!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan cəmiyyətinin milli maraq HƏSSASLIĞI: Dövlət mənafelərimiz necə təmin olunur? - TƏHLİL

!Reklam – Yazi

Rəfail Becanov: “Milli maraqlarımızın müdadifiəsinin müxtəlif formatlarda daha da inkişaf etdirilməsi vacib şərtdir”.

Cümşüd Nuriyev: “Əgər hansısa problemin öhdəsindən gəlmək istəyiriksə, 44 günlük Vətən müharibəsində olduğu kimi, xalq hər zaman dövlətin yanında olmalıdır”.

İctimai və dövlət maraqlarının təmin olunması, müdafiəsi və qorunması Azərbaycan dövlətçiliyinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Demokratik inkişaf yolunda çoxsaylı uğurların qazanılması və mühüm məsələ olan azadlıqların təmin edilməsi ictimai və dövlət maraqlarının müdafiəsinə töhfə verən əsas strateji gedişlərdəndir.

Ölkədə keçirilən çoxşaxəli islahatların siyasi sistemin təkmilləşməsində nə qədər əhəmiyyətli olduğu hər kəsə bəllidir. Dövlət, ictimai və milli maraqların təmin olunması bəşəri və milli dəyərləri qoruyub geniş miqyasda təbliğ edən Azərbaycan üçün əsas məsələ sayılır. Çünki bu məsələ həyati əhəmiyyət kəsb edir. Aparılan uğurlu siyasət nəticəsində istənilən cəmiyyətin əsas məqsədi olan ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir və qorunur.

Bu əhəmiyyətli mövzu barəsində Yenicag.az-a danışan politoloq Rəfail Becanov hesab edir ki, ictimai və dövlət maraqlarının müdafiəsi günmüzün prioritet məsələlərindən biridir:

“Bu məsələ daim diqqətdə saxlanılmaqla yanaşı, onun inkişaf etdirilməsi də əsas prioritet olmalıdır. Maraqlar dedikdə, hər kəs bu ifadəni bir formada başa düşür və ya təsbit edir. Çünki bu ifadənin alt mənası çox dərindir. İctimai maraqlar dedikdə, bu sıraya milli mentalitet, mədəniyyət, incəsənət, musiqi və bir çox digər sahələr aiddir. Dövlət maraqları isə bizim suverenliyimiz, ərazi bütövlüyümüz, insanlarımızın rifah halı, müstəqil siyasi kursumuz kimi əsaslı komponentlərdir.

Cəmiyyət olaraq bu məsələdə bir anlıq laqeydlik göstərdiyimizi təsəvvür edək. Bu laqeydliyin sonunda xalqın özünəməxsus dəyərləri sıradan çıxacaq, onları kimlərsə mənimsəyib öz adına yazacaq. Zaman-zaman bu kimi tendensiyalarla qarşılaşmışıq. Neçə-neçə musiqimizi, şifahi xalq ədəbiyyatımızın nümunələrini, süfrə mədəniyyətimizi belə oğurlamağa cəhdlər ediblər. Lakin xalqın müqaviməti, dövlətin bu məsələyə xüsusi diqqəti bu maraqlarımızın tapdalanmasına imkan verməyib.

Azərbaycanda ictimai maraqların müdafiəsi istiqamətində müxtəlif işlər görülür. Bu işləri müsbət dəyərləndirmək lazımdır. İstər dövlət, istərsə də cəmiyyətin özü ictimai maraqların müdafiəsinə həssas yanaşır. Dövlət maraqlarımızın müdafiəsi də bizim üçün çox vacibdir. Azərbaycanda bu mütəşəkkillik özünü dəfələrlə göstərib. 44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror əməliyyatları zamanı da bizim üçün dövlət maraqlarının müdafiəsinin birinci yerdə olduğunu və Azərbaycanda hamının bunu müqəddəs borc bildiyini bütün dünyaya göstərdik. O günlərdə də xalq-dövlət birliyi ən yüksək formada təzahür etdi.

Milli maraqlarımızın müdadifiəsinin müxtəlif formatlarda daha da inkişaf etdirilməsi vacib şərtdir. İndi elə bir dövrdür ki, silahlardan çox informasiya və təbliğat – müasir dildə desək, piar daha böyük gücə malikdir. Bu istiqamətdə fəallığımızı səngiməyə qoymamalıyıq. Xüsusilə, bizim diaspor fəaliyyətimiz gücləndirilməlidir. “Beyin mərkəzləri”nin üzərinə də böyük yük düşür. Müxtəlif araşdırmalar aparmaq və onların əsasında genişmiqyaslı kampaniyalar həyata keçirilməlidir. Biz öz maraqlarımızı dünyanın istənilən yerində, istənilən tribunasından müdafiə etməklə, bu maraqların heç bir zaman arxa plana keçməsinə imkan verə bilmərik.

