!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın açıq demarşı və Rusiyanın əlinə “OYNAMAQ”: “Vahid Avroatlantika məkanının mövcudluğu...” - ŞƏRH

!Reklam – Yazi

“Belə bir şəraitdə Avropanın dəstəyi olmasa, ABŞ Ukrayna ilə bağlı siyasətini tam şəkildə həyata keçirməyə çətinlik çəkəcək”.

Bu fikirləri Avropa İttifaqının “lokomotiv”ləri olan Almaniya ilə Fransanın ABŞ-nin “cazibə dairəsi”ndən çıxmaq cəhdlərini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Almaniya ilə Fransa öz siyasətlərini ABŞ-nin mövqeyi ilə uzlaşdırmağa məhkum olmadıqlarını daha çox büruzə verməyə başlayıblar:

“Xüsusilə, Ukrayna məsələsi Amerika ilə Avropanın Rusiyaya münasibətdə müxtəlif çalarlara malik olduğunu daha parlaq şəkildə üzə çıxarıb. Onsuz da İkinci Dünya Müharibəsindən etibarən, ötən əsrin 90-cı illərinə qədər ABŞ və Avropa İttifaqı həqiqətən, vahid Avroatlantika məkanı kimi göründüyü halda, SSRİ-nin dağılmasından sonra həmin məkanın daxilində tərəflərin maraqları müxtəlif səpkilərdə özünü göstərməyə başladı.

Son vaxtlar Avrasiya miqyaslı bir sıra problemlərə münasibətdə ABŞ ilə Avropanın geosiyasi məkan olaraq, fərqliliklərinin daha çox qabardığı müşahidə olunur. Bu da Avropanın enerji daşıyıcıları ilə təchizatı, Avropa ölkələrinin Cənubi Qafqazda, Yaxın Şərqdə, ərəb ölkələrində gedən proseslərə, ən nəhayət Ukrayna böhranına münasibət kimi məsələlərdə mövqe fərqləri açıq görünür.

Sadalanan bu məsələlər Avropa ölkələrini daha müstəqil və öz maraqlarına söykənən siyasət yürütməyə sövq edir. Belə deyək, Ukrayna məsələsi ABŞ və Avropa İttifaqının münasibətlərində inqilabi dəyişiklik rolunu oynamaqdadır. Bu da elə bir dövrə təsadüf edir ki, Avropanın özünün enerji daşıyıcıları ilə təchizatda çox böyük çətinlikləri yaranıb və aydındır ki, bu şəraitdə Avropa ölkələri, əsasən də Almaniya ilə Fransa öz siyasətlərini ABŞ-nin mövqeyi ilə uzlaşdırmağa məhkum olmadıqlarını daha çox büruzə verməyə başlayıblar.

Belə bir şəraitdə Avropanın dəstəyi olmasa, ABŞ Ukrayna ilə bağlı siyasətini tam şəkildə həyata keçirməyə çətinlik çəkəcək. Sözsüz ki, bu vəziyyət Rusiyanın mövqeyinin güclənməsinə səbəb olur. Ona görə də, yaxın vaxtlarda Ukrayna məsələsi ətrafında müəyyən səngimənin olacağını təxmin etmək mümkündür”.

A.Zeynalov

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv