Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Araik Harutyunyanla görüşən Azərbaycan rəsmisi kimdir? - Müzakirə olunan məsələlər...

Reklam: Sinerji Pro

Rusiyalı sülhməramlıların rəhbəri Rüstəm Muradovun təşkilatçılığı ilə Azərbaycan hökumətinin rəsmisi özünü “Dağlıq Qarabağın prezidenti” kimi təqdim edən Arayik Harutyunyanla görüşüb.

Yenicag.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” nəşri yayıb.

Məlumata görə, görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan da iştirak edib. Tərəflər humanitar xarakterli məsələləri masaya yatırıblar.

Bu barədə “Sputnik Armeniya” agentliyinə Arayikin mətbuat katibi Lusine Avanesyan məlumat verib.

Mətbuat katibi görüşdə danışılanlar barədə guya “prosesə ziyan vurmamaq üçün” heç nə deməyib. O, Azərbaycan rəsmisinin kimliyini də açıqlamayıb. Deyib ki, istəsə Azərbaycan tərəfinə özü açıqlayar.

Göründüyü kimi, separatçı qurumun rəhbərliyinin bu gizli görüş barədə yaydığı xəbər əslində Azərbaycanın ictimai rəyində ajiotaj yaratmaq məqsədi güdür. Belə ki, adı açıqlanmayan rəsmimizin görüşdüyü iddia olunan Arayik Harutyunyan Azərbaycan Baş Prokurorluğunun haqqında cinayət işi qaldırıb axtarışa verdiyi şəxsdir. Özünü qondarma rejimin “prezidenti” elan edən bu adamı hüquq mühafizə orqanları yaxalayıb ədalət mühakiməsinə verməli olduğu halda, rəsmilərimizin onunla görüşməsi ilk baxışda asanlıqla həzm edilə biləcək hal deyil. Görünür, erməni separatçıları da məhz buna görə görüş barədə məlumatı mediaya sızdıraraq Azərbaycan siyasi hakimiyyətinə qarşı nifrəti körükləməyə çalışırlar.

Hadisənin dərinliyinə nəzər salanda isə Azərbaycan rəsmisinin əslində Arayik Harutyunyanla deyil, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla görüşdüyü anlaşılır. Arayik Harutyunyan isə bu görüşdə “DQR”-nın “prezidenti” kimi yox, müzakirə obyekti kimi iştirak edib. Daha aydın dillə desək, Bakı yəqin ki, öz tələblərini qarşı tərəfə çatdırmaq və ondan hansısa məxfi məlumatları almaq üçün terrorçubaşının da görüşdə iştirakına razılıq verib.

Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumatlar erməni ideoloji müharibəsinin formalaşdırmağa çalışdığı ilkin qənaətləri büsbütün dəyişdirir. Məlumata görə, haqqında bəhs olunan görüş həqiqətən də baş tutib. Amma görüşün əsas məqsədi heç də qeyd olunduğu kimi humanitar məsələlərin müzakirəsi yox, I Qarabağ müharibəsində itkin düşmüş, əsir götürülmüş şəxslərin sonrakı taleyi, dəfn edildikləri yer barədə məlumat almaq olub. 

Bu isə Azərbaycan üçün olduqca vacib məsələlərdəndir. Çünki Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı 4354 nəfərin erməni əsarətində olduğu müəyyənləşdirilib. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı o da dəqiqləşdirilib ki, 550 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblrdən vəfat edib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Digərləri isə hələ də sağdır. Ermənistanın 44 günlük müharibədən sonra Azərbaycana qaytardığı əsir və girovların sayı isə 20-ni keçmir. Onlardan yalnız 2-si – Şahbaz Quliyev və Dilqəm Əsgərov II Qarabağ savaşından əvvəl əsir düşüb. Belə çıxır ki, ermənilər 4000-ə yaxın əsirimizi ya gizlədir, ya da qətlə yetirib.

Sözün həqiqi mənasında insanlığa qarşı vandalizm nümunəsini əks etdirən bu rəqəmlər ortada olduğu halda ermənilər son Qarabağ döyüşlərində mülki şəxslərə belə toxunmayan Azərbaycana qarşı ağır iddialar irəli sürür və yanlış beynəlxalq rəy yaradırlar. Üstəlik, atəşkəs rejimindən sonra terrorçu fəaliyyət üçün Dağlıq Qarabağa gələn erməniləri utanmadan əsir kimi göstərir və onların geri qaytarılmasını  tələb edirlər. Halbuki, bizim 30 ildir əsir və girov götürülmüş 4000-ə yaxın vətəndaşımızın taleyinin qeyri-müəyyənliyi ermənilərin diligödək olmasını şərtləndirir. Azərbaycan rəsmisinin I Qarabağ müharibəsinin iştirakçı olan Araik Harutyunyandan onların taleyi barədə məlumat almağa çalışması ən təbii haqqıdır. Həmin insanların taleyi bəlli olmasa, rəsmi Bakının hər hansı əsiri geri qaytarmamaq hüququ doğur.

Məlumatın qondarma “DQR”-ın rəsmiləri tərəfindən ictimailəşdirilməsi də Azərbaycan rəsmisinin bu haqlı mövqeyindən razı qalınmadıqlarının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, görüşdə separatçıların xeyrinə humanitar məsələlər müzakirə olunmayıbƏksinə, Azərbaycanın I Qarabağ savaşında itkin və əsirlərinin taleyi, bölgə üzərindəki suverenlik hüquqlarımız və ermənilərin bu hüquq çərçivəsində yaşamaq imkanları qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənilər isə arzuladıqları sözü Azərbaycan nümayəndəsinin dilindən eşitmədiklərinə görə şantaja əl atıblar.

Bildirildiyinə görə, görüşdə Dağlıq Qarabağın status məsələsi qətiyyən müzakirəyə çıxarılmayıb və çıxarıla da bilməzdi. Nədən ki, Azərbaycanın siyasi hakimiyyətinin rəhbəri Prezident İlham Əliyev Dağlıq Qarabağın aqibəti barədə dəfələrlə səsləndirdiyi fikirlərdə bu suala aydınlıq gətirmiş və bölgənin hər hansı siyasi muxtariyyət və müstəqillik statusundan bəhs olunmayacağını vurğulamış, hətta açıq şəkildə “Status cəhənnəmə getdi” demişdi. Heç bir statusu olmayan bir yerin sözdə “lider”inin də siyasi kimlikli tərəf-müqabili kimi qəbul edilməsi də mümkün deyil.

Digər tərəfdən, Arayik Harutyunyanın da iştirak etdiyi görüşdə Azərbaycanı təmsil edən nümayəndənin siyasi hakimiyyətin təmsilçisi olmadığı açıqdır. Daha doğrusu, Azərbaycan nümayəndəsi həmin görüşdə böyük ehtimalla xüsusi xidmət orqanının təmsilçisi qismində iştirak edib və bir növ, Harutyunyanı sorğulayıb.

“Sputnik Armeniya”nın yazdığına inansaq, görüşdə tərəf müqabillərdən birinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan olması Azərbaycan nümayəndəsinin kimliyi barədə bəzi ipucları verir. Məlumdur ki, Armen Abazyanla müxtəlif zamanlarda həm Naxçıvanda, həm də Cəbrayilda, həm də Moskvada DTX-nin rəhbəri general-polkovnik Əli Nağıyev görüşmüşdü. Bu görüşlərdə sərhədlərin demarkasiyası, əsirlərin qaytarılması və s. kimi məsələlər müzakirə olunmuş, Azərbaycanın xeyrinə bəzi addımlar atılmışdı. Mümkündür ki, son görüşdə də Azərbaycanı təmsil edən nümayəndə DTX yetkililəridir. Əli Nağıyevin özüdürmü, yoxsa onun rəhbərlik etdiyi qurumun başqa nümayəndəsidirmi, ümidvarıq ki, DTX bu suallara aydınlıq gətirəcək.

Hətta ermənilərin iddia etdikləri kimi, görüşdə humanitar məsələlərin müzakirə olunması belə, Arayik Harutyunyanın tərəf müqabili kimi tanınmasının dəlili sayıla bilməz. Zira bütün müasir müharibələrdə humanitar məsələlər hərbi hədəflərdən ayrı tutulur və düşmən tərəfindəki mülki şəxslərin daha az zərər görməsinə çalışılır. Azərbaycan da 44 günlük müharibə zamanı bu nüansa xüsusi diqqət ayırmış, ermənilərin öz etiraflarına görə, atışmalarda yalnız barmaqla sayılacaq qədər dinc sakin həyatını itirmişdi.

Görünən budur ki, rəsmi Bakı bu gün də öz humanist prinsiplərindən kənara çıxmır, mübarizəsini erməni xalqına qarşı yox, separatizmə qarşı aparır. Azərbaycanın itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleyinin də humanitar məsələ olduğunu nəzərə alsaq, görərik ki, qondarma “DQR”-ın yaydığı məlumatda da həqiqət payı yox deyil.

Loading...

www.yenicag.az

628