!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatdı

!Reklam – Yazi

Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası fevralın 23-də işini başa çatdırıb.

Yenicag.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

Fevralın 23-də plenar sessiya işini komitə iclasları ilə davam etdirib.

Milli Məclisin deputatı Vüqar Bayramovun moderatorluğu ilə keçirilən Sosial və mədəni məsələlər daimi komitəsinin iclasında ötən dövrdə komitə tərəfindən görülən işlərdən, qəbul edilən qətnamə layihələrindən danışılıb. Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsi də üzv dövlətlər tərəfindən dəstəklənib və geniş müzakirə edilib.

İclasda, həmçinin “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında”, “İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair”, “Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında”, “Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında”, “Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında”, “Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında”, “Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında” ,“Asiyada Yaşlanan Cəmiyyəti haqqında”, “Asiyada İnsan İnkişafına dair”, “Asiyada turizm əməkdaşlığı haqqında” qətnamə layihələri, həmçinin “Komissiya haqqında” və “APA-nın Qadın Parlamentarilər haqqında” qərar layihələri müzakirəyə çıxarılıb.

APA-ya üzv ölkələrin nümayəndələrinin müzakirə olunan mövzularla bağlı çıxışları dinlənilib və təkliflər səsləndirilib.

Plenar sessiya çərçivəsində keçirilən Siyasi məsələlər Daimi Komitəsinin iclasında isə Asiya parlamentlərinin Fələstin xalqına dəstək verməsi ilə bağlı qətnamə layihəsi müzakirə olunub.

Tədbirin moderatoru İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İraq parlamentinin Xarici əlaqələr şöbəsinin müdir müavini Cabbar Al-Kinani diqqətə çatdırıb ki, Asiya Parlament Assambleyasının Fələstin xalqı məsələsi ilə bağlı komitənin yaradılması planlaşdırılır. Vurğulayıb ki, Fələstin xalqı məsələsi təkcə APA-nı deyil, bəşəriyyəti düşündürən məsələdir.

İraq parlamentinin rəsmisi bildirib ki, mülki insanların, uşaqların, qadınların qətlə yetirilməsi insanlığa sığmır və buna son qoyulmalıdır.

Diqqətə çatdırılıb ki, Asiya Parlament Assambleyası Qəzzada baş verənləri dayandırmaq üçün imkanlarından istifadə etməlidir.

Qətnamə layihəsi müzakirələrdən sonra qəbul edilib. Həmçinin APA-da yeni – Fələstin komitəsinin yaradılması barədə də qərar verilib.

Komitə iclaslarından sonra plenar sessiyanın bağlanış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə APA-nın İqtisadiyyat və davamlı inkişaf, Büdcə və Planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin hesabat məruzələri dinlənilib. APA-nın Baş katibinin müavini Kia Tabatabee və İran parlamentinin üzvü Jalili Rahimi Jahanabadi daimi komitələrin fəaliyyəti və görüləcək işlər barədə məlumat veriblər. Rəsmilər sessiya çərçivəsində daimi komitələrin yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu, iqlim məsələləri, Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, Asiyada davamlı cəmiyyət üçün uşaq və gənclərin inkişafının təşviqi və bir sıra digər məsələlərlə bağlı qətnamə layihələri barədə də ətraflı danışıblar.

Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri seçilib.

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb və müvafiq qərar verilib.

Assambleyanın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və yekun hesabatı qəbul edilib.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv