!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atəşgah" Sığorta Şirkəti müştərilərə kələk gəlir: "Xaricdə özlərinə mal-mülk alırlar, amma..." - ŞİKAYƏT

!Reklam – Yazi

“Atəşgah” Sığorta Şirkətinin dələduzluq əməllərilə bağlı şikayətlər artmaqdadır.

Yenicag.az-a daxil olan məlumata görə, Bakı şəhəri sakini Alı İsgəndərli “Atəşgah” şirkətinin öz müştərilərini aldatmaqda və ödəməli olduğu vəsaitdən boyun qaçırmaqda ittiham edib.

Onun sözlərinə görə, müştərilər “Atəşgah” Sığorta Şirkətinin fəaliyyətindən narazı olsa da, bu işlərə əncam çəkən tapılmır:

“Çoxlu şikayətlər edirik, lakin heç birinin doğru-düzgün nəticəsi ortalığa çıxmır. “Atəşgah” şirkəti hər il xalqdan sığorta adı ilə milyonlarla pul yığır. Bu pul sürücülərdən ona görə alınır ki, guya sizi sığorta edirik, maşınınız qəzaya düşəndə sizə dəyən ziyanı ödəyəcəyik. Lakin elə ki, avtoqəza oldu və iş gəldi çıxdı “dəyən zərərin ödənməsinə”, vay da onda başlayır. “Atəşgah” şirkəti sözünün üstündən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır. Bu təxribatlara aydınlıq gətirilməlidir. Biz dövlətə və hüquq-mühafizə orqanlarına müraciət edərək bu işlərin araşdırılmasını istəmişik və cinayət işi açılıb. Dəfələrlə şirkətdən bizə verilməli olan pulun ödənilməsi üçün şikayətlər etmişik, şirkətin binasının qarşısında etiraz aksiyası da keçirmişik. Aksiya zamanı baxıb görmüşük və ortalığa çıxarmışıq ki, “Atəşgah” şirkəti çoxlu insanları dünyada misli-bərabəri olmayan loxotron sistemləri ilə aldadır, bu işdə məşhur Ostap Benderin də fəaliyyətini ötüb keçəcək qədər pərgarlaşıb”.

Şirkətin min oyundan çıxaraq insanları açıq-aşkar ələ saldığını bildirən şikayətçi Alı İsgəndərliyə görə, vətəndaşlar heç cürə öz pullarını şirkətdən ala bilmirlər:

“2012-ci il 13 iyul tarixində yol qəzası nəticəsində 50-CE-461 nömrəli maşın piyadanı vurub. Vəfat etmiş vətəndaşın atası 10 ildi sürünsə də, “Atəşgah” ona pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidir və bundan sonra pulu buraxmalıyıq. Halbuki bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi, onu da yerinə yetirirlər. Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin primitiv bir şöbəsi rəy verməkdən ötrü 10 il əlləşsin?!

2012-ci ilin 8 mart tarixində 10-TE-338 nömrəli maşını ilə 10-GR-872 nömrəli maşının toqquşması nəticəsində bir neçə şəxs ölmüşdü. Ölənlərdən birinin – Teymur Zabilovun həyat yoldaşı uzun illərdir sürünsə də, şirkətdən ona məhəl qoymurlar. Məhz belə mərhumların hesabına şirkət işçiləri varlanır, xaricdə özlərinə mal-mülk alırlar. Əhali isə bunların maxinasiyalarına aldanaraq sonda bir tikə çörəyə möhtac qalır.

2013-cü ilin 3 avqustunda 90-FS-754 nömrəli maşının 19-BB-176 nömrəli maşınla toqquşması nəticəsində bir ailə büsbütün qırılmışdı. Ailənin 4 körpə uşağı hazırda yetim qalıb, nənələrinin himayəsindədirlər. “Atəşgah” şirkəti bu yetim körpələrin pulunu yeyərək ödəməkdən imtina edir. Halbuki bu körpələr köhnə uçuq daxmada qalırlar, qışda evlərinin damından içəri yağış suyu tökülür. Dəfələrlə müraciət ediblər ki, şirkət pulu ödəsin, biz evimizi təmir edək və dava-dərmanlarımızı alaq. Lakin şirkət bildirir ki, iş köhnə işdir, araşdırma gedir. Nəyi araşdırırlar, necə araşdırırlar, nə vaxt başa çatdıracaqlar, bir Allah bilir.

2014-cü ilin 31 iyulunda baş vermiş hadisədə də bir nəfər adam ölmüşdü, həyat yoldaşı mərhum ərinə düşən pulu şirkətdən tələb etsə də, şirkət pulu ödəməkdən imtina edir. Şirkətin hüquqşünası yenə deyir ki, təhlükəsizlik şöbəsində araşdırılır.

Bu maşınların hamısı “Atəşgah” şirkətində sığorta olunmuşdular. Şirkət işçiləri insanları aldadaraq pul alıb və bildirib ki, başlarına hansısa bədbəxt hadisə gələrsə, onlara kömək edəcəklər. Lakin insanlar avtoqəzaya düşəndə şirkət pulu ödəməkdən boyun qaçırır, hətta çox zaman vətəndaşları kobud şəkildə ofisdən qovaraq hədə-qorxu gəlirlər.

Son müraciətlərimiz zamanı şirkətə bildirdik ki, Mərkəzi Banka şikayətlər edəcəyik. Dedilər ki, biz Mərkəzi Bankı hərləmirik, ordakılar sədrimizin öz adamlarıdır, gedin hara şikayət edirsinizsə, edin. Belə özbaşınalıq olurmu? İndi şükürlər olsun ki, Mərkəzi Bankın rəhbərliyi dəyişib və işə əncam çəkiləcək.

Biz aldadılmış vətəndaşlar xahiş edirik ki, “Atəşgah” Sığorta Şirkətinin maxinasiya kanalına son qoyulmasına kömək edin”.

Sözügedən məsələ ilə bağlı “Atəşgah” Sığorta Şirkətinin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Şərif

www.yenicag.az

1232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv