!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-ABŞ münasibətlərində YENİ SƏVİYYƏ: “Bu potensialın gerçəkləşdirilməsi üçün...” – ŞƏRH

!Reklam – Yazi

“Prezident Azərbaycanın yürütdüyü siyasətə ABŞ-nin verdiyi dəstəyi hər zaman çox yüksək qiymətləndirir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü ilə əlaqədar ABŞ Prezidenti Co Baydenə göndərdiyi məktubda yer alan mühüm məqamları şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti bu gün iki ölkə arasında formalaşan münasibətlərin səviyyəsinin daha da artırılmasına yönəlik böyük perspektiv və potensial görür:

“Azərbaycan və ABŞ prezidentləri arasında hər iki ölkə üçün əlamətdar günlər ərəfəsində qarşılıqlı yazışmalar, məktublaşmalar ənənə şəklini alıb. Ancaq bu durumun sadəcə diplomatik etiket və protokol çərçivəsində olan təzahür kimi dəyərləndirilməsi düzgün olmazdı. Bu, Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu və dinamik xarakter daşıdığını isbatlayan faktdır.

Azərbaycanın dövlət müstəqilliyi günü, həmçinin Bakıda təşkil olunan mühüm beynəlxalq tədbirlər ərəfəsində ABŞ prezidentinin, dövlət katibinin, yaxud yüksək vəzifəli başqa şəxslərin məktub formasında bu hadisələrə nə qədər önəm verdiyinin, həssaslıqla yanaşdığının şahidi olmuşuq.

O cümlədən Azərbaycan Prezidenti ABŞ üçün tarixi əhəmiyyət kəsb edən günlərdə gərəkli həssasiyyət nümayiş etdirərək öz mövqeyini dövlətimiz adından yazılı, yaxud da şifahi formada Amerikanın dövlət rəsmilərinə ifadə edir.

Azərbaycan Prezidentinin dövlət müstəqilliyi günü ilə əlaqədar ABŞ Prezidentinə ünvanladığı məktub da bu nöqteyi-nəzərdən diqqəti cəlb edir. Burada xüsusilə iki məqam üzərində dayanmağa ehtiyac var. Onlardan biri – Azərbaycan-ABŞ münasibətlərinin hazırda ən əsas istiqamətlərini və şaxələrini ifadə etmək baxımından olan hissə çox əhəmiyyətlidir.

Bu hissədə Azərbaycan Prezidenti əsaslı olaraq ölkəmizin bir sıra qlobal və regional layihələrinə ABŞ-nin lazımi dəstəyi verdiyini, o məsələlərə həssaslıqla yanaşmasını yüksək dəyərləndirib. Ümumiyyətlə, Azərbaycan Prezidenti zatən hər zaman bizim ölkənin beynəlxalq enerji və nəqliyyat layihələrinə ABŞ-nin verdiyi dəstəyin çox önəmli, bəzi hallarda isə həlledici olduğunu vurğulayır.

Biz bu yanaşmanı prezident İlham Əliyevin ABŞ Prezidenti Baydenə göndərdiyi məktubda da açıq görürük. Azərbaycan Prezidenti ölkənin enerji, nəqliyyat, təhlükəsizlik, beynəlxalq inteqrasiya və cinayətkarlığa qarşı mübarizədə Amerika ilə əməkdaşlığa, eləcə də Azərbaycanın yürütdüyü siyasətə ABŞ-nin verdiyi dəstəyi çox yüksək qiymətləndirir.

Məktubdakı ikinci əsas məqam isə Azərbaycanın ABŞ ilə münasibətlərində perspektiv üçün hələ açılmalı olan çox mühüm istiqamətlərin olmasının da qeyd edilməsidir. Doğrudan da, çox müsbət haldır ki, Azərbaycan Prezidenti bu gün iki ölkə arasında formalaşan münasibətlərin səviyyəsinin daha da artırılmasına yönəlik böyük perspektiv və potensial görür, mövcud imkanların gerçəkləşdirilməsi üçün şəxsən özündən və Azərbaycandan asılı olan iradəni nümayiş etdirir. Bu çox əhəmiyyətlidir və iki ölkənin münasibətlərinin daha da intensivləşəcəyinə düşünməyə əsas verir”.

A.Zeynalov

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv