!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığının VACİB DİVİDENTİ: “Bu əlaqələr siyasi münasibətlərə də...” - ŞƏRH

!Reklam – Yazi

“Qüdrətli dövlətə çevrilməyin başlıca şərti geniş iqtisadi potensiala malik olmaqdır”.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini artıq verməkdədir. Təqribən son bir ildə – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin qorunması məsələsində əhəmiyyətinin son dərəcə artması ikitərəfli münasibətlərdə də özünü müsbət tərəfdən göstərir.

Azərbaycandan Avropaya nəql olunan təbii qazın həcminin iki dəfə arıtırılmasına dair ötən ilin yayında imzalanan saziş tərəflərin bu sferada əməkdaşlığı dərinləşdirmək niyyətinin ciddiliyini nümayiş etdirməklə yanaşı, ölkənin “köhnə dünya”nın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş qismində görüldüyünü də təsdiqlədi.

Çox əlamətdardır ki, Azərbaycan Aİ ilə yarım il əvvəl imzaladığı yeni qaz sazişinin gətirdiyi faydanı artıq görməkdədir. Məlumata görə, Azərbaycan 2022-ci ilin 11 ayı ərzində neft və qaz ixracatından 33,6 milyard dollar gəlir götürüb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfəlik artım deməkdir. Azərbaycanın ümumi ixracatında neft və təbii qazın 92,6 faiz paya malik olduğunu nəzərə aldıqda, bu əməkdaşlığın əhəmiyyəti barəsində aydın təsəvvür yaranır. Sözsüz ki, Azərbaycanın bu seqmentdə gəlirlərinin artmasında Aİ ilə enerji sahəsində əməkdaşlıq mühüm rol oynayır.

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi sahədə, xüsusilə enerji sferasında əməkdaşlığın əhəmiyyətini önə çəkən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında bildirib ki, bu əlaqələr siyasi münasibətlərin möhkəmləndirilməsi baxımından da çox önəmlidir:

“Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi iki aspektdən dövlətimiz üçün faydalıdır. Əvvəla, iqtisadi əməkdaşlıq ölkəyə əlavə valyuta axınını təmin edir. Eyni zamanda, bu əlaqələr dövlətə divident qazandırır, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması və ordumuzun qüdrətinin artırılması üçün əlavə imkanlar yaradır. Bu baxımdan Avropa İttifaqı ilə iqtisadi əlaqələr önəmlidir.

Digər tərəfdən, iqtisadi əməkdaşlığın gücləndirilməsi həm də siyasi əlaqələrin inkişafına yol açan, mövcud zəmini möhkəmləndirən mühüm vasitədir. Ümumiyyətlə iqtisadi əlaqələr dövlətlər arasında münasibətləri dərinləşdirir və yeri gələndə ölkələrin öz mövqelərini qətiyyətlə ortaya qoymaları üçün ciddi rıçağa çevrilir.

Ona görə də Avropa İttifaqı ilə, həmçinin oraya daxil olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycanın iqtisadi əməkdaşlığı həm də siyasi münasibətlərin yüksələn xətlə inkişafına təkan verən faktordur. Təbii ki qüdrətli dövlətə çevrilməyin başlıca şərti geniş iqtisadi potensiala malik olmaqdır.

Bu halda digər dövlətlər də nüfuzu artan həmin ölkə ilə hesablaşırlar. Bu nöqteyi-nəzərdən dövlət başçısının Azərbaycanın iqtisadi gücünün artırılması istiqamətində atdığı hər bir addım həm də ölkənin siyasi imkanlarının və maraqlarının artırılmasına yönəlmiş addımlar kimi qəbul edilməlidir”.

A.Zeynalov

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv