!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ay arvaddan qorxan biqeyret” – Nəsibə Zeynalovanın doğum günüdür

!Reklam – Yazi

“Ay arvaddan qorxan biqeyret” – “Qayınana” filmində Cənnət xalanın dilindən səslənən bu məşhur aforizmi xatırlayanda istər-istəməz hər kəsin dodağı qaçır və üzünə xəfif təbəssüm qonur. Axı söhbət milyonlarla insana gülüş bəxş edən səhnəmizin kraliçası, Xalq artisti, sevilən aktrisa Nəsibə Zeynalovadan gedir. Bu gün cismən aramızda yoxdur, amma indi də onu gülümsəyərək yad edirik.

Yenicag.az xəbər verir ki, bu gün aktrisanın doğum günüdür. Nəsibə Zeynalova Cahangir Zeynalov kimi bir sənətkarın ocağında dünyaya göz açıb. Elə taleyinə, qismətinə də sənətkar olmaq xoşbəxtliyi yazılıb. Bir-birindən fərqli, maraqlı, yaddaqalan obrazlar yaratdı. Həm teatrda, həm də kinomuzda.

Təkcə sənətkar kimi deyil, insan kimi də sevənlərinin yaddaşına əbədi köç etdi. Sənət dostları danışırdı ki, Nəsibə xanım teatrda digər həmkarlarına hər zaman yol açırdı, onların rolla təmin olunması üçün, hətta özünü belə xəstəliyə vurmaqdan çəkinmirdi.

Mərhum aktyor Novruz Qartal mənə verdiyi müsahibələrin birində Nəsibə xanımla bağlı bölüşdüyü xatirə yadıma düşdü:

“Teatrda “Qayınana” tamaşası təqdim olunurdu. Hər yerdə afişalar vurulub, biletlər satılıb. Nəsibə xanım zəng eləyib ki, bəs xəstələnmişəm, axşam tamaşanı oynaya bilməyəcəm, teatrın direktoru Şəmsi Bədəlbəyliyə demişəm. Mən tamaşanın aparıcısı idim. Sən demə, yalandan deyirmiş ki, onun əvəzinə dublyoru aktrisa Nəsibə Behbudova oynasın. O belə mərd xanım idi, özü qəsdən şərait yaradırdı ki, digər aktrisalar da səhnəyə çıxa bilsin”.

Əlbəttə hər aktrisa o ürəyə sahib olmur. Amma Nəsibə Zeynalovanın sənətkarlığı qədər, insanlığı, ürəyi də böyük idi.

Ömrünün son günlərinə qədər səhnə sevgisi ilə alışıb-yanırdı. Elə dünyasını da məhz Teatr günündə dəyişdi. Amma bu gün də Nəsibə Zeynalovanın ömrü yaratdığı obrazlarla davam edir. O, teatrımızda və kinomuzda bir zirvədir. Hər zaman o zirvəyə sevə-sevə boylanırıq. Bizə gülüş bəxş edən səhnəmizin və kinomuzun kraliçası doğum günün mübarək!

Cəvahir

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv