!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqressiya, insanlarda silah həvəsi, qətl hadisələri: “Həyəcan təbili çalmağın vaxtıdır” – ŞƏRH

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bir ay ərzində ard-arda iki silahlı insident baş verib. Bundan əlavə, demək olar ki, hər gün insanlar arasında bıçaqlanma, dava-dalaş və s. hadisələr baş verir.

İnsanlarda bu qədər silah həvəsi necə yaranıb? Cəmiyyətimiz necə bu qədər aqressivləşib?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, bütün bu hallar insanlar arasında aqressiyanın artması nəticəsində baş verir:

“Hər kəs əsəbiləşə bilər. Önəmli olan odur ki, həmin insan aqressiyasını nə cür büruzə verir. Məsələn, kimisi sadəcə qışqırıb bağırır, kimisi də əşyaları yerə çırpır, amma başqalarına zərər vermir. Lakin eləsi də var ki, bir başa öldürməyi düşünür və silaha əl atır. Bu insanın olduğu mühitə, aldığı tərbiyəyə və yaşadığı psixoloji travmalara görə dəyişir. Əvvəllər biz bir insana hirslənəndə məktub yazırdıq, poçta gedib məktubu göndərmək istəyəndə fikirləşirdik ki, ayıbdır. Amma indi elm və texnologiya o qədər inkişaf edib ki, saniyəsində o sənə cavab verir və dava böyüyür. İnsanlarda səbir və hövsələ qalmayıb. Çoxları bunu maddi problemlərlə əlaqələndirir. Qətiyyən! Pul komfortdur, ancaq xoşbəxtlik deyil. İnsanlar ən xırda şeyləri belə böyüdürlər”.

O qeyd edib ki, yeniyetmələr arasında da belə hallar artıb:

“Keçmişdə iki yeniyetmə dalaşırdı, maksimum söz mübahisəsi edirdilər. İndi isə bir-birlərini döyürlər, sakitləşməyib dostlarını da gətirirlər, onlar da döyür. Hətta idmançılar arasında da bıçaqlanma artıb. İnsanlar maarifləndirilməlidir.

Hər kiçik bir hadisədən insanlar qətl törədə bilərlər. Məsələn, həyat yoldaşın səndən ayrıldı. Sən ona nəzarət edə bilməzsən. Görürük ki, boşanma hadisələrindən sonra qətllər çoxalır. Kişi gedir, keçmiş xanımını öldürür.

Hər bir insan stresə davamlı olmalıdır. Özümüzü tərbiyə etməliyik. Texnologiya inkişaf etdikcə, stres və aqressiya həyatımızın bir parçasına çevrilib. Amma bu o demək deyil ki, əlimizə silah almalıyıq”.

Orucova həmçinin vurğulayıb ki, belə insidentlərin sosial şəbəkələrdə və ya efirdə paylaşılması düzgün deyil:

“Bu çox pis bir örnəkdir. İnsanlar düşünür ki, başqası edibsə, mən də edə bilərəm. Bəzi yazılara baxıram, bir insan digərini öldürür. Hamı rəylərdə yazır ki, yaxşı olub. Məsələnin məğzini bilmədən qarşı tərəfə özgüvən və cəsarət ötürürlər. Fikir verirsiz ki, intihar hallarını və növlərini paylaşdıqca insanlar özünü elə həmin yollarla öldürməyə başlayır? Medianın belə məsələləri tirajlayaraq yayması düzgün deyil”.

Şahanə Paşa

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv