Dövlət bayrağının binaların divarlarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara üzü aşağı bərkidilməsi qaydası anlaşılmazlığa və mübahisələrə yol açıb. Belə ki, bəzi yerlərdə dövlət bayrağı dirəksiz şaquli vəziyyətdə asılarkən və ya xüsusi tutqaclara üzü aşağı bərkidilərkən bayrağın mavi zolağı solda, bəzi hallarda isə sağda qalır.
Yenicag.az-ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, bayrağın qeyd olunan formada asılması zamanı hər iki hal yanlışlığa səbəb olur.
Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.
Qaydalara görə, bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı, binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir. Bu halda ayla ulduz sağ tərəfə baxmalıdır.
Azərbaycan dövlət bayrağının binanın divarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara bərkidilməsi qaydası isə Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il 317 nömrəli qərarına əsasən müəyyənləşib. Qərarda qeyd edilir ki, Azərbaycan dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfdə yerləşməlidir. Ayla ulduz isə üzü aşağı olmalıdır.
Ancaq bu halda bayrağı yenidən üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların və ayla ulduzun yerləşməsi qaydalara uyğun gəlmir. Məsələn, bu qaydada asılmış bayraq saat əqrəbinin hərəkətinin əksi istiqamətində (sağdan sola) üfüqi vəziyyətə qaytarılsa, mavi zolaq deyil, yaşıl zolaq yuxarıda olacaq.
Yaxud uyğun şaquli vəziyyətdə asılmış bayrağı saat əqrəbinin hərəkəti istiqamətində (soldan sağa) üfüqi vəziyyətə qaytaraq. Bu zaman bayraqdakı zolaqların yerləşməsi qaydası pozulmur. Yəni mavi zolaq yuxarıda, qırmızı zolaq ortada, yaşıl zolaq aşağıda olur. Lakin bu zaman ayla ulduz sağ tərəfə deyil, sol tərəfə baxır. Yəni hər iki hal dövlət bayrağının üfüqi vəziyyətdə yerləşməsi qaydasına uyğun gəlmir.
Millət vəkili, hüquqşünas Fazil Mustafa açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarının icrasında və bayrağın şaquli vəziyyətdə asılmasında müəyyən problemin ortaya çıxması gözlə görünən məsələdir: “Azərbaycan dövlət bayrağında üç rəngli zolaq var. Bir rəngi olan bayraqlarda belə problem yaşanmır. Amma iki və daha çox rəngli zolaqların olduğu bayraqlarda bu problem ortaya çıxa bilir. Ona görə də dövlət bayrağımızın şaquli asılması ilə bağlı elə variant tapmaq lazımdır ki, problem yaradacaq və təhrif olunan görüntü meydana çıxmasın. Bu baxımdan biz dövlət bayrağının şaquli asılması ilə bağlı problemin gündəmə gətirilməsini müsbət qarşılayırıq. Məsələni normal qərar qəbulu səviyyəsinə gətirmək, dəqiqləşdirmək, cilalamaq yerinə düşərdi”.
Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mövqeyini şifahi sorğuya əsasən operativ qaydada öyrənmək mümkün olmayıb./APA/