Avropa Şurası son addımı ilə Azərbaycanın dövlət maraqlarının əleyhinə sərt addım atdı. Bu, AŞPA-nın Azərbaycana qarşı qərəzli və riyakar mövqeyindən irəli gəlir. Azərbaycanı ittiham edirlər ki, ölkəmizdə guya insan hüquqları pozulur, jurnalistlərə və siyasi fəallara qarşı təzyiqlər edilir, seçkilərin keçirilməsində pozuntular müşahidə olunur. Sual olunur ki, əgər elədirsə və sizin niyyətiniz səmimidirsə, bunu niyə əvvəllər etmirdiniz? İndi Fransanın təkidi ilə bu addıma gedirsiniz? Zaman-zaman dediyimiz ikili standart budur. Azərbaycan öz milli və dövlət maraqlarına uyğun addımlar atıb və ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycan beynəlxalq hüquq normalarını heç vaxt pozmayıb. Hətta döyüş şəraitində belə bu normalar qorunub.

İndi Azərbaycanın uğurlarından, öz maraqlarını müdafiə etməsindən narahat olan Fransa və onun AŞPA-dakı həmfikirləri Ermənistanı müdafiə edərək bizə qarşı haqsız mövqe tuturlar. Ədaləti yox, işğalçı və təcavüzkar Ermənistanı dəstəkləyirlər. Bizim dövlət və milli maraqlarımız tələb edir ki, suverenliyimizi, ərazi bütövlüyümüzü təmin edək və qoruyaq. Bizim dövlət maraqlarımızın əleyhinə olan bir qurumda qalmaq Azərbaycanın dövlət və ictimai maraqlarına zidd idi. Ona görə də AŞPA ilə bağlı qərar çox düzgün addımdır”.

Bəhs olunan mövzunu Yenicag.az-a dəyərləndirən politoloq Cümşüd Nuriyev isə bildirib ki, ictimaiyyət, yəni xalqla dövlət arasında münasibətlərin möhkəmliyi dövlətçiliyin var olmasında ən vacib amillərdən biridir:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, xalq və dövlət arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində də uğurlu addımlar atıb. Ancaq müəyyən boşluqlar var ki, onlar aradan qaldırılsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. Məsələn, dünya praktikasına baxsaq, piar sisteminin geniş istifadə olunduğunu müşahidə edərik. Biz dövlətlə xalq arasında münasibətlərin daha yüksək səviyyədə olmasənə istəyiriksə, piar sistemi ilə yanaşı həm də dövlətlə əlaqələr sistemini tətbiq etməliyik.

Digər tərəfdən, Azərbaycanda ictimai dövlət maraqlarının pozulmasında müəyyən qədər məmurların da rol oynadığını etiraf etməliyik. Hətta vəzifəyə gəldikdən sonra özünü xalqdan üstün tutanlarla bağlı Ulu Öndər Heydər Əliyevin sərt çıxışlarını və bu kimi hallarını qarşısının alınması ilə bağlı qəti addımlarını xatırlada bilərik. Konkret desək, bir sıra icra başçıları dövlətin verdiyi tapşırıqları icra eləmir. Düzdür, işini layiqi ilə yerinə yetirən, xalqın dərdinə dərman olan, onları çətin və dar günlərdə tək buraxmayan məmurlarımız da var. Bu isə məhz dövlət etikasının düzgün öyrədilməsindən irəli gəlir.

Xalqa dövləti sevdirmək və onlar arasında münasibətlərin yaxşı səviyyədə saxlanması üçün dövlət etikasının olması çox vacibdir. Vətəndaşının yanında dayanan, onları qoruyan, xeyir və şərində dəstəyini göstərən, dövlətinə sözün həqiqi mənasında can-başla xidmət edən məmurlarımız çoxdur. Dövlət və xalq arasında olan münasibətlər yaxşı səviyyədədir, ancaq yenə də öz həllini gözləyən müəyyən çatışmazlıqlar var. Bu zaman isə yenə də dövlət və xalq birliyinin vacib olduğu üzə çıxır. Bizlər qalib ölkənin vətəndaşlarıyıq. Hər birimiz dövlətimizin arxasında duraraq bizə hədə-qorxu gələn mərkəzllərə gücümüzü göstərdik və tarixi qələbə qazandıq. Biz bu qələbə ilə fəxr edirik.

Əgər hansısa problemin öhdəsindən gəlmək istəyiriksə, 44 günlük Vətən müharibəsində olduğu kimi, xalq hər zaman dövlətin yanında olmalıdır. Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Kimin qalib olacağı isə indidən hər kəsə bəllidir. Prezident İlham Əliyev qalib gələcək və ölkədə vəziyyət daha da yaxşılaşacaq. Ən əsası isə ictimai nəzarət güclənəcək. Azərbaycanın beynəlxalq siyasi aləmdə nüfuzu daha da artacaq. Xarici güclərin Azərbaycana qarşı hazırladıqları tərtiblər isə elə plan olaraq da qalacaq”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv