Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Atatürk” liseyində möhtəşəm açılış mərasimi - İlbər Ortaylı da qatıldı - Fotolar

Bu gün yeni dərs ilinin başlaması ilə əlaqədar Atatürk liseyində şagirdlərin, valideynlərin, türkiyəli və azərbaycanlı ziyalıların, tanınmış şəxsiyyətlərin iştirakı ilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Yurtdışı Türklər Birliyinin başqan müavini Sayit Yusuf, KKTC-nin səfiri Ufuk Turganer, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazgan, ATİB başqanı Cemal Yangın, Türkiyə Səfirliyinin müşaviri İrfan Çiftçi, Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir və digər tanınmış ictimai xadimlər iştirak ediblər. Tədbirə qatılanlar arasında dünyaca məşhur tarixçi alim İlber Ortaylı da olub.

Tədbiri giriş sözü ilə Atatürk liseyinin müdiri Hüseyin Dəmirəl açaraq yeni dərs ilində şagird və müəllimlərə uğurlar arzulayıb. Hüseyin Dəmirəl bildirib ki, bu il liseydən 36 şagird məzun olub və onların hər biri yüksək balla ali məktəblərə daxil olub:

“Uğurlarımızın daha da artması üçün çalışacağıq. Əsas hədəfimiz türk dünyasının gələcəyi və bütövlükdə, insanlığa yön verəcək nəsillər yetişdirməkdir. Azad düşünən, ədalətli, düzgünlüyü hakim tutan, savadlı nəsillər yetişdirmək üçün əlimizdən gələni edəcəyik. 100 il öncə türkün gücünü hər kəs görmüşdü, bu günlərdə yenə gördülər. Yenə türkün gücünü görəcəklər, yenə Qafqaz dağlarında çiçəklər açacaq, yenə Qara dəniz çırpınacaq, yenə bir Nuri Paşa gələcək, Qarabağda qətlə yetirilən qardaşlarımızın qisası alınacaq, qəsb edilmiş Azərbaycan torpaqlarında müqəddəs üç rəngli Azərbaycan bayrağı dalğalanacaq”.

Qonaqlar arasında olan Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı çıxışına şagirdləri, valideynləri və müəllimləri yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edərək başlayıb. Tənzilə Rüstəmxanlı bildirib ki, Atatürk liseyi onun üçün türk ocağıdır:

“Bu məktəbin çətin günlərinə də şahid olmuşam. Məktəbin Azərbaycanda qalması və fəaliyyət göstərməsi üçün çox əziyyətlər çəkilib. Azərbaycanın çox böyük şairi Bəxtiyar Vahabzadə başda olmaqla, bu məktəbin başında duran və onu himayə edən bir çox şəxslər var. Bu dünyada olmayanların ruhu şad olsun, qalanların da canı sağ olsun. Atatürk liseyi mənim üçün bir məktəb deyil, bu lisey türk dövlətləri, xüsusilə Azərbaycan üçün bir fəlsəfə, milli ideologiya institutudur. Bu liseyi bitirmiş şəxsləri dövlətimizin yüksək mövqelərində görəndə çox xoşbəxt oluram. Türkiyə 15 iyun olayını yaşayanda dövlətimizi qəsb etməyə çalışanlar xain məktəblər və bu şəbəkənin başında dayanan Fətullah Gülənin komandası idi. Onun görə də 15 iyun olayı Türkiyə və Azərbaycan üçün bir örnək olmalıdır. Atatürk liseyinə həm Türkiyə, həm də Azərbaycan sahib çıxmalıdır. Çünki bu məktəbdə türk maraqlarını öz maraqlarından üstün tutan, heç bir dövlətin oyuncağı olmayacaq mütəxəssislər yetişəcək. Buna əminəm və ona görə də daima bu məktəbin yanındayam. Bu məktəbin dırnağına daş dəyəndə, mənim ürəyim ağrıyır. Türkiyəni, Azərbaycanı kim sevirsə, bu məktəb onun məktəbidir.

Türk-İslam ordusu işğalçı ordudur deyənlərə, erməni-rus kimi düşünənlərə 15 sentyabr Bakının qurtuluşunun 100 illiyi ilə əlaqədar paradda Nuri Paşa və əsgərlərinin formasını geyinmiş əsgər və zabitlərimizi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev ayaq üstə alqışlayanda cavab verildi.

Əminəm ki, bu məktəbi bitirənlər Nuri Paşa və onun əsgərləri kimi türklərə qarşı olanların önündə dimdik dayanacaqlar”.

Tədbirdə digər qonaqlar çıxış etdikdən sonra bədii hissə başlayıb. Bu hissədə şagirdlər şeirlər səsləndirib, mahnılar oxuyub, rəqs nömrələrilə çıxışlar ediblər.

Tədbirdə iştirak edən dünyaca məşhur tarixçi alim İlbər Ortaylı şagird və müəllimlər tərəfindən həyacanla qarşılanıb. O, Bakıdakı Atatürk liseyində ilk dəfə olduğunu bildirib. Tarixçi alim şagird və müəllimlərə yeni dərs ilində uğurlar arzulayıb.

Tədbirin sonunda şagirdlər, valideynlər və müəllimlər İlber Ortaylı ilə xatirə şəkilləri çəkdiriblər.

Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur

www.yenicag.az

2874
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM