Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AYP Başqanı: “Laçın dəhlizinə nəzarət işinə Türkiyənin sülhməramlıları da qoşulmalıdır”

“Part biletim sol cibimdə, ürəyimin başındadır”, – nə qədər qeyri-səmimi olsa da, insanlar, onların formalaşdırdığı cəmiyyət üçün partiyanın önəmini bütün çılpaqlığı ilə ortaya qoyur.

Bəlkə də Süleyman Rüstəm bu misraları səmimi olaraq qələmə alıb, lakin Kommunist Partiyasının cəmiyyətə baxışı və yanaşması səmimi deyildi. Təbii ki, uzaq keçmiş olmadığı üçün kolxozlaşma, qulaqlıqlar, repressiyalar, texnikaya canlı divarla qalib gəlməyi (II Dünya müharibəsi) unutmamışıq. Bunlar azmış kimi lap yaxın keçmişdə 20 Yanvar faciəsi, Qarabağ problemi… Bəlkə də söhbətə yanlış istiqamətdən başladım, lakin çox vaxt doğruları tapmaq üçün yanlışlara baş vurmaqdan başqa çarə qalmır.

İllər keçsə də, Leninin heykəlinin yıxılması kadrları hələ yaddan çıxmayıb. Yəni “part bilet”ini sol cibinə, ürəyinin başına qoyanların ürəyi elə qanadı ki, hələ də özlərinə gələ bilməyiblər. Açığı gəlməsinə imkan da verilmir. Kommunist Partiyasından sonra ölkədə bir-birini ƏVƏZLƏMƏYƏN yüzlərlə siyasi partiya yarandı. Onların təkrar fəaliyyəti Leninin atasına rəhmət də oxutdurdu. Azərbaycan insanı siyasətin nəmənə zad olduğunu anlamadığı üçün partiya başçısından el atası, ağsaqqal, mafioz, ziyalı, dost, qardaş, bir sözlə siyasət adamından başqa hər şey düzəltməyə çalışdı. Sual oluna bilər, yanaşma doğru idimi? Əlbəttə ki, yox! Biz cəmiyyət olaraq, siyasilərimizi dost bəlləyib, səmimi insan kimi gördük. Halbuki siyasi şəxs nə dostdur, nə də səmimi insan. Siyasət adamının, partiya rəhbərinin və ya nümayəndəsinin cəmiyyətdəki mövcud problemlərlə bağlı çözümü olmalıdır və o, bu çözümü xalqa bəyan etməlidir. Çözüm ağlabatandırsa, xalq da onu seçib, problemləri aradan qaldırmaq üçün müəyyən vaxtda iqtidara gətirməlidir. Təəssüf ki, “malı”, “məli” şəkilçisi dilimizdə tük bitirib.

Hazırda ölkədə siyasi partiyalarla bağlı əsl zülmət hökm sürür. Poetik görünsə də, ifadə etməkdən çəkinməyəcəyəm, yeni siyasi təşkilat yaranıb – AY Partiya. Yəqin ki, zülmətdə yol gedərkən Ay işığı imdadınıza yetib, ya da arzulamısınız. Hesab edirəm ki, cəmiyyət olaraq, adını bəhanə edib AY Partiyanın üzərinə bu məsuliyyəti də yükləməliyik.

Beləliklə müsahibim Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlidir.

– Anar bəy, indi cəmiyyətimizdə Türkiyə və Türk Dünyası sevgisi çox yüksəkdir. Sizin partiya Türkçülüyü, Türk Dünyası məsələlərini, Türkiyə ilə Azərbaycan arasında ittifaqın yaradılması mövzusunu hər fürsətdə dilə gətirir. Bu məsələləri sui-istifadə və ya istismar etdiyinizə dair ittihamlardan çəkinmirsiniz ki?

– Bu suala “xeyr, çəkinmirik” desəm, nəsə demiş olmayacağam. Yəni, cavab əlbəttə ki, “xeyr, çəkinmirik” olacaq. Ancaq nəyə görə çəkinmirik, ona aydınlıq gətirmək lazımdır. Əgər bizim Türk Dünyası ilə əlaqələrə əhəmiyyət verməyimizin tarixi Partiyanın yaradılması tarixi ilə eyni olsaydı, o zaman bizi nəzəri cəhətdən ittiham edən tapılsaydı, haqlı olardı. Ancaq bizi bilən bilir ki, biz Türk Dünyası ilə əlaqələrə hələ çox gənc yaşlarımızdan bağlı olaraq yetişmişik. Bizim Türkiyəyə olan münasibətimiz nə bu günün, nə bu ilin, nə də bu əsrin məsələsidir. Keçən əsrdən bəri Türkiyə ilə Azərbaycanın birlikdə hərəkət etməsi və ittifaq qurması fikirləri ictimai-siyasi müstəvidə var-gəl edir. Bu mənada, bizim Türk Dünyasına və Türkiyəyə münasibətimiz yüz illik tarixə sahibdir. Biz bu mövzunu istismar obyekti kimi deyil, inkişaf, iftixar və intibah mənbəyi kimi görürük. Bizim partiyamızda elə insanlar var ki, 20 ildən artıqdır, mütəmadi olaraq Türk Dünyası ilə əlaqədar fəaliyyət göstəriblər. Belə bir komandaya sahib partiyanı əminəm ki, heç kim Türkiyə sevgisini, Türk Dünyası məsələsini istismarda günahlandırmaz. Biz istismar üçün yox, xidmət üçün meydandayıq.

– Türkiyəyə səfəriniz zamanı bir neçə dəfə Türkiyə ilə Azərbaycan arasında gömrük rüsumlarının ləğvi məsələsini gündəmə gətirdiniz. Söz olaraq qulağa xoş gəlir. Reallıqda bu, nə qədər mümkün görünür? Deyək ki, Azərbaycan buna razı olsa, eyni razılığı Türkiyədən də gözləmək mümkündürmü?

– Bir partiya rəhbərinin bu və ya digər məsələ ilə əlaqədar təklif irəli sürməsi spontan şəkildə olmur, bir fikri, təklifi dilə gətirmədən əvvəl həmin sahənin mütəxəssisləri ilə uzun-uzadı müzakirə edirik. Bu mənada, reallaşması mümkün görünməyən heç bir təklifi dilə gətirmirik.

“Gömrük rüsumları mərhələli, planlı şəkildə sıfırlanmalıdır. Məsələn, şəkər xəstələri üçün olan dərmanlara tətbiq edilən gömrük rüsumu ləğv edilə, lüks əşyalara dair rüsumlar isə nisbətən yüksəldilə bilər”

Gömrük rüsumlarının sıfırlanması deyəndə biz demirik ki, bütün rüsumlar və bir dəfəyə ləğv edilsin. Bu, mərhələli, planlı şəkildə olmalıdır. Əvvəl Türkiyənin və Azərbaycanın razılaşdırdığı məhsullar üçün olmalıdır. Daha sonra həmin siyahı genişlənməlidir. Bu şəkildə getdikcə bütün mallara və məhsullara aid etmək mümkündür. Aydın məsələdir ki, bu planla paralel olaraq bir çox maliyyə və istehsalat sahəsində də iki ölkənin standartlarına dair sinxronizasiya aparmaq lazımdır. Yalnız burada bir məsələ də çox zəruridir. Elə sahələr var ki, Azərbaycan insanı üçün orada bizim tək tərəfli də olsa, gömrük rüsumlarını ləğv etməyimiz lazımdır. Buna bariz nümunə şəkər xəstəliyi olan insanlar üçün dərmanları göstərmək olar. Azərbaycanda pulsuz verilən dərmanların keyfiyyəti yumşaq desək, ürəkaçan deyil. İnsanlar özləri də dərman almağa məcburdur. Olmazmı ki, Türkiyədə istehsal olunan bu dərmanların əsas hissəsi ölkəmizə rüsumsuz gətirilsin? Əvəzində lüks əşyalar üçün buna mütənasib olaraq rüsumlar bir az yüksəldilə bilər. Həm dövlət gömrük gəlirlərindən məhrum olmaz, həm də diabet xəstələrinin üzü gülər.

Türkiyədə də müəyyən dairələr bizim bu fikrimizlə razıdır. Artıq bu fikirləri Türkiyə Böyük Millət Məclisində dilə gətirən millət vəkilləri də var. Türkiyə cəmiyyətində də “vizaların ortadan qalxmasından sonra növbə gömrük rüsumlarındadır”, – deyənlər heç də bizdəkindən az deyil. Sadəcə, görünür orada da, burada da buna mane olan subyektiv faktorlar var. Əminəm ki, onlar da yaxında aradan götürüləcək.

– Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinə münasibət birmənalı deyil. Müxtəlif fikirlər səslənir, bunların arasında sülhməramlıların Azərbaycan ərazisində olmasının bizim üçün təhlükə mənbəyi olması fikri daha qabarıqdır. Siz nə düşünürsünüz?

– Bizim mövqeyimiz budur ki, sülhməramlılar hazırda ilkin razılaşmaları kobud surətdə pozurlar. Onların Ermənistandan xaricilərin Laçın dəhlizi ilə Qarabağa səfərlərinə imkan yaratmaları, məktəblilərə və gənclərə hərbi təlim vermələri, bir tərəfdən təsərrüfat və məişət işlərində fəaliyyətləri, rus dilinin arada bir Qarabağda ikinci dil olacağına dair fikirlərə rəvac vermələri – bu və bunun kimi, daha on, on beş fakt demək olar ki, sülhməramlılar özlərini oranın daimi sakinləri və hətta sahibləri kimi aparmağa çalışırlar. Bu isə heç cür qəbul edilə bilməz. Ona görə də biz partiya olaraq daim bu məsələni xalqın gündəliyində canlı tutmağa çalışırıq.

Bununla yanaşı, o da aydındır ki, Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz. Buna inananların ya da buna ümid edənlərin ya optimizm damarı çox qabarıqdır, ya da təhlükə hissiyyatı inkişafdan qalıb. Axırıncı dəfə Vəzirov, ondan əvvəl də Nərimanov belələrindən olmuşdular, axırı nə ilə bitdi? Təkrar etməyə gərək yoxdur.

Qarabağda indi Ermənistan problem olmaqdan çıxmaq üzrədir, problem gedərək Rusiya-Azərbaycan probleminə çevrilir. Bu, olmasın deyə, bəzi məsələləri böyüməyə qoymadan həll etmək lazımdır. Bunlardan biri Laçın dəhlizinə nəzarət işinə Türkiyənin sülhməramlılarının qoşulması olmalıdır. Bunun üçün lazımdırsa, ən yüksək səviyyədə rusiyalı sülhməramlılarının tək başına fəaliyyətinə qüvənilmədiyini demək olar.

İkinci və təcili həyata keçiriləcək məsələ ermənilərin test edilməsidir – görək Mehri yolundan bizə istifadə haqqı verəcəklərmi? Bunu 3 il sonraya yeni yolun inşasına, filan saxlamaq lazım deyil. Təcili olaraq bir maşın karvanı Naxçıvandan bərivə ikincisi də Naxçıvana tərəf keçmək üçün müraciət etməlidir. Bu müraciətə veriləcək cavabdan biləcəyik ki, Rusiya ilə Ermənistan nə qədər səmimidir. “Yox” cavabı gələrsə, Laçın dəhlizinin dərhal bağlanması məsələsi gündəliyə gələcək.

Eyni şəkildə Xankəndiyə gediş-gəliş məsələsi də gündəmə gəlməlidir. Biz və sülhməramlılar ermənilərin gediş-gəlişinə zəmanət veririksə, o zaman sülhməramlılar ilə erməni əhalisi də bizim gediş-gəlişimizə əngəl olmamalıdırlar. Bu, qarşılıqlı olmayacaqsa, o zaman heç bir razılaşmanın əhəmiyyəti qalmır.

Bir təhlükə də var, amma onun haqqında heç kim danışmır. Erməni terrorçular rusiyalı sülhməramlılara hücum edə bilərlər. Heç kim düşünməsin ki, etməzlər və onlar tamamilə rusların əlindədirlər. Sovet vaxtı olan metro partlayışları belə kifayət edir ki ermənilərin bəzən tamam başqa dövlətlər tərəfindən də idarə olunduqlarını başa düşək. Amma ola bilər ki, bu hücum Gümrüdəki bazaya olsun. Görünən odur ki, çox yaxın gələcəkdə Ermənistan-Rusiya silahlı qarşıdurması yaşanacaq. Əslində, Türkiyə ilə Azərbaycan belə bir vəziyyətdə Ermənistana hücum etməyəcəyinə və onu parçalara bölməyəcəyinə dair qarantiya versələr, Ermənistandakı qərbyönümlü qüvvələr artıq rus ordusunu oradan çıxarmağa başlayar.

– Siz Azərbaycanın Ermənistan və digər qonşularla münasibətinin perspektivini necə görürsünüz??

– Rusiyalı sülhməramlıları tezliklə evlərinə göndərmək istəyiriksə, Ermənistanla bir müddət sonra, amma mümkün qədər tez vasitəçisiz danışıqlara hazır olmalıyıq. Bilirik ki, bizim dövlət nümayəndələri buna hazırdır. Ermənistandan da hazır olan tapılsa, bu, gərək gecikdirmədən baş tutsun. Və cəmiyyətimiz də buna anlayışla yanaşmalıdır.

Qarabağ probleminin çözümündə qarabağlıların və icmamızın rolunu artırmaq lazımdır. Dövlətlərimiz razılıq verməlidir ki, uşaqlar, qadınlar, gənclər, QHT və s. formatlarında iki icmanın nümayəndələrinin tez-tez görüşləri keçirilsin. Bu görüşləri də ilk mərhələdə Gürcüstanın ermənilər ilə azərbaycanlıların yaşadıqları qəsəbə və kəndlərdə etmək olar. Həm Gürcüstan da özünü lazımsız hiss etməsin, onsuz da Mehridən açılacaq yoldan dolayı kefləri lap pozulub. Ancaq bu görüşlər nə badə rusiyalı sülhməramlılar ilə edilsin. Yoxsa Moskva bunu fürsət bilib, yenə imperial sülhyaratma missiyasını hər üç xalqın (bizim, ermənilərin və özününkünün) gözünə soxacaq. Qarabağda olan revanşist və radikal ermənilərə Rusiyanın hami çıxmasını istəmiriksə, təcili şəkildə Türkiyə ermənilərindən bizim haqlı olduğumuzu deyənləri, Ermənistanda Qarabağın bizə aid olduğunu və Qarabağ ermənilərinin bizim vətəndaşımız kimi yaşamaları gərəkdiyini deyən erməniləri, Azərbaycandan ermənilər ilə sivil dialoqu müdafiə edənlərdən ibarət böyük bir konfrans təşkil etmək lazımdır. Hazırda Qarabağ erməniləri sanki rusiyalı sülhməramlıların girovu kimidirlər. Onları Rusiyanın öhdəsinə, insafına tərk etmək olmaz və bunu dünyadakı adekvat ermənilərə demək lazımdır. Bu işdə Türkiyəli ermənilərdən bir xeyli insanı əməkdaşlığa dəvət etmək mümkün görünür.

– Bir az siyasətdən uzaq sual olacaq. Ancaq Siz də təqdir edərsiniz ki, cəmiyyətin sağlamlığı çox vacibdir. Ekologiya məsələsi bizdə çox ağırdır. Bakı demək olar ki, boğulur. Bəlkə də Bakını və sakinlərini xilas etmək üçün radikal addımlar atılmalıdır. Buna hazırsınızmı? Hər kvadrat metrin belə bahalı olduğu bir şəhərdə yaşıllaşdırma ilə əlaqədar nə etmək olar? Bəlkə paytaxtı dəyişək?

– Bakının ekoloji vəziyyəti ilə paytaxtın köçürülməsi məsələsi əslində eyni məsələlər deyil. Yəni bir-biriləri ilə orqanik bağ yoxdur. Siz paytaxtı köçürsəniz belə, ekoloji vəziyyəti düzəltmək üçün lazımi tədbirləri görməsəniz, heç bir uğur qazanmayacaqsınız. Və ya əksinə, paytaxt elə Bakı olaraq qalar, amma doğru addımlar atıb, ekoloji problemi yüksək səviyyədə həll edə bilərsiniz. Paytaxt məsələsinə öncə fikrimi bildirim ki, biz indiki mərhələdə belə bir ehtiyacın olmadığını düşünürük. Bakı hər xüsusiyyəti ilə gözəl paytaxtdır və hələ uzun illər belə qalması arzuolunandır.

“Bizim ekoloji mühiti qısa zamanda düzəltmək üçün konkret planımız var. Bu planın tərkib hissəsi sənaye və istehsalat obyektlərinin Bakının xaricinə digər 5-6 böyük şəhərə dövlət hesabına köçürülməsi də daxildir”

Lakin sizinlə razıyam ki, ekoloji vəziyyət şəhərimizdə çox ağırdır. Bunun bir neçə səbəbi var. Obyektiv səbəblərdən biri Bakı iqliminin yaşıl örtüyün çoxaldılması üçün əlverişsizliyidir. Digər tərəfdən isə şərqdən və cənubdan səhra və çöl tozunun küləklə daim Abşeron yarımadasına gəlməsidir. İllərin neft mədənləri də bu vəziyyəti ağırlaşdırıb. Amma indi əsas məsələ bunlar deyil. Subyektiv olan əsas amillər yanlış şəhərsalma, sənayeləşmə, daxili miqrasiya faktorlarıdır ki, bunların da əsas səbəbkarı ölkə idarəçiləridir. Niderland hökuməti suyun üstündə torpaq, torpağın üzərində yaşıllıq yaratdığı bir vaxtda, bizim idarəçilər əvvəl yaşıllığı məhv edib torpağı səhralaşdırırlar, sonra da həmin yarımsəhranı şoranlaşdırıb qrunt sularının altında batırırlar. Bunlara bir illiyinə Niderlandı versəniz, Abşeron qumsalından betər edərlər. Deməli, məsələ sadəcə iqlim deyil, insan məsələsidir.

Bizim ekoloji mühiti qısa zamanda düzəltmək üçün konkret planımız var. Bu planın tərkib hissəsi sənaye və istehsalat obyektlərinin Bakının xaricinə – digər 5-6 böyük şəhərə dövlət hesabına köçürülməsi də daxildir, böyük universitetlərin şəhərin kənarında şəhərcik şəklində fəaliyyətini təmin etməkdir, il ərzində milyonlarla iqlimə uyğun ağacların əkilməsini nəzərdə tuturuq. Ən əsası isə şəhərin heç bir tərəfində laqunda ilə divarların ağardılması illərlə olmayacaq. Kanalizasiya xətləri yenilənəcək və dənizə tökülməyəcək. Biz bunu etməsək, genofondumuz təhlükə altında qalacaq və sonra çox gec olacaq.

– Ölkəmizin ən qabarıq problemlərindən biri də təqaüdçülərimizin vəziyyətidir. Doğrusu, insan utanır ki, belə varlı ölkədə təqaüdlər niyə belə aşağıdır. Bir çox siyasi partiya bu məsələyə dair yetərincə kəskin fikir söyləyir və sonra bütün bu söylənilənlər elə söz olaraq da qalır. Siz də belə partiyalardan birimi olacaqsınız, yoxsa nəsə başqa çıxış yolu göstərəcəksiniz? Ümumiyyətlə, cəmiyyətin bu kəsimi və onların bəhs etdiyim problemləri ilə bağlı partiyanızın araşdırmaları varmı?

– Əvvəla, niyə insanlar utanır ki? Hökumət utansın ki, illərini bu dövlət üçün verən ahıl yaşda vətəndaşlarımıza dilənçi payı kimi təqaüd verir. İndiyə kimi heç bir cəmiyyət uşaqlarına və qocalarına olan ədalətsizliklə inkişaf edə bilməyib. Ədalətsizlik, narazılıq, cəmiyyətdə güvənsizlik yaradır. Vətəndaş öz hökumətinə güvənmirsə, deməli işlər çox pisdir. Əmin ola bilərsiniz ki, çıxış yolu var. Və bu yol əslində siyasi deyil, hüquqidir. Baxın, Azərbaycanda 1 milyondan çox təqaüdçü var. İndiyə kimi pensiyasının doğru hesablanmamasını məhkəməyə qədər aparan bir neçə misal eşitməmiş deyilsiniz. Ancaq indiyə kimi heç eşitmisinizmi ki, siyasi partiyalar bir araya gəlib, kiməsə deyil, ümumiyyətlə, pensiyaların hesablanma qaydasını məhkəməyə daşısın? Yəni, bir-iki nəfərdən danışmıram, sistemin özündən danışıram. İstənilən vicdanlı və savadlı alim sizə deyə bilər ki, bizdə pensiyaların hesablanması forması soyğunçuluqdur. Belə olan halda, minlərlə təqaüdçünün imzası ilə, partiyaların təşkilatçılığı və vəkillərin də iştirak ilə biz niyə xalq olaraq pensiyalarımızın hesablanma formasını məhkəməyə vermirik? Deməli, söz demək ayrı, iş görmək ayrı yanaşma tələb edir. Ancaq bu prosesdə gərək heç kim deməsin ki, mən siyasətə qarışmıram. Sabah biz bu məsələ üçün imza toplayanda gərək siz də, on minlərlə narazı olan da imza atasınız.

– Məmnuniyyətlə belə bir məsələyə qol qoyaram! Lakin təbii ki, Sizə bu məsələdə tək mənim imzam yetərli olmayacaq. Yetərlilikdən söz düşmüşkən, qarşınızda yüz minlərlə üzvü olan YAP var. Demək olar ki, büdcədən maliyyələşən işçilərin böyük əksəriyyəti YAP üzvüdür. Belə bir nəhəng sistemə qarşı sizin partiya ortaya nə qoya bilər? Yəni, siz dövlət qulluqçularına, müəllimlərə, həkimlərə nə vəd edirsiniz ki, onların dəstəyini seçkilərdə ala biləsiniz?

– Nəzərə alsaq ki, ən böyük işəgötürən Dövlətdir, o zaman “Dövlət qulluğu haqqında” Qanuna mütləq əl gəzdirmək lazımdır. Biz həmişə şikayət edirik ki, Azərbaycanda dövlət quruculuğunda problemlər var, məmurların özbaşınalığı mövcuddur və s. Lakin heç kim demir ki, dövlət qulluqçularının haqları və hüquqları inkişaf etmiş ölkələrdəki kimi qorunmur, bəzən isə heç yoxdur.

“Müəllimlər, həkimlər, dövlət televiziya və radio işçiləri, büdcədən maliyyələşən bir çox digər qurumun işçilərinə qulluqçusu statusu veriləcək”

Dövlət Qulluğu haqqında Qanunun təkmilləşdirilməsi əslində milli təhlükəsizlik məsələsidir. Dövlət qulluqçularının təsnifatı və kateqoriyası üzrə karyerada irəliləməsi məsələsi, onların və ailə üzvlərinin sosial müdafiəsi və qorunması sisteminin təkmilləşdirilməsi və dünya standartlarına çatdırılması, vəzifəli şəxslərin rotasiyası, hər bir dövlət qulluqçusunun təqaüdə çıxanda alacağı Təqaüdçü Mükafatının məbləği, staja görə maaşlara əlavə ödənişlərin miqdarı və məbləği, dövlət qulluqçularının azad həmkarlar ittifaqında birləşmək haqqının təmini – bütün bu məsələlər qanunvericilik səviyyəsində bir dəfəyə və kompleks şəkildə həll olunmalıdır. Qaldı ki müəllimlər, həkimlər, dövlət televiziya və radio işçiləri, büdcədən maliyyələşən bir çox digər qurumun işçiləri – onların hamısına dövlət qulluqçusu statusu veriləcək. Onların da, indi bu statusda olanların da haqları bərabər şəkildə qorunacaq. Və ən əsası isə budur ki, bütün dövlət qulluqçuları vəzifədə olduqları dövrdə siyasi partiya üzvü olmaq kimi bir məcburiyyət qarşısında qalmayacaqlar. Əslində, biz istəyirik ki, dövlət qulluqçularına siyasi partiya üzvü olmaq qanunla qadağan edilsin. Ancaq ümumən qadağalara qarşı olduğumuz üçün bu məsələdə digər siyasi partiyalar və hüquqşünaslarla ortaq bir məxrəcə gəlmək fikrindəyik.

Bir şeydən də əmin ola bilərsiniz ki, biz səhiyyə və təhsil işçilərindən seçkiləri saxtalaşdırmaq üçün istifadə etməyəcəyik. Dövlət qulluqçusu adını ən şərəfli və yüksək ünvan olaraq yaşadacağıq.

– Cəmiyyətimizin bir hissəsi koronavirusa inanmırdı. İş işdən keçəndən sonra isə bəziləri üçün artıq gec idi. İndi karantin rejiminin müsbət nəticələri haqqında Operativ Qərargah məlumat verir. Düzdür, pandemiyadan dolayı iqtisadiyyat darmadağın olub. Amma insanları da qorumaq lazımdır. Siz dəfələrlə karantin rejiminin maddələrinə qarşı fikir irəli sürmüsünüz. Bunun adı müxalifət xətrinə müxalifətçilikdi, yoxsa bilmədiyimiz bir şeymi var? 

– Biz əsla müxalifətçilik üçün müxalif fikir söyləmirik. Biz də, ailəmiz də, dost-tanışlarımız da bu cəmiyyətin içində yaşayırıq. Burada baş verən hər hadisə bizə də təsir edir. Belə də bizim bildiyimiz, amma sizin bilmədiyiniz heç nə yoxdur. Biz də, siz də hər şeyi görürük. Görməsinə görürük, amma fərqli yozuruq.

“Biz deyirdik ki, insanların qadasını alın, qayğısına qalın, demədik ki, insanların pulunu alın, cibini yarın”

Bizim şərhimiz belədir ki, əslində, cəmiyyətdəki əhval-ruhiyyəni də, iqtisadiyyatı da çökdürən pandemiyanın özü deyil, yanlış karantin tədbirləridir. İlk gündən bizim partiyamızın mövqeyi bu oldu ki, koronavirus ilə mübarizə aparmaq lazımdır, o gerçəkdir. Daha doğrusu, biz deyirdik ki, mübarizəni virusla aparın, insanlarla deyil. Bizi eşidən olmadı. Yolda maskasız gedən insana o dəqiqə cərimə yazmayın, çıxarın bir maska verin. Əgər vətəndaşlar sizi dinləmirsə, bundan dərs çıxarın – deməli, pandemiyadan əvvəlki illərdə nəyisə doğru eləməmisiniz ki, insanlar sizi dinləmir. Biz deyirdik ki, insanların qadasını alın, qayğısına qalın, demədik ki, insanların pulunu alın, cibini yarın. Praktikada əfsus ki, sonuncunu edirlər. Siz deyirsiniz ki, insanlar pandemiyaya inanmırdılar. Biz isə deyirik ki, insanlar hökumətə inanmırdılar və elə indi də inanmırlar. Gün gələcək, koronavirus bitəcək, amma inamsızlıq virusu bitəcəkmi, orası bir az şübhəlidir. Görünür, yeni hökumət qurulmayana qədər bu inamsızlıq davam edəcək. Bir məsələyə də aydınlıq gətirək ki, yoxsulluq və işsizlik pandemiya ilə başlamayıb. Ondan çox əvvəldən var idi və tüğyan edirdi. Sadəcə bu səriştəsiz karantin rejimi ilə daha da şiddətləndi.

– Təkrar Türkiyə səfərinizə dönsək, bir məsələ maraqlı oldu ki, orada həm bələdiyyə, həm də həmkarlar ittifaqı ilə görüşdünüz. Doğrusu, Azərbaycandan baxanda bu görüşün kimə və nəyə lazım olduğunu müəyyən etmək çətindir. Yoxsa, bir planınız var və bu görüşlər həmin planın tərkib hissəsidir?

– Planımız müasir, hüquqi, azad cəmiyyətin qurulmasında iştirak etməkdir. Gizli heç bir şey yoxdur. Ancaq, dediyiniz qurumlarla görüşlərimizin məqsədi təbii ki, onların təcrübəsini öyrənmək oldu. Öyrənək ki, müqayisə edə bilək, görək bizdə və onlarda fərq nədədir. Doğrusu, fərq o qədər dərindir ki, müqayisə edilməsi mümkün görünmür.

“Azərbaycan Həmkarlar İttifaqı dünyada yeganə həmkarlar ittifaqıdır ki, burjuaziyanı müdafiə edir”

Xalqın əsas qüvvəsi kimlərdir? Aqrar sektorda və istehsalatda, dövlət qurumlarında və məktəblərdə, xəstəxanalarda, xidmət sahəsində işləyən muzdlu işçilərdir. Bu insanların maaşlarını, Əmək Məcəlləsinə uyğun haqlarını kim qorumalıdır? Bütün sivil ölkələrdə bunu həmkarlar ittifaqları edir. Bizdə isə həmkarlar ittifaqı rəhbərləri kapitalizmin ən çirkin forması olan istismarı bəzən açıq, bəzən də qapalı şəkildə qorumaqla məşğuldur.

Siz heç gördünüz ya da eşitmisinizmi ki, hansısa qurum ya da işverən işçini haqsız yerə qovanda, ya da işlədib pulunu verməyəndə, həmkarlar ittifaqı həmin işçinin haqqını qorusun? Çətin ki, bir-iki hadisə xaricində belə faktları eşidəsiniz. Ona görə də, bizdə kapitalizm tək tərəfli inkişaf etməyə çalışır. O da alınmır. Heç kim unutmasın ki, istənilən formasiya ancaq cəmiyyət bütünlüklə inkişaf edirsə, güclənir və inkişaf edir. Tək tərəfli inkişaf olmur. Bu məsələ əlbəttə ki, nə həmkarlar ittifaqları boslarının, nə də biznes patronların gündəliyində durur. Bunu sadə, zəhmətkeş xalq nümayəndələri özləri düşünməlidirlər. Siyasi və ictimai liderlər isə xalq kütlələrinə bu mənada hər cür hüquqi, mənəvi və təşkilati dəstəyi göstərməlidirlər.

Bələdiyyələr isə çox vacibdir. Yerli İcra Hakimiyyəti ayrı, Yerli İcma Hakimiyyəti ayrıdır. Yerli özünüidarəçiliyin əsas mənbəyi yerli icmalar olmalıdır. Bunun üçün isə “İcmalar haqqında” Qanun qəbul edilməli və bu qanunla icmaların səlahiyyətləri geniş şəkildə müəyyənləşdirilməlidir. Səlahiyyəti olmayan icmadan nə bələdiyyə çıxa bilər, nə də mərkəzi hökumət. Bizim dövlət quruculuğumuzun təməl daşı vətəndaşdır. Öz yaşadığı kənddə, qəsəbədə demək olar ki, heç nəyi həll edə bilməyən vətəndaş respublika səviyyəsində nəyi həll edə bilər? Bu, olsa-olsa demokratiyanın imitasiyasıdır.

Həqiqi səlahiyyət yerlərdən başlayır. Yerli İcmalar öz yerlərində səlahiyyət sahibi olanda, bələdiyyələrə icra hakimiyyətlərinin bir iki səlahiyyəti xaric digər səlahiyyətləri ötürüləndə, o zaman xalq hakimiyyətindən danışmaq olar.

Nicat Abdullayev

Jurnalist

Loading...

www.yenicag.az

212
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100