Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib.

Yenicag.az-ın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, sənəddə qeyd edilir ki, Aİ və Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün konkret faydalar vəd edir. Bildirilir ki, 2019-cu ildə keçiriləcək növbəti “Şərq Tərəfdaşlığı” sammitinə qədər yeni sazişin imzalanması üçün danışıqlarda sürətli və davamlı irəliləyiş müşahidə olunur.

Sənəddə Azərbaycan və Aİ arasında daha ədalətli, daha şəffaf və rəqabət amilinə söykənən ticarət və investisiya mühitinin yaradılmasının əhəmiyyəti vurğulanır, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək ifadə edilir.

Qeyd olunur ki, Azərbaycan və Aİ arasında strateji enerji əməkdaşlığına əsaslanaraq enerji əməkdaşlığının inkişafı, Azərbaycanın enerji sektorunun diversifikasiyası, qeyri-karbon enerji mənbələrinin təşviqi və Cənub Qaz Dəhlizinin tamamlanmasına dəstək göstərilməlidir. Aİ və Azərbaycan arasında təhsil, səhiyyə, nəqliyyat, rabitə, turizm kimi qeyri-enerji sahələrində də əlaqələri genişləndirmək üçün yeni yollar tapmağın əhəmiyyəti vurğulanır.

Sənəddə Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün yeni iş yerlərinin yaradılmasına, sənaye və xidmət sektorlarını müasirləşdirməyə, biznes və araşdırma sahələrində davamlı inkişafı təmin etməyə dair çağırış əksini tapıb.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının səylərinə dəstək verilməsinə çağırış da edilib.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Aİ ilə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sazişlər münaqişənin sülh yolu ilə həlli istiqamətində öhdəliklərə və əhəmiyyətli irəliləyişlərə, həmçinin atəşkəs rejiminin qorunub saxlanılmasına, ATƏT baza prinsiplərinin (2009) həyata keçirilməsinə və həmsədrlərin səylərinin dəstəklənməsinə şərait yaratmalıdır. Danışıqlar prosesinə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının cəlb edilməsinin vacibliyinə diqqət çəkilir. Aİ-nin Azərbaycan və Ermənistan arasında dialoqa üstünlük verdiyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Aİ-nin iştirakının artırılmasının vacibliyi bildirilir. Sənəddə tərəflərin atəşkəsə riayət etmələrinin, ittihamedici çıxışlara son qoymasının, etimad tədbirləri görülməsinin, eləcə də regionda ATƏT-in müşahidəçilərinin sayının artırılmasının, bütün səviyyələrdə dialoqun təşviq edilməsinin zəruriliyi vurğulanır.

COP29