!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan neft QİYMƏTLƏRİ: "Qənaət edilmiş valyuta ehtiyatları..." - İqtisadçı ilə MÜSAHİBƏ

!Reklam – Yazi

Son həftə ərzində dünya birjalarında neft qiymətlərində baş verən dəyişikliklərlə bağlı İqtisadçı Vüsalə Əhmədova Yenicag.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Son zamanlar neft qiymətlərinin kəskin artımı müşahidə olunur. Bu fonda Azərbaycan nefti hansı səviyyəyə qədər bahalaşa bilər?

–  2022-ci il ərzində “Azeri Light” markalı neftin bir barelinin qiymətinin 120 dollaradək yüksəlməsi mümkündür. Qiymət artımının səbəbi dünya bazarında yanacağa tələbatın artması və o cümlədən, qlobal enerji böhranıdır. Nəzərinizə çatdırım ki, ilin əvvəlindən etibarən “Brent” markalı neft 20 faiz, WTI markalı neft isə son yeddi həftədə 30 faiz bahalaşıb. Neftin bahalaşması, təbii ki, ölkə iqtisadiyyatı üçün müsbət amildir, qeyri-neft sektorunun inkişafı üçün fürsət yaranır. İlk növbədə, qida sektoru üzrə idxal əvəzləyici malların emal sahələri qurulmalı, ölkənin qida asılılığı mümkün qədər azaldılmalıdır. Bununla da, qənaət edilmiş valyuta ehtiyatları sənayenin xaricdən asılılığını azaldacaq və bu ehtiyatlar dinamik müqayisəli üstünlüklərə əsaslanan sahələrə yönəldilə bilər.

– Beynəlxalq iqtisadi aləmdə baş verən proseslər fonunda Azərbaycan yeni iqtisadi modelə keçid edə bilərmi və yeni idarəetmə formasında hansı amillər nəzərə alınsa, iqtisadi inkişafa təkan verə bilər?

– Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkə miqyasında ənənəvi dövlət quruluşundan elektron dövlət quruluşuna keçid həyata keçirilməlidir. Yalnız fiziki təmasları mümkün qədər azaltmaqla ölkədə korrupsiya və bürokratik əngəllərin önünə keçmək olar, hər kəs üçün bərabər imkanlar yaranar. İqtisadi inkişaf üçün əsas amil bütün idarəetmə mexanizmlərinin elektronlaşdırılmasıdır, bu istiqamətdə aparıcı sektor isə bank sektorudur. Nağdsız ödənişlərin payının artırılması bizə hər şeydən öncə “kölgə iqtisadiyyatı”ndan qurtulma imkanı yaradır. Məlumdur ki, kölgə iqtisadiyyatını bəsləyən əsas faktor ölkədə nağd pul dövriyyəsinin çoxluğudur. Məsələn, Türkiyədə bank əməliyyatlarının 80 faizindən çoxu internet üzərindən həyata keçirilir. Ölkəmizdə, təəssüf ki, kiçik bir arayış almaq üçün də vətəndaşlar quruma üz tutmaq məcburiyyətində qalırlar. Rəqəmsal ekosistem sayəsində dövlətin təşkil etdiyi tenderlərdən tutmuş, bütün digər fəaliyyətlərin onlayn həyata keçirilməsi mümkün olar, nəticədə “qara bazar”, “inhisarçılıq” anlayışları da ortadan qalxar.

Gülşən Şərif

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv