəhayət, müəyyən real addımlar atacağını gözləmək olarmı?

Yenicag.az-a açıqlamasında Avrasiya Strateji Araşdırmalar Mərkəzinin eksperti Araz Aslanlı sözügedən məsələdə o qədər də optimist olmadığını bildirdi:

“Qardaş Türkiyə dövləti Qarabağ problemi yaranan ilk gündən onun həllinə müxtəlif istiqamətlərdə töhfə verməyə çalışıb. Hətta Türkiyə Xarici İşlər Nazirliyində münaqişə ilə maraqlanan daimi nümayəndəlik də yaradılmışdı. Sonrakı dövrlərdə həmsədrlik İnstitutunun formalaşdırılması ilə digər dövlətlər prosesdən kanarda qaldı və beləcə, Türkiyənin təsiri zəiflədi. Bu, bir qədər də Ermənistandan qaynaqlanırdı, İrəvan Ankaranın vasitəçiliyini qəbul etmək istəmirdi. Amma bilirik ki, son 7-8 ildə Türkiyə rəsmiləri mütəmadi olaraq yüksək beynəlxalq tribunalardan belə Qarabağ məsələsini gündəmə gətiriblər. Onlar bu xüsusda bir neçə məqama məxsusi diqqət yetirirlər. Bunlar münaqişənin həll olunmamış qalmasının regiona vurduğu zərər, habelə, həlli istiqamətində öhdəlik götürən beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Minsk qrupu həmsədrlərinin öz funksiyalarını yerinə yetirməmələrindən ibarətdir. Bununla bağlı Türkiyənin müxtəlif baş nazir, prezident və digər rəsmilərinin çıxışları ilə tanışıq. Ərdoğanın indiki halda məsələni Moskvada səsləndirməsinin isə bir qədər fərqli mənası var. Bilirik ki, hazırda münaqişənin həlliylə bağlı əsas təşəbbüslər Moskva tərəfindən göstərilir. Həmsədr olaraq, Kreml əsas yükü öz üzərinə götürüb. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərində təyyarə böhranına baxmayaraq, ciddi bir yaxınlaşma duyulur. Bu fonda Ərdoğanın Qarabağ məsələsi ilə bağlı fikirlərini Moskvada qeyd etməsi əhəmiyyətlidir.

Rusiya ilə Türkiyə Qarabağ probleminin həllinə dair birgə təşəbbüs göstərə bilsələr, prosesin həllinə töhfə verə bilərlər. Hesab edirəm ki, bununla bağlı Ərdoğanın niyyət və arzusu da var. Digər tərəfdən düşünürəm ki, Rusiya Türkiyəni münaqişənin həllinə çox yaxın buraxmaq fikrində deyil. Moskva münaqişəni mümkün qədər özünün, ya da uzağı həmsədrlərin monopoliyasında saxlamağa çalışacaq. Türkiyənin isə prosesə töhfə verməsinə Moskva ümumən maraqlı deyil. Ona görə Rusiya Türkiyə əlaqələrinin Qarabağ məsələsində də möcüzə yaradacağı ehtimalı zəifdir”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

109